XƏBƏR LENTİ

02 Dekabr 2020
01 Dekabr 2020

Digər Xəbərlər

25 Aprel 2019 - 20:33

GÖRÜŞ XATİRİNƏ GÖRÜŞ VƏ YA TRAMPA GÖZDAĞI?- Kim Çen İnlə Putin ilk dəfə təkbətək müzakirə apardı: KXDR lideri Rusiyaya niyə gəlib?

Şimali Koreya (KXDR) lideri Kim Çen İn ilk dəfədir Rusiyaya səfərə gəlib və bu gün rusiyalı həmkarı Vladimir Putinlə görüşüb. Vladivostokda qapalı şəraitdə keçən görüş iki saatdan artıq davam edib. Bu, Putinlə Kim Çen İnin ilk təkbətək görüşü idi. İki lider arasında danışıqlar nəzərdə tutulduğundan uzun çəksə də, görüşdə nə birgə bəyanat qəbul olundu, nə də hər hansı sənəd imzalandı.

Kim Çeni maraqlı həmsöhbət adlandıran Putin onunla gündəlikdə duran bütün məsələləri – həm Moskva-Pxenyan münasibətlərini, həm sanksiyaları, həm ABŞ-la münasibətləri, həm də Koreya yarımadasının nüvəsizləşdirilməsini müzakirə etdiklərini deyib: “Kim Çen İn ilk növbədə öz milli maraqlarının müdafiəsinə və təhlükəsizliyinin təminatına köklənib. Əgər ABŞ tərəfindən konstruktiv dialoqa istək olarsa, hesab edirəm ki, bu, danışıqlarsız mümkün olmayacaq”.

Görüş zamanı Rusiyada işləyən Şimali Koreya vətəndaşlarının məsələsinə də toxunulub. Rusiya Xarici İşlər Nazirliyinin məlumatına görə, bu ölkədə Şimali Koreyadan olan 8 minə yaxın əməkçi miqrant işləyir. Onlar maaşlarının böyük hissəsini ölkələrinə göndərirlər.

BMT Təhlükəsizlik Şurasının KXDR-ə qarşı sanksiyaların sərtləşməsini nəzərdə tutan 2017-ci il tarixli qətnaməsinə müvafiq olaraq Şimali Koreyadan olan əməkçi miqrantlar 2019-cu ilin sonunda ölkələrinə geri göndərilməlidir. Kim Çen İn isə onların Rusiyada daha çox qalmasını istəyir.

Ekspertlərin fikrincə, mümkündür ki, Putin və Kim Çen görüş zamanı bu məsələ ilə bağlı razılığa gəlib. Sadəcə bu cür razılaşmalar heç də həmişə ictimailəşmir.

“Rusiyaya gəlib Vladmir Putinlə görüşməklə Kim Çen İn nümayiş etdirməyə çalışdı ki, onun Trampdan başqa da danışa biləcəyi adamlar var”, – deyə iki liderin görüşünü BBC-yə şərh edən Sueldəki Kunmin Universitetinin professoru Andrey Lankov bildirib.

“Bir tərəfdə Şimali Koreyaya təsir üçün heç bir iqtisadi aləti olmayan və bu ölkəyə hərbi təzyiq göstərməyə çalışan Birləşmiş Ştatlar var. O biri tərəfdə isə KXDR-lə heç də pis münasibətlərdə olmayan Rusiya. Rusiyanın bu məsələdə müəyyən söz haqqı var. Amma Moskvanın Pxenyan üzərində təsiri o qədər də böyük deyil”, – Lankov deyir.

2017-ci ildə ABŞ prezidenti Donald Tramp “Twitter” hesabında Kim Çen İni “gombul və balaca”, həmçinin “dəli” adlandırmışdı. BMT-nin tribunasından isə onu açıq şəkildə hədələmişdi. Tramp Baş Assambleyada çıxışı zamanı bildirmişdi ki, KXDR ABŞ və onun müttəfiqlərinə təhdid törətməkdə davam edəcəyi təqdirdə, bu ölkəni tamamilə məhv edəcəklər.

Lakin ABŞ prezidenti sonradan ritorikasını dəyişdi və iki dəfə Kim Çenlə bir araya gəldi. Birinci görüş 2018-ci il iyulun 12-də Sinqapurda baş tutdu. Həmin vaxt onu tarixi görüş adlandırmışdılar. Bunun səbəbi görüşün sadəcə olaraq baş tutması idi.

