XƏBƏR LENTİ

10 Avqust 2020
09 Avqust 2020

Digər Xəbərlər

02 May 2015 - 20:41

Heydər Əliyevin Elçibəylə bağlı məşhur MÜSAHİBƏSİ: “Heç vaxt deməmişəm ki, Qarabağ məsələsini iki günə həll etmək olar”

heyder musahibe.jpg

90-cı illərin əvvəlləri Azərbaycan siyasi tarixinin ən ağır zamanları hesab olunur. Qarabağ müharibəsinin qızğın çağında ölkə daxilində baş verən siyasi kataklizmlər dövlət idarəçiliyndə ciddi fəsadlar yaratmışdı…

Strateq.az 90-ların qaynar siyasi proseslərini yenidən gündəmə gətirməklə, o dövrün mürəkkəb siyasi ab-havasını xatırlatmaq istəyib. İndi sabit və təhlükəsiz ölkəmizdə yaşayan gənc nəsil o zamanların çətin şəraiti barədə siyasi xadimlərin müsahibələrini, yazılarını yenidən oxumaqla özü üçün nəticələr çıxara bilər.

Sizə mərhum prezident Heydər Əliyevin Azərbaycan Ali Sovetinin sədri kimi prezident səlahiyyətlərini ica edərkən Rusiyanın “Ostankino” Dövlətlərarası Televiziya Şirkətinə 1993-cü ilin iyulun 5-də verdiyi müsahibəni qısa ixtisarla təqdim edirik. Mərhum prezidentin bu müsahibəsi o dövrün siyasi mənzərəsini anlamaq üçün yaxşı imkan yaradır. H. Əliyev eks-prezident, mərhum Əbülfəz Elçibəylə olan münasibətlərindən, hakimiyyət böhranından, Sürət Hüseynovdan, Qarabağla bağlı yenicə start götürmüş beynəlxalq vasitəçilik səylərindən danışır.

“OSTANKİNO” DöVLƏTLƏRARASI TELEVİZİYA ŞİRKƏTİNƏ MüSAHİBƏ

Bakı. Iyul, 1993-cü il

– Heydər Əliyeviç, günaydın. Sizi salamlamağımıza şadıq və icazənizlə birbaşa suallara keçək, suallar isə televiziya tamaşaçılarından kifayət qədər alınmışdır. Telefon zənglərinin xeylisində əsasən bir məsələyə toxunulur: Bu gün Azərbaycandakı ictimai siyasi vəziyyəti necə qiymətləndirirsiniz və sizcə, ən yaxın zamanda nə etmək lazımdır?

– İndi Azərbaycanda ictimai-siyasi vəziyyət son dərəcə mürəkkəbdir. O,həmişə mürəkkəb olmuşdur, lakin bu il iyunun 4-dən sonra, Gəncə şəhərindəki məlum qanlı hadisələrdən sonra xüsusilə kəskinləşmişdir və o vaxtdan gərgin olaraq qalır. Baxmayaraq ki, sonralar görülmüş tədbirlər və bəzi təşkilati tədbirlər, jəni Respublika rəhbərliyindəki dəyişikliklər bu gərginliyi müəyyən dərəcədə aradan qaldırmışdır. Ən başlıcası isə, zənnimcə, Respublikamızı ciddi şəkildə hədələyən vətəndaş müharibəsinin qarşısını ala bilmişik, qarşıdurma müəyyən qədər zəifləmişdir. Bununla belə, vəziyyət hələ də mürəkkəb olaraq qalır, lakin Ermənistan silahlı qüvvələrinin son üç gündə Azərbaycan ərazisinə başladıqları hücum bu çətinlikləri artırır.

– Heydər Əliyeviç, Siz necə təsəvvür edirsiniz, vəziyyəti müəyyən dərəcədə sabitləşdirmək üçün bu gün Azərbaycanda hansı tədbirləri görmək lazımdır?

