XƏBƏR LENTİ

25 Noyabr 2020
24 Noyabr 2020

Digər Xəbərlər

01 Mart 2016 - 04:37

Rusiya da “B planı”ndan danışdı:“Buna suriyalılar qərar verəcək”

 

Rusya'dan 'B Planı'na dolaylı destek

 

ABŞ və Səudiyyə Ərəbistanının daha əvvəl “B planı” kimi açıqladıqları Suriyanın bölünmə ehtimalını Rusiya da dolayısıyla təsdiqləyib.

 

Strateq.az xəbər verir ki, Rusiya xarici işlər naziri Sergey Lavrov Suriyada federal dövlət qurmaq ehtimalı üzərinə çalışa biləcəklərini deyib.

 

Onun müavini Sergey Ryabkov isə rəhbərinin bu sözlərini şərh edərkən bildirib ki, proses hələ başlamayıb, lakin müzakirələrdə belə bir qərar verilsə, buna heç kim etiraz edə bilməz: “Bu, suriyalıların verəcəyi qərardır. İstəsələr, unitar dövlət, istəsələr də federasiya qurarlar".

 

Buna baxmayaraq, Ryabkov, Suriyada Kosovo ssenarisini istisna edib.

 

Xatırladaq ki, bir müddət əvvəl ABŞ xarici işlər naziri Con Kerry Suriyada həftəsonu başlaması planlanan müvəqqəti atəşkəsin işə yaramaması və siyasi həll yolunda addım atılmayacağı təqdirdə, “B planının” işə düşəcəyini, nəticədə ölkənin bölünəcəyini söyləmişdi.

 

Səudiyyə Ərəbistanı xarici işlər naziri Adil əl-Cubeyr də Suriyada qarşıdurmaların sonlandırılması razılaşmasının icrası istiqamətində ciddi irəliləyiş görmədikləri təqdirdə, “B planı"nın tətbiqindən bəhs etmişdi.

 

Rusiya yetkililəri isə bu vaxta qədər qətiyyətlə “B planı"nı rədd edirdilər. İndisə eyni fikirlərin Moskva tərəfindən də dilə gətirilməsi beynəlxalq güc mərkəzlərinin bu məsələdə razılığa gəldiyindən xəbər verir.

 

Bəs, “B planı” işə düşərsə, nə ola bilər?

 

Bu planın detalları barədə konkret heç bir fikir söylənməsə də, ortada olan reallıqlar perspektiv barədə bəzi ipucları verir.

 

Suriya, faktiki olaraq, 3 yerə bölünmüş vəziyyətdədir. Ölkənin cənubuna Bəşər Əsəd rejimi, orta kəsiminə İŞİD, şimalına isə kürd separatçıları rəhbərlik edir. Böyük ehtimalla Suriya bölünərsə, mövcud vəziyyət nəzərə alınaraq addım atılacaq.

 

Ssenarinin bu şəkildə tətbiqindən ən çox zərərli çıxacaq ölkə isə Türkiyədir. Ankara cənub sərhədlərində bir kürd dövləti yaranarsa, prosesin, istər-istəməz, qardaş ölkəyə sıçraya biləcəyindən ehtiyatlanır.

 

Odur ki, Türkiyənin beynəlxalq güc mərkəzlərinin razılaşdığı “B planı”na laqeyd qalması mümkün görünmür.

 

Heydər Oğuz

Strateq.az




Yuxarı Əvvələ Ana Səhifə