XƏBƏR LENTİ

30 Oktyabr 2020

Digər Xəbərlər

01 Mart 2016 - 13:40

ABŞ-ın şist qazı kimi “yandıracaq?”:Neft-qaz bazarını yerlə yeksan edəcək yeni “rəngsiz inqilab” başlanır

 

sist esas

 

 

Amerika təbii qazının ilk dəfə supertankerlə Braziliyaya göndərilməsi Rusiyanın enerji sahəsindəki superdövlət ümidlərinə son qoyur? Amerika  şirkətləri enerji daşıyıcılarının qiymətinin qalxmasına niyə imkan vermir? Rusiyanın qaz kəmərləri kiməsə gərək olacaqmı? Rusiya nə ilə yaşayacaq?

 

ABŞ-ın analitik “Genscape” firmasının əməkdaşı Ted Maykl, Hyuston universitetinin professoru, “Forbes” jurnalının şərhçisi  Pol Qreqori və Kaliforniyadakı Huverov institutunun professoru Mixail Bernştamın Azadlıq radiosunun (ABŞ) bu yöndə suallarına cavablarını Strateq.az-ın oxucularına təqdim edirik.

 

Ted Maykl: Birləşmiş Ştatlar hazırda dünyada aparıcı neft istehsalçısına çevrilib. ABŞ cəmi bir neçə il öncə ən böyük idxalatçı idi. İxracat perspektivlərinin olduqca şirnikləndirici göründüyü indiki dövrdə idxalat azalır. Haradasa on il əvvəl gündə 5 milyon barrel neft hasil edirdik. Hazırda 10 milyondan çoxdur. Hasilatın genişlənməsi əsasən şistli neftin hesabına baş verir. Bu “yüngül” deyilən neft Avropa və Asiyadakı  istehlakçılar üçün son dərəcə cəlbedicidir. Amerkanın özündə neft emalı zavodları müxtəlif səbəblər üzündən neftin daha ağır növlərinin hazırlanması üçün nəzərdə tutulub. Ona görə də güman etmək olar ki, bu “yüngül” neftin xeyli hissəsi ixrac olunacaq, ABŞ-a xarici neftin idxalı isə azalacaq. Nəticədə dünya neft bazarında istehlakçılar ilk dəfə etibarlı, geopolitik sarsıntılara məruz qalmayan tərəfdaş əldə edəcəklər. Amerika istehsalçıları ilə münasibətlərdə qeyri-sabit bölgədə yerləşən Yaxın Şərq və yaxud enerji resurslarını siyasi alət qismində istifadə etməyə hazır olduğunu sübut etmiş Rusiya ixracatçılarına xas təşviş istisna olunur. Çox güman ki, Asiya ölkələri – bizim müttəfiqlərimiz Amerika neftini Rusiya və yaxud Səudiyyə neftindən üstün tutacaq. Həm də güman edirəm ki, gündə bir neçə milyon barrel neft ixracı üçün potensialımız var.

 

 

– Təzəcə elan olundu ki, Luizianadan Braziliyaya yollanmaq üçün  tankerə  Amerikanın sıxılmış təbii qazının yüklənməsi başlanıb. Bu, deyək ki, Avropa bazarında “Qazprom”a gerçək rəqibin meydana çıxdığını bildirirmi?

 

 