– Başlıcası budur ki, biz gərək milli barışığa, bütün siyasi qüvvələrin sıx birliyinə nail olaq. Biz gərək qarşıdurma amilini, vətəndaş müharibəsinin baş verməsi imkanını tamamilə aradan qaldıraq. Əlbəttə, Respublikanın özündə ictimai-siyasi vəziyyəti sabitləşdirmək üçün səylərimizi də birləşdirməliyik. Təbiidir ki, Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan ərazisinə müdaxilə ilə bağlı məsələləri də həll etmək gərəkdir.

– Cənab Əliyev, bir çox müşahidəçilər Sizin hakimiyyətə gəlməyinizi “konstitusiyaya zidd” hal kimi qiymətləndirmişlər. Xahiş edirik, deyəsiniz, sizcə, siyasətdə elə məqsədlər varmı ki, onların naminə qanunu pozmaq olar? Bununla bağlı ikinci sual: prezident Əbülfəz Elçibəyin taleyi necədir, bu gün onun vəziyyəti və perspektivləri necədir, o, öz istefası ilə razılaşıbmı?

– Əvvəla, deməliyəm ki, daşıdığım vəzifəyə gəlişimi konstitusiyaya zidd hesab etmirəm. İyunun 15-də parlamentin bir çox deputatlarının, habelə prezident Əbülfəz Elçibəyin özünün tövsiyələri ilə mən Azərbaycan Ali Sovetinin sədri seçilmişəm. Bu, konstitusiyaya tam uyğun olan qərardır. Bildiyiniz kimi, bundan bir neçə gün əvvəl Ali Sovetin sədri İsa Qəmbərov istefa vermişdi. Buna görə də mən Azərbaycan Ali Sovetinin sədriyəm. İkincisi, mən hakimiyyətə özüm gəlməmişəm, məni dəvət etmişlər. Məni təkidlə dilə tutmuşlar. Gəncə hadisələrindən sonra bir neçə gün ərzində Azərbaycan əhalisinin müxtəlif qruplarının, ziyalıların nümayəndələri, nüfuzlu aqsaqqallar mənə müraciət etmişlər. Azərbaycan prezidenti Əbülfəz Elçibəy də mənə təkidlə müraciət etmişdir. O, üç dəfə -ayın 7-də, 8-də, 9-da Naxçıvana xüsusi təyyarə göndərmişdi və telefon söhbətlərində israrla xahiş edirdi ki, mən Bakıya gəlim. Mən 7-də də, 8-də də imtina etdim. Nəhayət, vəziyyətin getdikcə kəskinləşdiyini duyaraq, iyunun 9-da bu dəvəti qəbul etdim və Bakıya gəldim.

Vəziyyətin gərginliyini zəiflətmək üçün burada mən Əbülfəz Elçibəylə, digər siyasi xadimlərlə birlikdə çalışırdım, iyunun 15-də, təkrar edirəm, parlamentin sədri seçildim. Burada konstitusiyaya zidd, hüquqa zidd heç nə yoxdur. İyunun 24-dən başlayaraq, prezidentin vəzifələrinin yerinə yetirilməsinin mənə həvalə edilməsinə gəldikdə isə, bunu izah etmək olar. Prezident Əbülfəz Elçibəy iyunun 17-dən 18-nə keçən gecə xəlvəti, heç kəsə, o cümlədən də mənə xəbər vermədən təyyarə ilə Bakıdan çıxıb getmişdir. Halbuki təyyarə Bakıdan uçmazdan bir saat əvvəl biz bir yerdə idik. Yalnız səhər bizə məlum oldu ki, onun təyyarəsi Naxçıvana enmişdir, buradan prezidenti Xalq Cəhbəsinin üzvləri dağ kəndi Kələkiyə aparmışlar. O, indiyədək oradadır. Mən İyunun 18-dən 24-dək Əbülfəz Elçibəylə telefonla daim danışıqlar aparmışam, Azərbaycan Elmlər Akademiyasının prezidenti başda olmaqla ziyalıların nümayəndələrinin böyük bir qrupu -akademiklər, professorlar, yazıçılar, ağsaqqallar mənim təşəbbüsümlə oraya getmişlər. Onlar prezidentlə görüşmüşlər, onu onlar da dilə tutmuşlar ki, o, Bakıya qayıtsın. Mən onu israrla dəvət edirdim. O, dəvətimizi qəbul etmədi, onunla razılaşmadı və indiyədək Kələki kəndində qalır. Prezidentin, demək olar ki, bütün vəzifələrinin Ali Sovetinin sədrinə həvalə edilməsi haqqında fərmanı da elə onun özü imzalamış, öz fərmanıyla yalnız vətəndaşlığa qəbul və qanunların imzalanması hüquqlarını özündə saxlamışdır. Qalan hər şeyi o, Azərbaycan Ali Sovetinin sədrinə həvalə etmişdir.

