XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

29 Aprel 2019 - 11:48

Türkiyə İransız neft tələbatını niyə ödəyə bilmir? –ANKARA ALTERNATİV MƏNBƏLƏR AXTARIŞINDA ÇƏTİNLİK ÇƏKİR

Fehim Taştekin

“Əl-Monitor”, 28.04.2019

 

Vaşinqtonun İranın neft idxalına qarşı sanksiyaların ləğv edilməyəcəyinə dair sərt qərarından sonra, idxalın son zamanlarda sıfıra enməsini nəzərə alaraq, Türkiyə, deyəsən, sanksiyalar rejiminə əməl edir. Bununla yanaşı, vəziyyətin yüngülləşdirilməsi üçün yeni bir problem yaranıb: alternativ neft satıcılarını tapmaq.

İran əleyhinə sanksiyalar, ABŞ-ın Suriyadakı kürdləri dəstəkləməsi və Türkiyənin Rusiyadan “S-400” hava müdafiə sistemini satın alma öhdəliyi ilə bərabər, ABŞ-Türkiyə əlaqələrini pozan uzun problemlər siyahısına əlavə olunub.

Donald Tramp administrasiyasının neft idxal etmə üçün, Türkiyə də daxil olmaqla, 8 ölkəyə verdiyi möhlət sona çatır. Ankaranın möhlətin uzadılmasına dair müzakirə səyləri uğursuz olub. Dövlət katibi Mayk Pompeo İran ixracının sıfıra endiriləcəyini və artıq heç kimə möhlət verilməyəcəyini açıqlayıb.

Türkiyənin ilk təpkisi qərara etiraz etmək idi. “Sanksiyalar əsassızdır və biz onlara əməl etməyəcəyik. Biz belə güc tədbirlərinə qarşıyıq”, – deyə aprelin 22-də xarici işlər naziri Mevlüt Çavuşoğlu bildirib.

Ağ Ev Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri ilə İrana tətbiq edilən embarqonun gətirib çıxardığı tədarük çətinliyini aradan qaldırmağa çalışdığını açıqlayıb. Ancaq bu hərəkət Türkiyəni maraqlandırmayıb. Çavuşoğlunun sözlərinə görə, “İranın əvəzinə başqa ölkələrdən neft almağa məcbur etmə – həddi aşmaqdır”.

Türk diplomatın səs ahəngi Türkiyənin müxtəlif mexanizmlər vasitəsilə sanksiyalardan yan keçəcəyi təəssüratı yaradıb, lakin gözləntilər doğrulmayıb.

2015-ci ildə sanksiyalar nüvə razılaşmasının (“Joint Joint Plan” – JCPOA) imzalanması ilə ləğv edildikdə, Türkiyə İrandan neftdən idxalını artırıb. ABŞ sanksiyalarını yenidən tətbiq etdikdə, Türkiyə idxalı azaldıb.

Rəsmi rəqəmlərə görə, 2015-ci ildə İranın Türkiyənin neft idxalında payı 14,10% olub. 2016-cı ildə bu nisbət 16.9%-ə yüksəlib. 2016-ci ilin dekabr ayında İran Türkiyənin 1 nömrəli neft tədarükçüsünə çevrilib – 26,74%. 2017-ci ilin iyul ayında bu göstərici 37.26%-ə çatıb.

Lakin 8 may 2018-ci ildən, ABŞ JCPOA-dan çıxdıqdan sonra idxal yavaş-yavaş azalıb. 2018-ci ilin ilk 10 ayında İranın neft idxalı – 21.48% olub, 2018-ci ilin noyabrında, Amerika sanksiyaları tətbiq edildikdən sonra tədricən sıfıra enib.

İran prezidenti Həsən Ruhani 2018-ci ilin dekabrında Ankaraya səfəri zamanı Türkiyəyə təşəkkür edərək deyib: “Qonşumuz Türkiyə Amerika sanksiyalarına qarşı yaxşı və möhkəm mövqe sərgiləyib”.

Təbii ki, Türkiyənin İran neftinin idxalını dayandırması sanksiyalara ritorik olaraq qarşı çıxdığını deyir. 2018-ci ilin dekabr ayında idxal 3.26% olub, 2019-cu ilin yanvarında isə 12.35%-ə yüksəlib. Fevral və mart ayları üçün rəsmi rəqəmlər açıqlanmayıb. Lakin ötən ilin mayından etibarən idxal meylləri Türkiyənin sanksiyaya qarşı müqavimət göstərmədiyini göstərir.

Türkiyənin İrandan neft idxalını azaltmaqla yanaşı, alternativ satıcılar tapması da problemlidir. İraq və Rusiya ilk iki alternativdir.

Ankaranın sanksiyalar və mənbələri şaxələndirmə ilə bağlı iki əsas müşkülü var.

Birincisi, Türkiyənin ən böyük neft emalı zavodu olan “Tupras” üçün ən uyğun neft – İran neftidir. Digər mənbələrdən olan neft əlavə emal və xərclər deməkdir.

