XƏBƏR LENTİ

27 Oktyabr 2020

Digər Xəbərlər

01 Mart 2016 - 13:38

Rusiyaya qarşı 4-cü cəbhə:Bədəxşandan gələn təhlükə

Rus askerlerinden Tacikistan'da tatbikat

 

Tacikistanda yerləşən Rus ordu birləşmələri hərbi təlimə hazırlaşır.

 

Strateq.az xəbər verir ki,  təlimdə dağlıq bölgələrdə gizlənən terror təşkilatlarını təsirsiz hala gətirmə metodları sınanacaq.

 

Rusiya Müdafiə Nazirliyi Mərkəzi Hərbi Dairəsinin Mətbuat bürosundan verilən məlumata görə, Tacikistandakı 201-ci rus hərbi diviziyasının  keçirəcəyi manevr Lyaur poliqonunda təşkil ediləcək. Manevrə pilotsuz təyyarələr və digər zirehli texnikalar qatılacaq.

 

Təlimi bu ay Tacikistan ordusu ilə rus əsgərləri bərabər keçirəcəklər. Əfqanıstan sərhədindəki Dağlıq Bədəxşan muxtar vilayətində keçirilməsi nəzərdə tutulan müştərək manevrdə 500 hərbi texnika – təyyarə, vertolyot, tank və zirehli vasitələrlə yanaşı, iki ölkənin silahlı qüvvələrinin desantları, piyada və topçu birlik mənsublarının yer aldığı 1500 əsgərin iştirakı gözlənilir.

 

Qeyd edək ki, Rusiyanın Tacikistanın paytaxtı Düşənbə və Kulyapdaki hərbi bazasında 7 mindən çox əsgər xidmət göstərir. Kulyap hərbi bazası sözdə Əfqanıstanla sərhədinin qoruması məqsədilə Tacikistana dəstək üçün yaradılıb.

 

Tacikistan və Rusiya arasında 2012-ci ilin oktyabrında əldə olunan razılaşma uyğun olaraq, Kulyap hərbi bazası 2042-ci ilə qədər bu ölkədə fəaliyyət göstərəcək.

 

Sözsüz ki, bütün bunlar xəbərin görünən tərəfidir. Bir də xəbərin görünməyən tərəfinə nəzər salaq.

 

Məlumdur ki, bütün imperiyaların çöküşü onların ən qüdrətli çağlarına qədəm qoyduqları andan başlayır. Bunun başlıca səbəblərindən biri də doyumsuz imperialist maraqların böyütdüyü qüdrətlərin öz ucsuz-bucaqsız sərhədlərinə nəzarət imkanını itirməsiylə bağlıdır.

 

Nəzarəti yenidən bərpa etmək istəyi imperiyaları müstəqillik arzularıyla meydana çıxmış regional qüvvələrlə müharibəyə sürükləyir, nəticədə savaşların gətirdiyi itkilər ağırlaşır, bu mürəkkəb vəziyyət iqtisadi böhranları tətikləyir və dağılma prosesi yalnız əyalətlərlə məhdudlaşmır, qüdrətlərin nüvəsinə qədər yayılır. Maraqlıdır ki, hazırda Rusiya əleyhinə həyata keçirilən beynəlxalq plan da şimal qonşumuz üçün eyni və ya bənzər situasiya yaratmağa hesablanıb.

 

Bu gün faktiki olaraq Moskva, ən azı, 3 cəbhədə ağır sınaqlara hazırlaşır. Bunlardan biri cənub-qərb cəbhəsidir ki, poliqon yeri olaraq Yaxın Şərq ölkələri, daha konkret desək, Suriya seçilib. Digəri qərb cəbhəsidir ki, burada ruslar öz soydaşları sayılan ukraynalılarla hesablaşırlar. Üçüncü poliqonu isə şimal cəbhəsi adlandıra bilərik ki, bu da Baltik dənizini əhatə edir. Şimal cəbhəsində Rusiyanın Avropayla kəllə-kəlləyə gəlməsi gözlənilir.

 

Bu üçağızlı məngənəyə, deyəsən, 4-cü cəbhə də əlavə olunur. Söhbət Orta Asiyada Taliban qüvvələriylə hesablaşma ehtimalından gedir. Zənnimizcə, Rusiyanın Tacikistanda keçirməyə hazırlaşdığı hərbi manevr də gözlənilən 4-cü cəbhənin açılışına hazırlıq məqsədi daşıyır.

 

Təlimdə terrorçulara qarşı dağlıq ərazidə döyüşün sınanması bu mənada təsadüfi deyil və hərbi birləşmələrin regional təhlükəyə qarşı hazırlıq qabiliyyətini yoxlamaq üçündür.

 

Tacikistanın cənub sərhədlərindən kənara nəzər salsaq, həqiqətən də, manevrə hazırlaşan ölkələrin ortaq təhdid alqılarının əsassız olmadığını görə bilərik.

 

Belə ki, ölkənin cənubunda yerləşən Əfqanıstanda uzun zaman ərzində stabilliyi təmin edə bilməyən (bəlkə də etməyən) ABŞ öz əsgərlərini geri çəkdikdən sonra onsuz da legitimlik problemi yaşayan yerli hakimiyyət öz ağır günlərini yaşayır. Ölkə yenidən Talibanın təsir dairəsinə düşür. Hətta bəzi ekspertlər talibançıların bir neçə həftə və ya ay ərzində bütün Əfqanıstanı nəzarət altına ala biləcəklərindən ehtiyatlanırlar.