Eyni zamanda bu vəziyyət Azərbaycan parlamentinin iclasında dalbadal bir neçə gün müzakirə olunmuşdur, elə parlamentin üzvləri də təkidlə təklif edirdilər ki, mən bu vəzifələri öz üzərimə götürüm. Mən razılaşmırdım, yalnız Əbülfəz Elçibəyin özü belə fərman verdikdən sonra razılaşdım.

Açığını desək, respublika, demək olar, idarəedilməz olmuşdu, çünki prezident yoxdur; baş nazir yox idi – o, artıq çoxdan istefa vermişdi, tək mən qalmışdım, bir çox məsələlər isə prezidentin səlahiyyətindən istffadə edərək həll olunmalı idi. Bax, belə bir vəziyyətdə mən həmin vəzifələri öz üzərimə götürdüm. Təkrar edirəm, mən buna can atmırdım, mən bunu istəmirdim. Əgər günü bu gün Əbülfəz Elçibəy buraya qayıdarsa, o, öz prezident vəzifələrini yerinə yetirə bilər.

O ki qaldı Əbülfəz Elçibəyin taleyi barədə ikinci suala, o, Kələki kəndind
ə yaşamaqda davam edir, onu Xalq Cəbhəsindən olan bir dəstə silahlı adam qoruyur.

– Heydər Əliyeviç, xahiş edirəm, belə bir suala cavab verəsiniz. Siz həm Elçibəyin komandasına qarşı, həm də onun özünə və onun xəttinə qarşı sərt müxalifətdə olmusunuz. Elçibəy Sizi respublika Ali Sovetinin sədri olmağa dəvət edərkən nəyə ümid bəsləyirdi və Sizi bu dəvətə razılıq verməyə sövq edən nə idi?

– Siz sualı o qədər də düz qoymursunuz. Mən Əbülfəz Elçibəyə qarşı sərt müxalifətlə olmamışam, ümumiyyətlə, müxalifətdə deyildim. Mən sadəcə olaraq Naxçıvanda yaşayır, Ali Məclisin sədri vəzifələrini yerinə yetirirdim. Mənim Əbülfəz Elçibəylə nadir hallarda telefon söhbətlərim olurdu. Əlbəttə, prezident kimi, Əbülfəz Elçibəy Naxçıvan Muxtar Respublikasına da lazımınca diqqət yetirmirdi, halbuki Naxçıvan blokada ilə əlaqədar ağır vəziyyətdə idi və bu gün də ağır vəziyyətdədir. Əlbəttə, o, Ali Məclisin sədri kimi mənə lazımi diqqət yetirmirdi. Odur ki, münasibətlərimiz, əslinə qalsa, hansısa sərt qarşıdurma ilə deyil, məhz bu cür xarakterizə edilirdi.