– Avropa Birliyi Rusiyadan təbii qaz tədarükünün asılılığından  qurtulmaq istəyir. Birlik Avropa bazarındakı Rusiya monopoliyasından  və Moskvanı Şərqi Avropa ölkələrinə öz qiymətlərini diktə etmək bacarığından məhrum etməyi qarşısına vəzifə qoyub. Amerika təbii qaz ixracatçılarının bu cür kontekstdə mütləq yaxşı perspektivləri var. Artıq indi ən yaxın gələcəkdə ABŞ-dan iri həcmdə sıxılmış qaz ixracat imkanları haqda söhbətlər gedir. İldə 85 milyard kubmetr sıxılmış təbii qaz istehsal etməyə imkan verəcək zavodlar qurulma mərhələsindədir. Bu istehsal yaxın üç ildə işə düşəcək. Miqyasın aydın olması üçün qeyd edim: Avropa hazırda ildə 450 milyard kubmetrə yaxın qaz istehlak edir, Rusiya isə Avropaya təqribən 150 milyard kubmetr qaz ixrac edir. Amerika federal hökuməti ABŞ-la azad ticarət sazişi olmayan ölkələrə ildə 120 milyard kubmetr qaz ixrac etməyə icazə verib, yəni bu qazı faktiki olaraq istənilən ölkə ala bilər. Həm də təbii qazın qiyməti Amerika istehlakçıları üçün də cəlbedici olsa, onda qaz hasilatı və ixracatının kəskin artacağını gözləmək mümkündür. Gözlənilir ki, Vaşinqton 2020-ci ilə doğru ixracat limitini ildə 200 milyard kubmetrədək artıracaq, bu isə artıq Avropaya Rusiya ixracatının həcmini geridə qoyur.

 

 

– Bəs istehlakçılar Amerika qazının qəbuluna hazırdırlarmı?

 

 

– Şimali-qərbi Avropa əsasən hazırdır. Orada ildə 230 milyard kubmetr qaz idxalı üçün yetərincə dəniz terminalları və anbarları var. Çətinliklər, əslində, Rusiya qazı ilə rəqabətə girməli olacaq  Şərqi və Mərkəzi Avropaya nəqldə meydana çıxır.

 

 

– Amma ehtimal ki, sıxılmış hala gətirilməli olan və dənizlə uzaq məsafəyə göndəriləcək Amerika qazının dəyəri haqda sual yaranacaq. Bu qaz rəqabət qabiliyyətli olacaqmı?

 

 

– Dünya, təbii qaz hasilatının bir növ qaz istehsalı konveyerinə çevrilməsindən ibarət yeni gerçəkliyi hələlik anlamayıb. Hazırda qaz yataqlarının axtarışına nəhəng vəsaitlər qoymağa ehtiyac yoxdur. İndi qaz hasilatını avtomobil qurmağa bənzətmək olar. Texnoloji prosesin hər il təkmilləşməsi qazın maya dəyərini azaltmağa imkan verir. Qaz qiymətinin enməsilə bərabər istehsalın da dəyəri düşür. Problem qaz tədarükü üçün qaz kəmərlərinə ödənişdə ehtiva olunub. Qazın nəqli ixracat silsiləsində ən bahalı ünsür olaraq qalır və bu sahədə hələlik texnoloji inqilab baş verməyib. Lakin istənilən halda Birləşmiş  Ştatlar şistli neft inqilabı sayəsində təbii qazın ən böyük istehsalçısına çevrilib. İndi ABŞ-da ildə 750 milyard kubmetr qaz, on il əvvəlkindən yarım dəfə çox, Rusiyadakından bir az artıq istehsal edilir. İstehsal 2020-ci ilə doğru 1 trilyon kubmetrə çata bilər. Belə ki, ixracat labüdən artacaq. Bu yeni gerçəklikdən gizlənməyə yer yoxdur.

 

– Profesor Qreqori, obrazlı şəkildə desək, Kreml Amerika neftinin nəfəsini öz kürəyində hiss edirmi?  

 

Pol Qreqori: Rus iqtisadiyyatına artıq təsir var, Rusiya büdcəsi böhranlı durumdadır. Mən hətta təəccüblənirəm ki, bunu hamı başa düşmür.

 

 

– Böhranlı durum nə deməkdir? Mənə elə gəlir ki, rus üçün böhranlı durum onun maaşının verilməməsi, mağazada qidanın olmamasıdır  – bax, onun üçün böhranlı durum budur.

 

 

– Düşünürəm ki, Rusiyada bu hadisələrin hamısı var, böhranın miqyası artır, təqaüdlərin indeksləşdirilməsi artıq yoxdur, əməkhaqqı ödənilmir, dövlət qulluğunda maaşlar yubadılır. Bu, böhranın ortası deyil, başlanğıcıdır. 