 

Əfqanistanın yenidən Talibanın əlinə keçməsindən sonra isə Rusiyanın maraq dairəsinə və hətta qısa müddət öncəyə qədər rus imperiyasının ərazilərinə daxil olan Orta Asiyada da vəziyyətin nəzarətdən çıxacağı gözlənilir. Beləcə, Rusiya dünya hegemoniyası uğrunda savaşda həm  özünün əsas dayaq nöqtələrindən birini, həm də xarici təhlükələrə qarşı bufer zonasını itirə bilər. Üstəlik, RF sərhədlərinə daha artıq yaxınlaşan İslam fundamentalizmi təhlükəsi bu ölkənin 20 faiz müsəlman əhalisini də Moskvaya qarşı aktivləşdirə bilər. Bu isə Rusiyada mərkəzdənqaçma meyllərinin artırılması, vətəndaşlar arasında dini qarşıdurmalara yol açılması, terror aktlarıyla ölkə iqtisadiyyatının,  bütövlük ideallarının sarsıdılması deməkdir. Yəni tarix boyu bütün imperiayaların çöküşdən öncə yaşadığı qaçılmaz aqibət Rusiyanı da öz cənginə ala bilər.

 

Hərbi manevr olaraq Tacikistanın, xüsusilə onun Bədəxşan vilayətinin seçilməsi də təsadüfi deyil. Məlumdur ki, Əfqanıstanı getdikcə ələ keçirən Taliban qüvvələri arasında taciklər mühüm yer tutur. Bu dini təşkilatın əksər liderləri puştun və taciklərdən təşkil olunurlar. Liderlərin milli mənsubiyyəti isə onların mənsub olduqları xalq və millətlərin könüllərinin qazanılmasında əsas rol oynayan amillərdən biridir.


Təsadüfi deyil ki, Talibanın özü belə, lider heyətində üstünlük təşkil edən taciklərin həddindən artıq çox olduğunu düşünmüş, daha geniş coğrafiyaya yayılmaq məqsədilə onlardan bəzilərini Orta Asiyanın digər millətləriylə əvəz etmək məcburiyyətində qalmışdı. Ötən il bir neçə özbək liderin idarə heyətinə gətirilməsi də bu amillə izah olunmuşdu.

 

Buna baxmayaraq, öz təbirlərincə desək, “irşad hərəkatının” Özbəkistana və Türkmənistana sıçramasında lider seçiminə başlıca şərt kimi baxan talibançıların sosial bazasında hələ də taciklərin üstünlük təşkil etməsi faktdır və bu xüsusiyyət onun Orta Asiya ölkələriylə bağlı siyasətində Tacikistanı əsas hədəflərdən biri halına gətirir.

 

Bədəxşan vilayətinin önəminə gəlincə, bu ad, yəqin ki, bir çoxlarımıza klassik ədəbiyyat nümunələrindən bəllidir. Klassik şairlərimizin əsərlərində gözəlin dodaqlarının "Bədəxşan ləli"nə bənzədildiyini bilirik. Bəli, şairlərimizin böyük heyranlıqla bəhs etdikləri ləllə zəngin bölgədir Bədəxşan. Bu vilayətdə ləllə yanaşı, yaqut və sairə qiymətli daşlar da çıxarılır. Təbii zənginliyi, istər-istəməz, Bədəxşanı bütün hegemon güclərin diqqət mərkəzində saxlamasına səbəb olur.

 

Bədəxşan həm də geostrateji əhəmiyyətə sahib yerdir. Bir hissəsi Əfqanistan, digər hissəsi – Tacikistanın ərazisində qalan vilayət Çinlə də həmsərhəddir. Bölgə Çində yaşayan müsəlman uyğur türkləri arasında islami cərəyanların yayılmasının əsas keçid nöqtəsinə çevrilib.

 

Üstəlik, 7 min metrdən hündür zirvələriylə sözügedən vilayət asan fəth edilməyəcək və bir çox terorçuların rahatlıqla sığındığı məkanlardan biri kimi də önəm daşıyır. Bədəxşan öz əlçatmaz zirvələri, böyük mağaraları ilə talibançılara rus ordusuna qarşı müqavimət göstərmək şansı verir. Necə ki, Əqanıstanın da istər ötən əsrin sonlarında rus, istərdə də bu əsrdə ABŞ işğalına qarşı müqavimətində Bədəxşanın cənub hissəsinin öz relyef quruluşuyla mühüm rol oynadığı bilinir. İndisə bütün imperialist qüvvələrin burnunu əzməyi bacaran Bədəxşanın şimalı ön plana çıxır və Rusiyanın başına bəla olmağa hazırlanır.

 

Vilayətdə yaşayan əhalinin sayı dəqiq bilinməsə də, müxtəlif ehtimallara görə, 200 və ya 300 min arasında dəyişilir. Əkinçiliyə yararsız bölgənin sakinlərinin əsas gəlir mənbələrindən biri də Rusiyadakı işgüzar fəaliyyətləridir. Təxminlərə inansaq, hazırda Rusiyada müxtəlif işlərlə çörəkpulu qazanan 50 mindən artıq bədəxşanlı yaşayır. Sözsüz ki, bu coğrafiyada vəziyyətin gərginləşməsi iş miqrantlarının da vəziyyətinə təsir göstərə və onları “kafirlərlə cihada” sürükləyə  bilər.

 

Bütün bu arqumentlər Rusiyanın 4-cü cəbhəsində də vəziyyətin ürəkaçan olmadığından xəbər verir…

 

Heydər Oğuz

Strateq.az




Yuxarı Əvvələ Ana Səhifə