Mənim Əbülfəz Elçibəylə ilk görüşüm bu ilin fevralında olmuşdur, bunadək onunla heç vaxt görüşməmişdim və şəxsən tanış deyidim. Mən Bakıya böyük qardaşımın vəfatı ilə əlaqədar gəlmişdim, biz prezidentlə görüşdük, olduqca çoxlu məsələ müzakirə etdik, bir çox məsələlərlə sanki bir-birimizi başa düşdük. Mən ona öz məsləhətlərimi də, arzularımı da, tövsiyələrimi də dedim. Bunlardan onun istifadə edib-etməməsi öz işidir. Bizim münasibətlərimiz bundan sonra da normal olmuşdur. Əbülfəz Elçibəy məni dəvət edərkən nəyə ümid bəsləyirdi? Sualın birinci hissəsi ilə əlaqədar, yəni guya aramızda kəskin qarşıdurma olması ilə əlaqədar onu deməliyəm ki, belə şey olmamışdır. Azərbaycanda vəziyyət son dərəcə kəskinləşdikdə, bayaq dediyim kimi, bir çox bölgələrdən və əhalinin bir çox təbəqələrinin nümayəndələri arasında səslər eşidilirdi ki, Əliyevi dəvət etmək lazımdır… Əbülfəz Elçibəy, görünür, bu fikrə gəlmişdi ki, burada, belə çətin şəraitdə mənim köməyim gərəkdir. O, telefonla mənə zəng vurduqda belə də izah etdi: “Vəziyyət mürəkkəbdir, xahiş edirəm, Bakıya gələsiniz, vəziyyəti, gəlin, birlikdə müzakirə edək və bu vəziyyətdən çıxış yolu tapaq”. Bax, onun dəvəti əslinə qalsa, məhz bununla izah edilir.

– Heydər Əliyeviç, mənim, daha doğrusu, mənim yox, bizim televiziya tamaşaçılarının Sizə belə bir sualı var. Son vaxtlar mətbuatda, xüsusən xarici mətbuatda, belə ifadə edək , kifayət qədər çoxlu fərziyyə irəli sürülmüşdür ki, Sizinlə Surət Hüseynov arasındakı qarşılıqlı münasibətlər sistemi, necə deyərlər, dostluq xarakteri, müəyyən saziş xarakteri daşıyır. Azərbaycanda baş vermiş bütün bu hadisələr barəsində Sizinlə Azərbaycanın baş naziri arasında qabaqcadan hansısa sazişin olması fikrinə necə baxırsınız?

– Mən bu məsələni aydınlaşdıra bilərəm, özü də bu vacibdir. Əvvəla, mən Surət Hüseynovu tanımırdım, heç vaxt onun hətta üzünü də görməmişdim. Yeri gəlmişkən, baxmayaraq ki, mənə indi məlum olduğu kimi, Surət Hüseynov Azərbaycanın Milli Qəhrəmanıdır, respublika baş nazirinin müavini, Azərbaycan prezidentinin Qarabağ üzrə səlahiyyətli nümayəndəsi idi. O, mən bilən, televiziya ilə, demək olar, heç vaxt çıxış etməmişdi. Mən Naxçıanda yaşayırdım və həmin dövr ərzində onu hətta televiziya ekranında bir dəfə də olsun görməmişdim. Mənim onunla heç vaxt heç bir əlaqəm olmayıb. İyunun 4-də bu hadisələr baş verdikdə mənə yenə də aydın deyildi və bilmirdim ki, orada nə olmuşdu. İyunun 9-da Bakıya gəldikdə mənə onun haqqında danışmağa başladılar. Mən onu yenə də tanımırdım. Sonra, iyunun 13-də Gəncəyə getməzdən əvvəl mən ona zəng vurdum, biz söhbət etdik. İyunun 13-də Gəncəyə gəldim və onunla ilk dəfə olaraq görüşdüm. Deməli, aramızda hansısa bir sazişin və ya hansısa dostluq münasibətlərinin olmasından söhbət belə gedə bilməz. Bütün gecə mən onunla danışıqlar apardım və iyunun 14-də Bakıya qayıtdım. Bundan sonra isə o, ta Bakıya gələnə qədər onunla telefon əlaqəsi saxladım. Aramızda heç bir saziş, heç bir dostluq əlaqəsi olmamışdır.

– Əgər olarsa, mən Sizin Hüseynovla qarşılıqlı münasibətlərinizə aid mövzunu davam etdirərdim. Surət Hüseynov müəyyən ultimativ tələblər irəli sürürdü və əslində, Bakı ilə güc mövqeyindən danışırdı. Siz onun tələbini yerinə yetirdiniz, o, baş nazir vəzifəsi aldı və qüvvə nazirlikləri üzərində kuratorluq aldı. Xahiş edirəm, deyəsiniz, Sizə elə gəlmirmi ki, bu nümunə Azərbaycanın gələcək siyasəti üçün təhlükəlidir. Hər halda güc mövqeyindən danışmaq, görünür, siyasi qarşılıqlı münasibətlərin heç də ən konstruktiv metodu deyildir, heç də ən təhlükəsiz metod deyildir?