 

 

– Professor Bernştam, demək mümkündür ki, neft qiymətlərinin düşməsi Putinin yaratmağa cəhd etdiyi Rusiya iqtisadi modelini tamamilə sarsıdıb?

 

 

Mixail Bernştam: – Burada Putinlik heç nə yoxdur. Mən bu məqamda Putini müdafiə etməyə məcburam. Birincisi, 2000-ci illərdə hamı – Beynəlxalq Valyuta Fondu, Ümumdünya Bankı və hər şeydən öncə özəl pulları ilə səs verən Qərb investorları nəzərdə tuturdular ki, Rusiyada neft-qaz sənayesinin inkişafı nisbətən rəqabətli üstünlük və onun gələcəyidir. Heç kim hesablamadı və hiss etmədi ki, gözümüzün qabağında, ən azı, iki, bəlkə də, üç texnoloji inqilab baş verdi. Birincisi, neft-qaz istehsalında şistli inqilabdır. İkincisi, dünyada bütün mənzərəni dəyişdirən sıxılmış təbii qazın yaradılması və nəqlində yeni üsullardır. Üçüncü indi üzə çıxır – elektrik avtomobilləri. Bütün bunlar birlikdə götürüldükdə, inkişaf etmiş ölkələrin texnoloji və sənaye strukturunu əzəmətli şəkildə dəyişir. Ən xırda misal gətirməkdən ötrü xatırlayaq ki, 80-ci illərin əvvəlindən bu günədək həmişə yeni qaz kəmərlərinin çəkilişindən söhbət gedib. İndi rəqəmlərə və gələcəyə nəzər salsaq, görürük ki, qaz kəmərləri lazım deyil – bu, sənayenin vaxtı keçmiş sahəsidir. Urenqoy-Ujqorod qaz kəməri  ildə 55 milyard kubmetr qaz buraxır, tərifli “Şimal axını” da ildə bu qədər qaz axıdır. Lakin cəmi 50 və yaxud 70 böyük gəmi sıxılmış qaz qsimində bu qədər yük daşıyır. Bu qaz kəmərləri bahadır və lazım deyil.

 

 

– Professor, Kremlin qurulması haqda danışmaqdan bu qədər xoşu gəldiyi neft-qaz kəmərləri, sizin sözlərinizə görə, artıq heç kimə lazım da deyilsə, qəti şəkildə bildirmək olar ki, Vladimir Putinin Rusiyanı energetik fövqəldövlətə çevirmək ümidləri puça çıxıb?

 

 

– Bu, texnoloji inqilab nəticəsində mümkünsüz oldu. Ümidi Vladimir Putin yox, bütün dünya ictimaiyyəti bəsləyirdi. Bu ümidlər 2000-ci illərin əvvəlindən yox, 1973-cü il neft böhranından sonra yaranmışdı. Bax, sövet hökuməti artıq o zaman qət etdi ki, rəqabət üstünlüyü texnologiya və sənaye inkişafı üzrə həmişə Qərbə çatmaqda deyil, olduqca sadə tezisə bel bağlamaqdadır – neft və qaz ixrac etmək, ərzaq və istehlak malları idxal etmək. 90-cı illərin əvvəlində islahatlar başlayandan sonra bu modeli dəyişmək imkanı var idi. Bunu etmədilər. Nə il məşğul oldular? Sənayenin sonradan geridə qaldığı məlum olan sahələrində mülkiyyətin bölünməsi ilə məşğul oldular. Və indi 2000-ci illərdə neftin qiyməti qalxarkən qət etdilər ki, nəhayət, indi baş tutacaq. Bilirsiniz,  bu situasiya Albert Eynşteynə aid edilən məşhur ifadəni yadıma salır. Dəlilik nədir? Dəlilik bir neçə dəfə dalbadal eyni şeyi etmək və başqa nəticələr gözləməkdir. Bax, Putin yox, onlar bunu dalbadal üçüncü dəfə etdilər – 2000-ci illərdə üçüncü dəfə etdilər və indi bunun sonu çatıb.