İkincisi, coğrafi yaxınlığa görə, İran neftinin nəqli daha ucuzdur.

2018-ci ildə İraq və Rusiya Türkiyənin təchizatçıları arasında ən yaxşı iki yeri tutub. 2018-ci ilin noyabr ayında İranın idxalı sıfıra endirildikdə, Türkiyənin neft idxalında Rusiyanın payı 32,18%, İraqınkı isə 12,61% təşkil edib.

İraq xam nefti və dizel yanacağının təchizatı Rusiya idxalından daha yüksək olub. 2019-cu ilin yanvarında Rusiya ikinci yeri tutduqda, xam neft, dizel və digər neft məhsulları ilə təchizat 15% təşkil edib. İraq isə 23.52%-lə yalnız xam neft tədarükündə birinci idi. Bütün bunlar Kürdüstan Regional Hökuməti ilə ticarət münasibətləri və Kürdüstanda müstəqillik referendumu arasında mübahisələrə görə dolaşıqlıq doğurub. Lakin İraq-Kürdüstan hökuməti ilə Türkiyə arasındakı münasibətlər yaxşılaşmayb. Diyarbəkir və Ərbil arasında uçuşlar martın 21-də bərpa ediləndən sonra isə münasibətlərdə ilk müsbət addımlar atılıb.

Türkiyə neft mənbəyi problemini həll edə bilsə belə, bu, sanksiyalar rejimi dövründə əlavə xərclər deməkdir.

Rusiyadan neft tədarükü dəniz tankerləri ilə edildiyindən, xərclər artır. Bundan başqa, İtaliya və Yunanıstan İrandan alqı-satqını dayandırdıqdan və Rusiya neftinə keçdikdən bəri, Türk boğazları vasitəsilə tanker trafiki xeyli vaxt gözləmə və əlavə xərc tələb edir.

Bakı-Tiflis-Ceyhan boru kəməri vasitəsilə nəql olunan Azərbaycan nefti Türkiyədə istehlak edilmir, o, digər ölkələrə, əsasən, İsrailə çatdırılır.

Enerji məsələlərində ixtisaslaşan “Gazete Duvar”ın iqtisadiyyat yazarı Muhdan Sağlamın sözlərinə görə, İraq nefti həlli təmin etmir. “Tupras” ağır yağların təmizlənməsi üçün nəzərdə tutulub, – deyə Saglam “əl-Monitor”a bildirib. – İran və Şimali İraq neftləri əlverişlidir. Bəsrə nefti yox. Lakin İraq nefti daha ucuzdur, çünki boru kəməri vasitəsilə nəql edilir. Rusiyanın Ural bölgəsinin nefti də uyğun gəlir. Buna görə də, İrandan idxal sıfıra düşdükdə, Rusiya ilk sıraya qalxan təchizatçı olub. Ancaq Rusiya Türkiyənin emal obyektlərindən çox uzaqdadır və bu, xərcləri artırır”.

O əlavə edib: “Türkiyə Səudiyyə Ərəbistanı və BƏƏ-dən neft alır, lakin bu, alternativ ola bilməz. “Tupras”ın bu ölkələrdən alınan neftlə özünü məhdudlaşdırması qeyri-mümkündür. Misirdə siyasi atmosfer qeyri-sabitdir və onun istehsalı azdır. Ancaq Hindistanda hər cür neft emal oluna bilər, ötən ilin noyabr-dekabr aylarında Türkiyə oradan xeyli dizel yanacağı alıb. İdxal artırıla bilər. Lakin bu, “Tupras”ın fəaliyyətini azaltmasını, xərclərin daha da artacağını göstərir. İran neft kimi ucuz mənbə yoxdur. İmtiyazların aradan qaldırılması Türkiyədə iqtisadi böhranın artması deməkdir. Odur ki, hökumət narahatdır”.

İrandan başqa bir mənbəyə keçərsə, Türkiyə üçün əlavə xərcləri rəqəmlərlə ifadə etmək çətindir. “Brent” neftində 10 dollarlıq artım Türkiyənin cari kəsirini 3,5 milyard dollara çatdıracaq.

Bir sözlə, hökumət türk ictimaiyyətinin qarşısında özünü sanksiyalara əməl etməyən, Amerika təzyiqinə tabe olmayacaq başıdik imicini qoruyub saxlamağa çalışır.

İqtisadi mülahizələrə əlavə olaraq, Türkiyənin qeyri-müəyyən mövqeyi, sanksiya kampaniyası arxasında İsrailin iştirakı, Səudiyyə Ərəbistanı və BƏƏ-nin alternativ neft qaynaqları olması da məsələyə təsir göstərə bilər.

Türkiyə bir müddətdir ki, Səudiyyə Ərəbistanı və BƏƏ ilə Soyuq müharibə içindədir. O, Astana prosesində İranla tərəfdaşlıq edir.

Qısası, sanksiyaların iqtisadi göstəriciləri və sərt siyasi dil üst-üstə düşmür.

Tərcümə: Strateq.az