– Bəli, əlbəttə, Surət Hüseynov müəyyən dərəcədə güc mövqeyindən çıxış edirdi. Lakin bu, onun prezident Əbülfəz Elçibəylə və onun komandası ilə qarşılıqlı münasibətləri ilə bağlı idi. Surət Hüseynov hesab edirdi ki, iyunun 4-də hərbi hissəyə qarşı və onun özünə qarşı təcavüzkar əməllər törədilmişdir və buna görə də o, həmin vaxtdan təkid edirdi və indi də təkid edir ki, prezident Elçibəy və onun bütün komandası istefa verməlidir. Yeri gəlmişkən, Azərbaycan prezidenti onun bəzi tələblərini, əslində, yerinə yetirmişdir: baş nazir istefa vermiş, parlamentin sədri istefa vermiş, üç nazir – müdafiə, daxili işlər və milli təhlükəsizlik nazirləri istefa vermişlər. Bir sözlə, Surət Hüseynovun bu tələbləri Əbülfəz Elçibəy tərəfindən yerinə yetirilmişdir. Əgər o, hesab etsəydi ki, bu tələblər hüquqa ziddir, qanuna ziddir, onda gərək bunu etməyəydi, amma etmişdir. Buna görə də iyunun 15-də, mən Azərbaycan parlamentinin sədri seçilən günü bu istefaların hamısı Əbülfəz Elçibəy tərəfindən qəbul olunmuşdu. Qaldı Surət Hüseynovun iddialarına, əlbəttə, belə iddialar var idi. Lakin baş nazir vəzifəsinə təyin edilməsi onun tələbləri və ya iddiaları ilə bağlı deyildir. Mən artıq dedim və xatırlatmaq istəyirəm ki, Surət Hüseynov hələ bir il bundan əvvəl prezident Əbülfəz Elçibəyin özü tərəfindən Azərbaycan baş nazirinin müavini təyin edilmişdi. Bir daha təkrar edirəm: o, Azərbaycan prezidentinin bütün Qarabağda səlahiyyətli nümayəndəsi təyin olunmuşdu. Belə ki, Surət Hüseynovun çoxlu vəzifəsi var idi və bütün bu vəzifələri ona Azərbaycan prezidenti Elçibəy vermişdi. O ki qaldı indi onun baş nazir olmasına, burada nə var ki, o, sadəcə olaraq daha bir pillə yuxarı qalxmışdır.

– Cavab üçün təşəkkür edirəm. İcazə versəniz, bir neçə sual oxuyardım. Onlar bu gün bizim televiziya suallarının, necə deyərlər, leytmotividir. çelyabinskdən Cəfərov Zakir: Siz Qarabağ müharibəsinə necə baxırsınız və bu müharibə nə vaxt qurtaracaq? Tambovdan keçmiş bakılı Melkumyan Boris: Bir rəhbər kimi, siz Qarabağ məsələsinin həllini nədə görürsünüz? Movsesyan, Peterburq: İki il bundan əvvəl Əliyev müsahibəsində demişdi ki, o, Qarabağ məsələsini ikicə günün içində həll edər. Soruşmaq istərdim. Siz bunu necə etmək fikrindəsiz? Qarabağ münaqişəsinin həllinin nə kimi yolları var və nə kimi variantlar ola bilər? – və Qarabağla bağlı digər suallar.

