XƏBƏR LENTİ

22 Oktyabr 2020
21 Oktyabr 2020

Digər Xəbərlər

30 Aprel 2019 - 21:35

BUŞA QALİB GƏLƏN, SAVAŞA “YOX” DEYƏN, XƏRÇƏNGDƏN ƏZİYYƏT ÇƏKƏN İMPERATOR…- Yaponların lideri 30 illik hakimiyyətdən sonra taxtını təhvil verdi

Yaponiya imperatoru Akihito bu gün taxtını tərk edərək hakimiyyəti böyük oğluna – 59 yaşlı varis şahzadə Naruhitoya təhvil verib. 30 ildir taxtda olan 85 yaşlı Akihito imperatorluqdan könüllü şəkildə imtina edib ki, bu da Yaponiya tarixində bir ilkdir.

İmperator Akihito 1933-cü ilin 23 dekabrında anadan olub. 2600 illik tarixi olan imperatorluqda sayca 125-ci rəhbərdir. Akihito 2 yaşından etibarən ata-anasından kənarda tərbiyə alıb. 1959-cu ildə çoxəsrlik ənənəni pozaraq sevib-seçdiyi Mitiko Syoda adlı xanımla ailə qurub.

Mitiko nəhəng un dəyirmanı şirkətinin prezidentinin böyük qızı idi. İmperator ailəsinin üzvlərinə isə aristokratiyaya daxil olmayan ailələrin övladları ilə ailə qurmağa icazə verilmirdi.

Akihito gələcək xanımı ilə tennis kortunda tanış olmuşdu. Cütlüyün üç övladı, dörd nəvəsi var.

Atası Xirohitonun ölümündən sonra – 1989-cu ilin 7 yanvarında Akihito taxta çıxıb. Ölkədə onun taxta çıxması münasibətilə təşkil olunan rəsmi tədbirlər iki ilə yaxın davam edib.

İmperator Xirohito İkinci dünya savaşından sonra – Yaponiyanın kapitulyasiyası çərçivəsində imperator ailəsinin ilahlaşdırılması (ilahi mənşəyi) ənənəsindən imtina etdiklərini elan edib.

Lakin imperator əvvəlki kimi sintoizmin – Yaponiyanın dövlət dininin rəhbəridir. Yaponiya konstitusiyasına görə, imperator millətin rəmzi hesab olunur. Yaponların bir hissəsi hələ də imperatora ilah kimi yanaşır.

Fəaliyyəti dövründə imperator Akihito çoxsaylı ölkələrdə olub və özündən əvvəlki rəhbərlərdən daha çox dünya lideri ilə görüşüb.

1998-ci ildə Britaniya kraliçası Yelizaveta ilə də bir araya gəlib. ABŞ-ın keçmiş prezidenti Corc Buşla (ata Buş) iki dəfə tennis oynayan Akihito hər iki oyunda qalib olub.

2003-cü ildə imperatorda prostat vəzinin xərçəngi aşkarlanıb. 2012-ci ildə isə imperator ürək əməliyyatı keçirib.

Taxtdan getmək istəyini ilk dəfə 2016-cı ildə dilə gətirəndə imperator bildirmişdi ki, millətin simvolu kimi, öhdəliklərini yerinə yetirməkdə çətinlik çəkir və bundan olduqca narahatdır.

Akihito sadə insanların arasında olmağı sevirdi. Ölkə daxilində çox səyahət edən imperator sadə yaponlarla üz-üzə qeyri-rəsmi söhbətlər aparırdı.

Bir dəfə məktəbli bir qız imperatorun şəklini çəkərək “Twitter”də paylaşmışdı. Onun bu hərəkəti cəmiyyətdə böyük müzakirə və mübahisələrə səbəb olmuşdu. Yaşlı nəsil bunu imperatora qarşı hörmətsizlik kimi qiymətləndirmiş, gənclər isə bunun normal hal olduğunu bildirmişdilər.

İmperator və xanımı əhalinin təbii fəlakətlərdən əziyyət çəkən hissəsinə hər zaman yaxından dəstək göstərib.

2011-ci ildəki dağıdıcı zəlzələ və sunamidən (minlərlə insan ölmüş və itkin düşmüşdü) sonra Akihito televiziyadan xalqa müraciət edərək “Bütün qəlbimlə inanıram ki, insanlar əl-ələ verərək bir-birlərinin dərdinə yanacaq və bu çətin günləri birlikdə aşacaqlar”, – deyə bildirmişdi.

İkinci dünya savaşından sonra Akihito Yaponiyanı sülh və zorakılıqdan imtina yolu ilə aparıb.

“Geriyə boylananda savaşla bağlı böyük peşmançılıq keçirir və dua edirəm ki, bu faciə bir daha təkrarlanmasın. Bu savaşda həyatını itirənlərə özümün və xalqımın adından başsağlığı verirəm”, – deyə imperator çıxışlarının birində bildirib.

İmperator Akihito həm də ixtiologiya və dəniz biologiyası ilə yaxından maraqlanır. Bu mövzu ilə bağlı bir neçə məqalənin müəllifidir.

Tərcümə Strateq.az-ındır




Yuxarı Əvvələ Ana Səhifə