XƏBƏR LENTİ

24 Noyabr 2020

Digər Xəbərlər

02 May 2019 - 19:53

ERMƏNİSTANDA PAŞİNYAN-SARUKYAN QARŞIDURMASI: oliqarxın həbsinə zəmin hazırlanır – Təhlil

Mariam Qriqoryan

ru.1-in.am (Ermənistan), 02.05.2019

 

“Vətəndaş qərarı” partiyası icra qurumunun katibi Suren Saakyan ER MM-nin sədri Ararat Mirzoyana deputat, Çiçəklənən Ermənistan Partiyası (ÇEP) fraksiyasının başçısı Qagik Sarukyanın səlahiyyətinin dayandırılması məsələsi üzrə Konstitusiya Məhkəməsinə müraciət etmək xahişi ilə ərizə göndərib.

Suren Saakyan habelə ER MM-nin deputatı Qagik Sarukyan haqqında ER Konstitusiyası 98-ci maddəsinin II hissəsinə əsaslanmaqla – ER Konstitusiyasının 95-ci maddəsi pozulduğu halda deputat səlahiyyətinin dayandırılması – cinayət işi qaldırmaq xahişi ilə ER baş prokuroru Artur Davtyana müraciət edib.

Suren Saakyan öz tələbini Qagik Sarukyanın son müsahibədə səsləndirdiyi açıqlamalarla əsaslandırır. Söhbət qanunsuz sahibkarlıq fəaliyyətindən gedir. Saakyanın sözlərinə görə, bu, təsdiq olunacağı halda, göstərilən deputatın səlahiyyətləri dayandırılmalıdır.

“Vətəndaş qərarı” partiyasının bəyanatında deyilir: “Ermənistanda biznes dövlət idarəçiliyi sistemindən ayrılmalıdır, vəssalam”.

“Mənim addımım” fraksiyasının başçısı Lilit Makunts bildirib ki, MM sədri Ararat Mirzoyan bu haqda bəyanatla çıxış edəcək.

Politoloq Levon Şirinyan biznes və siyasəti bir-birindən ayırmağa razılaşsa da, bununla belə, hesab edir ki, proses müəyyən təhlükələri birləşdirə bilər. O, 1-in.am-la söhbətdə deyib: “Siz bilirsiniz ki, “Çiçəklənən Ermənistan” bir şəxsə və onun nüfuzuna söykənən partiyalardan biridir, indi belə bir tələb irəli sürülsə və Qagik Sarukyan mandatdan imtina etsə, partiya necə olacaq? İkinci önəmli durum bundan ibarətdir ki, inqilabsonrası ölkələrdə istənilən xırda məsələ çaxnaşma və qarışıqlıq törədə bilər. Bu vəziyyət, doğrudan da, qarışdırıcı ola bilər”.

Həmsöhbətimiz vurğulayıb ki, siyasi çoxluq və belə tələbi təıdqim etmiş güc arasında dialoq gərəkdir. “Nəticələrin nəyə gətirəcəyini söyləməyə çətinlik çəkirəm, hətta parlament böhranı meydana çıxa bilər, deməli, tələsik addımlar əvəzinə düşünmək, incələmək gərəkdir. Bu, təkcə hüquq məsələsi deyil, həm də ölkənin sabitliyi məsələsidir. İnqilabdan sonra inkişafa can atan dövlətə sabitlik lazımdır, təsəvvür edirsiniz ki, bu halda hansı durum yarana bilər? 1 Mart işinin araşdırılmasına paralel belə gərgin durum yaratmağın lazım olub-olmadığını deməyə çətinlik çəkirəm”.

Şirinyanın sözlərinə görə, problem təzəlikcə meydana çıxmayıb və seçkilərədək qaldırılmalıydı: “Koçaryan xarici dəstəyi olan kriminal kapitalın saxlanmasında maraqlıdır. Görünür, parlamentdən qıraq gücün irəli sürdüyü tələb daha yaxşıdır, amma təsəvvür edirsiniz ki, bundan yararlananlar nə qədər olacaq? Düşünürəm, hansısa bir anda sakitcə ayaq saxlamaq, nəfəs dərmək və yalnız sonra irəliləmək gərəkdir. Mən qarışıqlığı son dərəcə təhlükəli sayıram”.

Polittexnoloq Karen Koçaryan 1-in.am-la söhbətdə qeyd edib ki, irəli sürülən tələb hər bir siyasi gücün və ya şəxsiyyətin qərarıdır: “Necə hərəkət etməyin lazım gəldiyini kəsdirəcək uyğun qurumlar var. Biznes və siyasətin ayrılmasına gəlincə, fikrimcə, kürəsəl planda bunun həlli verilib”.

Koçaryan davam edib: “Böyük hesabla, bu gün siyasətdə son 20 ildə görməyə alışdığımız biznesmenlər yoxdur. Qagik Sarukyana gəlincə, onun müstəqil deputat olduğu düzgün deyil. Qagik Sarukyan böyük partiyanın lideridir və fərq çox böyükdür. ÇEP parlamentdə artıq on ildən çox ikinci gücdür, indi bu adama “mandatını yerə qoy” demək elə də asan proses deyil. Faktlar varsa, başqa məsələ, məndə fakt yoxdur”.

Həmsöhbətimiz hesab etmir ki, tələb müsbət həll əldə edər, amma o, müsbət çıxacağı halda siyasi meydanda müsbət durum yaranmayacaq: “Düşünmürəm ki, konkret faktlar var, deyilir, təki deyilsin. Bununla belə, hansısa faktlar olacaqsa, siyasi meydanda çətinliklər olacaq, çünki, təkrar edirəm,  “Çiçəklənən Ermənistan” təsadüfi partiya deyil, Qagik Sarukyan isə bu gücün lideridir”.

Tərcümə Strateq.az-ındır.