– Cavab verim. Əvvəla, mən heç vaxt deməmişəm ki, Qarabağ məsələsini ikicə günün içində həll etmək olar. Görünür, bu, nə isə səhvdir. Qarabağ məsələsi mürəkkəb məsələdir, lakin bu məsələ məhz ona görə mürəkkəbləşmişdir ki, vaxtında lazımınca həll edilməmişdir. Mən tarixə qayıtmaq istəmirəm, bu, artıq beşillik bir tarixdir. İndi məsələ son dərəcə kəskinləşmişdir, buna görə də bu qarşıdurmanı heç olmasa dayandırmaq, atəşi dayandırmaq cəhdləri baş tutmur. Sizə məlumdur ki, son aylarda silahlı erməni birləşmələri olduqca çoxlu yaşayış məntəqəsini, Azərbaycanın Kəlbəcər rayonunu bütövlüklə ələ keçirmişlər, bir çox yaşayış məntəqələri nəinki keçmiş Dağlıq Qarabağ vilayətinin ərazisindədir, həm də bu keçmiş muxtar vilayətin hüdullarından kənardadır. Güclü hücum isə davam edir. Mən srağagün xarici dövlətlərin Azərbaycandakı səfirlərini dəvət etməli və bəyanat verməli oldum, ona görə ki, iyunun 12-dən 28-dək fəal döyüş əməliyyatları gedirdi. Bu əməliyyatlar nəticəsində erməni silahlı birləşmələri Azərbaycanın bir sıra kəndlərini qəsb etmişlər, bəzi kəndlərə od vurulub yandırılmışdır, olduqca çoxlu adam qırılmışdır. Ayın 28-də həm bizim, həm Ermənistan rəhbərliyinin, həm də digər qüvvələrin səyləri ilə bir növ razılıq əldə edilmişdi ki, atəş dayandırılsın. Lakin, təəssüflər olsun, iyulun 2-də Füzuli, Cəbrayıl rayonlarına hücuma başlanmışdır. Mən iyulun 3-də bəyanat verməli oldum, dünən isə Yerevanla, Ermənistan rəhbərləri ilə də danışıqlar apardım, çox xahiş etdim ki, atəşi dayandırsınlar. Axı, məlum olduğu kimi Amerika Birləşmiş Ştatları, Rusiya və Türkiyə Qarabağ problemini bütünlüklə olmasa da, heç olmasa bəzi problemləri BMT Təhlükəsizlik Şurasının 822 nömrəli qətnaməsi əsasında müəyyən dərəcədə dincliklə həll etmək təşəbbüsünü irəli sürmüşlər. Bu məsələ ilə ATƏM də fəal məşğul olur, cənab Raffaelli başda olmaqla ATƏM-in Minsk konfransı problemin tənzimlənməsi planını müəyyənləşdirmişdi və bu planın, nəzərdə tutulmuş təqvimin həyata keçirilməsinə başlamaq lazım idi. Lakin hərbi əməliyyatlar buna imkan vermir.

Bir neçə gün bundan əvvəl cənab Raffaelli bu bölgəyə öz səfərinin proqramını Azərbaycan və Ermənistan rəhbərliyinə göndərmişdir. O, sabah 14 diplomatla Bakıya gəlməli, buradan Yerevana getməli, sonra Ağdamda, Xankəndidə olmalı və ATƏM çərçivəsində müəyyən edilmiş planın yerinə yetirilməsinə başlamalıdır. Lakin cənab Raffaelli həm bizim tərəfimizdən,həm Ermənistan Respublikası tərəfindən, həm də Dağlıq Qarabağda olan silahlı qüvvələr tərəfindən təminatlar tələb etmişdir ki, bu danışıqları aparsın və öz vəzifəsini həyata keçirsin. Biz cənab Raffaellinin yolunu səbirsizliklə gözləyirik. O, sabah Bakıya gəlməlidir. Mən dünən də, bu gün də Yerevanla, rəhbərlərlə intensiv danışıqlar aparmışam, vəziyyəti onlara izah etmişəm və atəşi dayandırmağı, hərənin öz əvvəlki mövqeyində qalmasını təklif etmişəm, hərçənd ki, son günlər Ermənistan silahlı birləşmələri Azərbaycanın yaşayış məntəqələrini ələ keçirmişlər, bu gün səhərdən isə onların Ağdam istiqamətində fəal hücumu başlanmışdır. Studiyaya gəlməzdən əvvəl mənə dedilər ki, Ağdam rayonundakı Boyəhmədli kəndi Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdur. Vəziyyət indi bax, belədir. Yaxşı, atəş dayandırılmadığı halda, ATƏM-in missiyası BMT Təhlükəsizlik Şurasının 822-ci qətnaməsinə müvafiq surətdə həyata keçirilmədiyi halda, Qarabağ problemini necə həll etmək olar?!