 

 

– Professor Qreqori, energetik fövqəldövlət konsepsiyasının iflası?

 

 

Pol Qreqori: Mən professor Bernştamla razılaşmıram. Deyir ki, bu, Putinin günahı deyil, lakin Putin 15 ildir ki, Kremldədir. Prezident olarkən iqtisadiyyatın şaxələnməsini vəd etdi, lakin vədini yerinə yetirmədi. Düşünürəm ki, şaxələnmə vədini mülkiyyət hüququ olmadığından yerinə yetirmək mümkün deyildi. Rusiyada iş adamları, zavodlar, yeni biznes quran yaxşı insanlar var, lakin indi onların hansı stimulu var? Onlar bilirlər ki, əgər uğur qazansalar, Kreml onların pullarını əllərindən alacaq. Bu qorxu üzündən heç bir stimulları yoxdur. Beynəlxalq Valyuta Fondunun və s.-nin yox, Putinin günahı elə budur. İşi dəyişməyə həmişə seçim var.

 

 

– Pol Qreqori, necə hesab edirsiniz: Bunun səbəbi Putinin bəsirətsizliyidir, pis müşavirlərdir, yoxsa qazanc dalınca qaçmaqdır? Kreml niyə həmin 70-ci illərin palçığından keçir?

 

 

– Onun beyninin içinə baxa bilmirəm. Düşünürəm ki, o, enerji sahəsinin siyasi silah olduğunu başa düşüb. Onda energetik fövqəldövlət varsa, dünya səhnəsində siyasi hakimiyyəti olacaq.

 

 

– Yəni ikiqat səhv edib? Enerji üzrə fövqəldövlət mifinə inanıb?

 

 

– Bəli, düşünürəm ki, o, olduqca axmaqcasına hərəkət etdi – xüsusən də Avropanın qaz bazarında. Çünki qazdan siyasi silah kimi yararlandığından Avropa bazarını məhv elədi. Avropa bunu başa düşəndə yeni qaynaqlar aramağa, idxalata və s. başladı. Bu, Putinin aşkar səhvi idi.

 

 

– Neft və qaz gəlirləri Putinə, belə deyək, fövqəldövlət xarici siyasəti yürütməyə əsas verdisə, güman etmək olar ki, bu gəlirlərin yoxluğu onun Ukrayna və Suriya kampaniyalarında əks olunacaqmı?

 

 

Pol Qreqori: Düşünürəm ki, bunun o qədər də baha olmaması tamamilə mümkündür. Mən bir az təəccübləndim, çünki hesab edirlər ki, Ukrayna Rusiya üçün ildə bir milyarda başa gəlir – bu, dünya miqyasında böyük pul deyil. Oxudum ki, Suriyada müharibənin günü 2-5 milyon dollara oturur. Düşünürəm ki, Putinin problemi bu deyil, Putinin problemi təqaüdlərin ödənməməsi, büdcə resurslarının azalmağıdır. Bu, Putinə Ukrayna və Suriyada hərbi əməliyyatlardan baha başa gəlir. Mən belə düşünürəm, lakin bu məsələdə ekspert deyiləm.

 

 

– Professor Bernştam, neft ixracatına ümidlər məhv oldu, Kreml nə etməlidir?

 

 

Mixail Bernştam: Təbii resursların qiymətinin düşdüyü bir şəraitdə hökumət çox çətin vəziyyətdə qalır. O zaman ya dünya bazarında kredit, borc almaq lazımdır, ya da əhalini hansısa üsulla həyat tərzinin pislşməsi ilə barışmağa məcbur etmək lazımdır. Böhranlı sual belədir: əhali bunu nə dərəcədə itaətkarlıqla qəbul edəcək? 2013-2014-cü illərdə büdcə gəlirlərinin 51%-i neft və qazdan gəlirdi. Deməli, o, 2015-ci ildə artıq 44%-ədək düşüb, hazırda gözlənilir ki, 2016-cı ildə 35%-ə qədər düşəcək, büdcə bundan zyan çəkəcək. Deməli, əhalinin indiki həyat tərzini nə büdcə, nə də idxal vasitəsilə saxlamaq riyazi baxımdan mümkündür.

