XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

23 Aprel 2019 - 21:08

PARLAMENT MÜXALİFƏTİ İNDİDƏN ZELENSKİNİN YOLUNU KƏSMƏYƏ ÇALIŞIR –Komediyaçı dövlət başçısının səlahiyyətləri məhdudlaşdırıla bilər

Mattias Uilyams, Pavel Polityuk

“Reuters”, 23.04.2019

 

Vladimir Zelenski Ukraynanın yeni prezidenti seçilər-seçilməz müxalifət lideri onun səlahiyyətlərini ləğv etməyi və impiçmentini asanlaşdırmağı planlaşdırır.

Parlamentdə ikinci ən böyük müxalifət partiyası olan “Samopomiç”in rəhbəri Andriy Sadovıy səsvermə günündən iki gün əvvəl prezidentlik üsul-idarəsini zəiflətmək üçün parlamentə qanun layihəsi təqdim edib.

41 yaşlı komediyaçı Zelenski heç bir idarəçilik və ya parlament siyasi təcrübəsinə sahib deyil.

Zelenskinin gələn ay vəzifəsini icrasına başlayacağı gözlənilir. Rada olaraq tanınan parlamentlə işləmək qabiliyyəti onun seçicilərinin gözləntiləri və xarici yardımların axanını təmin etmək üçün islahatların aparılmasında mühüm amil olacaq.

“Samopomiç” və digər partiyalardan olan millət vəkillərinin fikrincə, prezidentin yetərindən artıq səlahiyyətləri var.

“Samopomiç”dən olan millət vəkili və parlamentin sədr müavini Oksana Sıroyid “Reuters” agentliyinə bildirib ki, “digər siyasi oyunçular kimi, prezident də məsuliyyət daşıyır və o, qanundan ali ola bilməz”.

Zelenskinin səlahiyyətlərinə dövlət təhlükəsizlik xidmətinin başçısı, silahlıqüvvələrin başçısı, baş prokuror, Mərkəzi Bankın rəhbəri, xarici işlər və müdafiə nazirlərinin təyin edilməsi daxildir.

Lakin parlament hər bir təyinatı təsdiqləməlidir və Zelenski prezident seçkisində rəqibini aşkar şəkildə üstələsə də, oktyabr ayında keçiriləcək parlament seçkilərində onun partiyasının ən çox səs qazanması ehtimalı azdır.

Deməli, o, seçki vədlərinin həyata keçirilməsi üçün ən azı bir partiya ilə müttəfiq olmalıdır. Zelenski hələlik hansı partiyalarla işləməyə hazır olduğunu açıqlamayıb.

Poroşenkonun fraksiyasından olan millət vəkili Vladimir Ariyev “Reuters”-ə bildirib ki, millət vəkilləri Zelenskinin təşəbbüsü ilə siyasi qisas prinsipi ilə cinayət təqibinə məruz qalma barədə layihəni çətin ki, təsdiqləsinlər.

Zelenskinin, həmçinin, vəzifəli şəxslərin qeyri-qanuni zənginləşməsi əleyhinə qanun layihəsinin qəbul etdirmək (Ukraynanın ən əhəmiyyətli xarici dəstəkçisi olan Beynəlxalq Valyuta Fondunun istəyi ilə) millət vəkillərinə ehtiyacı var.

“Tellimer”-dəki sabit gəlir araşdırmaları bölməsinin rəhbəri Stüart Kalverhaus bildirib ki, millət vəkilləri bu layihəni oktyabr ayından sonra dəstəkləyə bilər. Bu, 3,9 milyard dollarlıq yardım proqramı çərçivəsində BVF-nin tranş ödəmələrinin gecikməsi ilə nəticələnəcək. Növbəti tranş may ayında olmalıdır.

Zelenski ilə investorlar daha çox rahatlıq tapır və bəzi böyük islahatlara düşmən olan başqa bir prezidentliyə namizədin – Yuliya Timoşenkonun yarışdan çıxması da bunun bir səbəbidir.

“Samopomiç”in təmsilçisi Sıroyid bildirib ki, onun partiyası, hökumətlə birlikdə enerji tariflərini təyin edən Enerji və Kommunal Xidmətlərin Tənzimlənməsi üzrə Milli Komissiyasının (NEURC) sədrini təyin etmək hüququ da daxil olmaqla, prezidentin bir sıra səlahiyyətlərini ləğv etmək istəyir.

“Tariflərin prezidentlə nə əlaqəsi var? Bu gün nədənsə prezident NEURC sədrini təyin edir”.

Zelenskiyə qarşı seçkilərdə yarışan digər bir müxalifət lideri – Timoşenko da əvvəllər prezidentin səlahiyyətlərini məhdudlaşdırmağa çağırıb.

Timoşenkonun partiyasının millət vəkili Oleksiy Ryabçin “Reuters”-ə bildirib ki, “prezidentin nə edə biləcəyini və nə edə bilməcəyini daha dəqiq müəyyənləşdirilməlidir”.

Hökumətə Poroşenkonun təyin etdiyi baş nazir Vladimir Qroysman rəhbərlik edir. Onun oktyabr seçkilərinə qədər hakimiyyətdə qalması gözlənilir. Zelenski parlamentdə kifayət qədər mandat alsa, yeni hökumət quracaq.

Yəni o, seçkilərə qədər əhəmiyyətli dəyişiklik etməyə çalışacaq.

“Economist Intelligence Unit”-in analitiki Aqnese Ortolani deyib: “Oktyabr parlament seçkisinə qədər Zelenskinin komandası qanunvericilik orqanında müxtəlif fraksiyaların dəstəyini təmin etməlidir. Bu, çətin ola bilər, çünki siyasi elitanın bir hissəsi Zelenskinin prezidentliyini iflic etməyə cəhd göstərəcək”.

Zelenski populyarlığının zirvəsində, yəni indi parlament seçkilərini keçirə bilər. Ancaq bunu yalnız parlamentin xeyir-duası ilə edə bilməsi mümkündür.

Onun kampaniya məsləhətçisi Dmitro Razumkov “Reuters”-ə bildirib ki, “parlament prezidentin təşəbbüslərini dəstəkləməsə, bunun nə üçün baş verdiyini Ukrayna seçicilərinə açıqlamaq çətin olacaq. Bu, millət vəkillərindən asılıdır. Ümid edirəm ki, onlara siyasi sağqalma instinktləri hakim olacaq”.

Tərcümə: Strateq.az