Hesab edirəm ki, biz bu yolla addım-addım irəliləməliyik. Birinci şərt atəşi dayandırmaq, bundan sonra qarşıdurmaya yol verməməkdir. Problemi tədricən həll etmək lazımdır. Beş il ərzində yığılıb qalmış olan bu problemi bir günün içində həll edə bilməzsən. Lakin ümid bəsləyirəm ki, həm Ermənistan Respublikasının rəhbərliyi və əlbəttə, Dağlıq Qarabağdakı silahlı birləşmələr, həm də öz üzərlərinə bu cür təşəbbüs və bununla yanaşı, mən bəyan edirəm, çox böyük məsuliyyət götürmüş olan böyük ölkələr – Amerika Birləşmiş Ştatları, Rusiya və Türkiyə bu məsələlərlə fəal məşğul olacaqlar. Biz bu problemi ümumi səylərlə həll etməliyik.

– Heydər Əliyeviç, məlum olduğu kimi, Rusiya rəhbərliyi Sizin Bakıya qayıtmağınızı alqışlamışdır. Xahiş edirəm deyəsiniz, son vaxtlar Siz Rusiya prezidenti Boris Yeltsinlə heç olmasa telefonla danışmısınızmı? Başqa bir sual. Necə bilirsiniz, Zaqafqaziyadakı vəziyyəti bu gün Rusiya siyasətçilərindən kim daha realistcəsinə qiymətləndirir?

– Rusiya prezidenti Boris Nikolayeviç Yeltsinlə mən telefonla danışmamışam. Parlamentin sədri seçilərkən Rusiya Federasiyası parlamentinin sədri Ruslan Xasbulatovdan rəsmi təbrik almışam. Başa düşürəm ki, bu rəsmi təbrikdir, bir çox ölkələrin parlamentlərinin sədrlərindən də belə təbriklər almışam. Mənim Qarabağ problemi ilə məşğul olan xüsusi tapşırıqlar üzrə səfir Vladimir Nikolayeviç Kazimirovla telefon əlaqəm olmuşdur. Dünən mən bir neçə dəfə onunla telefonla danışmışam. Mənim başqa əlaqələrim olmamışdır. Əlbəttə, belə əlaqələr olmalıdır. Lakin, zənnimcə, Rusiya Felerasiyasının rəhbərliyi bu cəhətdən Azərbaycana müvafiq maraq göstərməlidir.

Siz bilirsiniz, indi Azərbaycanın mürəkkəb problemləri ilə başım o qədər qarışmışdır ki, Rusiyanın siyasi həyatını təhlil etməyə imkanım yoxdur. Orada da vəziyyət son dərəcə mürəkkəbdir. Rusiya Federasiyasının bəzi regionlarında da silahlı münaqişələr gedir, Rusiyada ictimai-siyasi, iqtisadi vəziyyət də olduqca mürəkkəbdir. Lakin mən Rusiyanın xalq tərəfindən seçilmiş prezidenti Boris Yeltsinə böyük hörmət bəsləyirəm və hesab edirəm ki, Rusiya prezidenti Boris Yeltsin Rusiyanın bütün qüvvələrini, bütün siyasi qüvvələrini birləşdirə, Rusiya dövlətinin qarşısında duran çətinlikləri aradan qaldıra biləcəkdir.

– Heydər Əliyeviç, Siz Rusiya – Azərbaycan münasibətlərinin indiki vəziyyətindən razısınızmı, iqtisadi və siyasi baxımdan bu əlaqələrin gələcəyini necə görürsünüz?