 

 

– Pol Qreqori, Amerikanın dünya neft və qaz bazarlarına çıxışı Rusiyanın enerji üzərində inkişaf modelinin üstündən xətt çəkirmi?

 

 

Pol QreqoriGələcəkdən xəbər vermək çətindir, gözlənilməz hadisələr həmişə var. Ola bilsin, Səudiyyə Ərəbistanında hansısa böhran olacaq, bəlkə də, qəfil nəsə baş verəcək. Professor Bernştamın dediyi kimi, Rusiyada həyat neft gəliri olmadan daha pis olacaq. Bəlkə də, Putin qatlaşacaq, lakin Rusiya əhalisinin həyat səviyyəsi düşəcək. Artıq, yəqin ki, 15% düşüb. Hansısa müsbət impulsun olacağını görmürəm, çünki Rusiyanı sənayenin və yaxud xidmətlərin inkişaf perspektivində  görmək mümkün deyil.

 

 

– Professor Qreqori, başa düşdüyüm qədərincə, neft möcüzəsinin davamına inam sonda ölür. Kremldən hələ də təkəm-seyrək proqnozlar eşidilir ki, neft qymətləri, az qala, yüz dollara qayıdacaq. Bunun baş verməyəcəyi haqda proqnoz veməyə risk edərsinizmi?

 

 

–  Qoy professor Bernştam cavab versin.

 

 

Mixail Bernştam: Gəlin, az-az etdiyimiz bir işi görək. Gələcəklə bağlı proqnoz veməyə risk edəcəyəm. Sizə iki kritik rəqəm verirəm – 36 və 80. Hər barrelə 36 dollar – Birləşmş Ştatlarda ənənəvi və şistli neftin orta qiymətidir. Şistli neftin hər barrelinin istehsalı 23 dollardan 50 dollaradək tərəddüd edir, orta qiymət 36 dollardır. Bu durumda dünya bazarında neftin qiyməti bu və ya digər səbəbdən – istər Yaxın Şərq böhranı, istər Çində iqtisadi artım olsun, istənilən səbəbdən bir qədər qalxırsa, bu cür vəziyyətdə yeni şistli neft quyularının işə düşməsinə, ya istehsalın təzələnməsinə, ya da yeni istehsala başlanmasına cəmi 80 gün gedir.

 

 

– Demək istəyirsiniz ki, bazarda durumun əlverişli şəkildə dəyişilməsi halında Birləşmiş Ştatlarda 80 gündə yeni istehsala başlamağa qadir olan şirkətlər var?

 

 

-Tamamilə doğrudur. Onlar var, bu quyular fəaliyyətdədir. Yəni neft 36 dollardan yuxarı qalxsa, 80 gündən artıq müddətə yuxarı qalxa bilməz. Çünki bu zaman artıq yeni istehsal dərhal qüvvəyə minir. Bütün bu quyular bağlıdır, onlar açılır, qiymət düşür, onlar bağlanır. Neftin dünyada taraz qiyməti indi Birləşmiş Ştatlarda şistli neft quyusunda istehsal qiymətinin texnoloji şərtləri kimi olacaq.

 

 

– Başqa sözlə, amerikalıların ümumdünya neft bazarına çıxışı Rusiyanın energetik fövqəldövlətə çevrilməklə bağlı hər cür ümidini öldürür?