Tramp və Kim Çen həmin görüşün nəticələrinə əsasən birgə bəyanat imzalamışdılar. Pxenyan Koreya yarımadasının tam nüvəsizləşdirilməsinə hazır olduğunu bildirmiş, Birləşmiş Ştatlar isə bunun əvəzində Şimali Koreyaya təhlükəsizlik zəmanəti vəd etmişdi.

Vyetnamın paytaxtı Hanoyda bu ilin fevralında baş tutan ikinci görüşdə isə Tramp Kim Çen İni öz dostu adlandırmış və Şimali Koreyanın tezliklə inkişaf edəcəyinə ümidvar olduğunu bildirmişdi.

Lakin liderlər iki gün (27-28 fevral) davam edən Hanoy sammiti çərçivəsində razılığa gələ bilməmişdilər. Halbuki Ağ Ev ikilinin bu görüşünün sonunda saziş imzalanacağını bəyan etmişdi. Sazişin imzalanması sammitin proqramında da nəzərdə tutulmuşdu.

Hanoy sammiti ilə bağlı ən böyük gözlənti Koreya yarımadasının nüvəsizləşdirilməsi – Şimali Koreyanın nüvə silahından imtinası istiqamətində irəliləyişə nail olmaq idi. Buna baxmayaraq, Tramp və Kim Çen arasında danışıqlar gözlənildiyindən tez başa çatmış, liderlər işgüzar nahara belə, qatılmamışdılar.

Tramp sazişin imzalanmamasına belə izah vermişdi ki, Şimali Koreya məhdudiyyətlərin tamamən və dərhal aradan qalxmasını istəyir ki, Birləşmiş Ştatlar da buna gedə bilməz.

Trampın sözlərinə görə, Kim Çen İn Şimali Koreyaya qarşı bütün iqtisadi sanksiyaların ləğv ediləcəyi təqdirdə Yonbendəki nüvə elmi-tədqiqat mərkəzini qapada biləcəklərini deyib. ABŞ üçün isə bu şərt qəbuledilməzdir.

ABŞ dövlət katibi Mayk Pompeo isə əlavə etmişdi ki, Şimali Koreya təkcə Yonbendə yox, digər obyektlərdə də nüvə silahının istehsalı ilə məşğul olur. Sammitdəki danışıqlarda isə onların qapadılması ilə bağlı razılığa gəlmək mümkün olmayıb.

Şimali Koreyanın xarici işlər naziri Ri En Xo isə bildirmişdi ki, Hanoy danışıqlarında sanksiyaların tamamən yox, qismən ləğvini istəyiblər.

KXDR rəsmilərinin fikrincə, sanksiyaların qismən ləğvinə razılaşmamaqla Birləşmiş Ştatlar Yonbendəki bütün nüvə obyektlərinin məhv edilməsi şansını əldən verib: “ABŞ tərəfinin bu təklifi qəbul etməməsi nadir imkanı itirməkdir. Çünki belə təklif tarix boyu olmayıb”.

Kim Çen İn dünya liderləri ilə nadir hallarda görüşür və bu görüşlər adətən ictimailəşmir.

“Əgər siz Şimali Koreya liderlərinin başqa ölkələrə, məsələn, Çinə səfərlərinin tarixçələrinə nəzərə yetirsəz, görərsiz ki, bu zaman nəinki hər hansı sənədlər imzalanmır, hətta səfərin özü barədə məlumat sonradan üzə çıxır”, – Avropa və Beynəlxalq Araşdırmalar Mərkəzinin böyük elmi işçisi Vasili Kaşin bildirir.

Kaşinin sözlərinə görə, vacib olan iki lider (Putin və Kim Çen) arasında bu vaxta qədər olmayan şəxsi əlaqənin qurulması faktıdır.

Son dəfə Rusiya liderləri 2011-ci ildə görüşüblər. Həmin görüşdə Rusiyanın o vaxtkı prezidenti Dmitri Medvedev KXDR-in o vaxtkı lideri Uim Çen İrlə bir araya gəlmişdi.

Tərcümə Strateq.az-ındır




Yuxarı Əvvələ Ana Səhifə