– Azərbaycan parlamentinin sədri seçilərkən mən parlamentin iclasında çıxış etdim və bəyanat verdim. Sizin sualınızın cavabında da deyə bilərəm: mən belə hesab edirəm ki, Azərbaycan müstəqil dövlətdir və indən belə heç vaxt hər hansı başqa dövlətin tərkibinə daxil olmamalı, kiminsə vassalı, yaxud müstəmləkəsi olmamalıdır. İndi başqa zəmanədir. Mən Azərbaycanı gələcəkdə azad, müstəqil dövlət kimi görürəm. Lakin demokratikləşdirmə, siyasi plüralizm yolu ilə, bazar iqtisadiyyatı yolu ilə, bütün ölkələr – həm Qərb, həm də Şərq ölkələrinə açıq olmaq yolu ilə getməlidir… Azad, müstəqil dövlət kimi Azərbaycan, şübhəsiz, bütün ölkələrlə bərabərhüquqlu, qarşılıqlı surətlə faydalı münasibətlər saxlamalıdır. O cümlədən də, əlbəttə, qonşularla. Təbii ki, Rusiya böyük ölkədir. Azərbaycanın şimal qonşusudur. üstəlik, onu da yaddan çıxarmaq olmaz ki, Rusiya və Azərbaycanı bir-biri ilə az qala iki yüz illik tarix bağlayır. Bütün bu dövr ərzində həm mədəniyyətdə, həm elmdə, həm təhsildə, həm iqtisadiyyatda, həm də adamların şəxsi həyatında mövcud olan qarşılıqlı münasibətlər mühitini əslində elə bu əlaqələr yaratmışdır. Belə hesab edirəm ki,
Azərbaycan ilə Rusiya arasında münasibətlərin indiyədək mövcud olan səviyyəsi qənaətbəxş deyildir. Tarixi əlaqələri, qarşılıqlı iqtisadi mənafeləri, hamımızın birlikdə yaşadığı regionun mənafelərini əsas tutaraq bu səviyyəni qaldırmaq lazımdır. Mən əməli fəaliyyətimlə bu yolla gedəcəyəm.

– Heydər Əliyeviç, ənənəyə uyğun olarağ, bugünkü proqramda Sizin yekun sözü söyləməyiniz üçün bizim bir dəqiqə vaxtımız var.

– Əvvəla, mən bugünkü televiziya görüşü üçün sizə təşəkkürümü bildirirəm, ikincisi isə, bu imkandan istifadə edərək, bütün televiziya tamaşaçılarını Azərbaycanın vəziyyətini başa düşməyə çağırıram. Əlbəttə, Rusiyada, keçmiş Sovet İttifaqının digər respublikalarında, uzaq xarici ölkələrlə yaşayan bütün azərbaycanlılara, təkcə azərbaycanlılara deyil, Azərbaycanın bütün sabiq vətəndaşlarına üz tutaraq, onları qayıtmağa, bu çətin dövrdə Azərbaycanın həyatına fəal qoşulmağa çağırıram. Bir vaxtlar ali təhsil almaq üçün Azərbaycandan Rusiyaya, Ukraynaya, Belarusa, başqa respublikalara olduqca çoxlu adam göndərilmişdi, onların bir çoxu böyük alim, mütəxəssis, biznesmen olmuş və indi hər biri öz bölgəsində layiqli yer tutur. Mən istərdim ki, onlar – istər azərbaycanlılar, istərsə də Azərbaycanın sabiq və ya indiki vətəndaşları onun həyatına böyük maraq göstərsinlər. Mən hazırda Rusiya ordusunda, Ukrayna ordusunda, Belarus ordusunda xidmət edən hərbi qulluqçulara da müraciət edirəm. Bir vaxtlar biz ali hərbi məktəblərə oxumağa xeyli azərbaycanlı göndərmişdik, onların bir çoxu həmin ordularda xidmət edir. İndi onların Azərbaycana qayıtmasına lüzum, böyük tələbat var, biz gərək bu ağır vəziyyətdən birlikdə çıxaq. Mən bütün televiziya tamaşaçılarına və bu çıxışın təşkili üçün “Ostankino” şirkətinə özlərin minnətdarlığımı bildirirəm və bütün xeyirxah adamların bu ağır vaxtda Azərbaycan xalqına mənəvi kömək edəcəklərinə ümid bəsləyirəm.

Hazırladı: Xaqani SƏFƏROĞLU