 

 

– Şistli inqilab artıq Rusiyanın ümidlərinə, Səudiyyə Ərəbistanının dünyadakı roluna, Yaxın Şərq böhranlarının dünya iqtisadiyyatındakı böhranlara təsirinə son qoyub. Dünya iqtisadiyyatında baş verən şoklara bənzər heç nə – 1973 və 1979-cu illədə Qərbdə baş vermiş geriləmələr – artıq buna oxşar heç nə olmayacaq. Çünki şistli neft və qazın Birləşmiş Ştatlarda və başqa ölkələdəki ehtiyatı qeyri-məhduddur. Deməli, yalnız bu kifayətdir ki, indki durumda qiymətlərin qalxmamasından ötrü istehsal dərhal artırılsın. Texnoloji tərəqqi inkişaf edəcəyindən maya dəyəri düşəcək, neft və qaz ucuz olacaq. 80 gün ona gedir ki, artıq mövcud olan və yaxud artıq yeni quyulardakı hasilat artırılsın və orta hesabla 80 gün də ona gedəcək ki, tanker neftlə və yaxud sıxlmış qazla Birləşmiş Ştatlardan dünyanın istənilən nöqtəsinə – Yaponiyaya, Avropaya çatsın. Əvvəllər dünyanı özündən asılı qoya bilən bütün ölkələr bu durumda dünya rolunu itirir. Onlar geriliyə ümid bağladı, sənayenin perspektivsiz sahələrinə bel bağladı.

 

 

– Pol Qreqori, professor Bernştam bizə doğru perspektivi təsvir edirsə, demək mükündür ki, Rusiya əbədi olaraq neft qarğışının qurbanı oldu?

 

 

Pol Qreqori: Bəli. Profesor Bernştamın dediklərinin hamısı ilə razıyam.

 

 

– Professor Bernştamın dedikləri çox kədərli səslənir. Bu mənada Rusiyanın perspektivləri hansıdır?

 

 

– Demək çətindir. Ola bilsin yeni rejimin gəlişi perspektivlər, mülkiyyətə hansısa hüquqlar, oliqarxiyaya, korrupsiyaya son qoyan hansısa iqtisadi islahatlar verər.

 

 

– Amerika qazı Avropanı və dünyanı Rusiya asılılığından xilas edəcək?

 

 

– Demək çətindir. Şistli qaz tamamilə yeni hadisədir. Müqayisəli qiymətlərin necə olacağını bilmirik. İki ildən sonra cavab verməyə hazıram, amma indi cavab verə bilmərəm.

 

 

– Mixail Bernştam, prezident Putini və Kremli başa salmaq üçün “Amerika qazı və neftinin ixracatı ən yaxşı üsuldur” deyənlərin proqnozu  gerçəkləşir?

 

 

Mixail Bernştamİnkişaf etmiş sənaye ölkələri və inkişaf etməkdə olan kasıb ölkələr daha istehsalçı ölkələrdən və enerji daşıyıcıları  ixracatçılarından asılı deyil. Bax, ən başlıcası budur. Əvvəllər satıcı bazarı var idi, onlar öz qiymətlərini və siyasi şərtlərini diktə edə bilirdilər. Rusiya, Səudiyyə Ərəbistanı, İran nəsə tələb edə bilərdi – bütün bunlar bitdi, artıq indi bazar alıcınındır. Birləşmiş Ştatlar və Avstraliya lap yaxın illərdə bazara əlavə 150 milyard kubmetr sıxılmış qaz çıxardacaq.  Bu, Rusiyanın bütün ixracat həcminə yaxındır. Bu, ona səbəb olacaq ki, heç bir qaz kəməri çəkməyə, Almanaiya və Rusiyanın şərikli müəssisələrinə uzunmüddətli kapital yatırımları lazım gəlməyəcək, ikinci “Şimal axını” lazım olmayacaq. Amerikanın tankerləri olacaq. Ən ciddi və  incə yer isə bu tankerlərin qıtlığıdır. Sıxılmış Amerika qazını Yaponiyaya, Çinə, Koreyaya, Avropaya daşıyacaq əlavə bu cür yüz gəmi inşa etmək gərəkdir. Və vəssalam… Hətta bu gün Rusiyanı bu adam yox, Teraza ana və yaxud Serafim Sarovski idarə etsəydi də, bütün bunların heç bir önəmi olmayacqdı. Amerika qazı sırf iqtisadi səbəblər üzündən bazarı fəth edəcək.

 

 

Yuri Jiqalkin

Azadlıq radiosu (ABŞ), 29.02.2016

 

Tərcümə Strateq.az-ındır