XƏBƏR LENTİ

25 Yanvar 2021
24 Yanvar 2021

Digər Xəbərlər

03 May 2019 - 20:22

TRAMP 15 İYULDA TÜRKİYƏYƏ GƏLƏRSƏ… –Ankara-Vaşinqton münasibətlərində "arxa qapı" açıq saxlanır - TƏHLİL

Bülənt Aydəmir,

“Habertürk”ün Ankara təmsilçisi, 03 may 2019-cu il

 

Yazıya başlıqdakı şərti cümlə ilə başlamaq istədim. Bu aralar Türkiyə iqtisadiyyatı ilə birlikdə ən çox müzakirə edilən mövzu Türkiyə-ABŞ münasibətlərinin gələcəyi, o cümlədən S-400F-35-lə bağlı işlərin dalana girməsi, sanksiyalar məsələsi və təbii, bu mövzuların daxili siyasətə və iqtisadiyyata təsirləridir.

ABŞ-ın Suriya üzrə xüsusi təmsilçici Ceyms Cefri Ankaraya gəldi, önəmli məsələlər müzakirə edildi. Ötən həftə Prezident Ərdoğan Trampla telefonla danışmışdı. Ondan öncə də Maliyyə naziri Berat Albayrak Ağ Evdə Tramp və Kuşnerlə görüşmüşdü. Bu görüşdən verilən fotoşəkili görmüşdünüz.

Sadəcə bu qədərmi? Xeyr. ABŞ-la Türkiyə arasında, keçmişdə olduğu kimi, “arxa qapı” diplomatiyası da işləyir. Bəzi şəxslər, qərarvericilərin də razılığını alaraq və onlara məlumat verərək, ABŞ-la münasibətlərdə yaşanan problemlərin həlli üçün addımlar atır, təmaslarda olurlar. Bu, yaxşı bir şeydir. Kimsə heç bir şey etməzsə, problemlər daha da dərinləşər və qorxuram ki, onların həlli üçün çox gec qalınmış olar. Bu sözü çox eşidirəm: “ABŞ, bir müttəfiq kimi Türkiyəni buraxmaq istəmir. Türkiyənin iradəsi də bu yöndədir. Öncəliyimiz Avropa və Amerikadır”.

Lakin əlaqələrin mövcud durumu heç də “cəhrayı eynək”dən göründüyü kimi deyil.

Yandırıcı S-400 məsələsi

Hazırda Türkiyə-ABŞ münasibətlərində CAATSA (“ABŞ-ın düşmənlərilə sanksiyalarla mübarizəetmə qanunu”) sanksiyaları, S-400 və F-35-lər, Suriya məsələsi, ABŞ konsulluğu işçilərinin həbsdə saxlanılması, İrana tətbiq edilən sanksiyalarla bağlı Türkiyəyə edilən güzəştin ləğv edilməsi kimi çətin problemlər mövcuddur.

Onu da xatırlatmaq lazımdır ki, İrana qarşı tətbiq ediləcək sanksiyalar təbii qaz ticarətini də əhatə edir. Yəni, illik 10 milyard m3 təbii qaz idxalatımız da təhlükədədir.

Hakan Atilla, Halkbank işi və FETÖ mövzusunu da artıq hər kəs əzbərlədi.

İndi bu siyahıya Şərqi Aralıq dənizində artan gərginliyi və stressi əlavə etmək də yalnış olmaz.

Bir də Trampın kürəkəni və baş məsləhətçisi Kuşnerin “100 ilin sülh planı” olaraq açıqladığı İsrail-Fələstin barışığına yönəlik hazırlıqlar var. ABŞ bunu iyun-iyul aylarında təqdim edəcək.

Qurumlardan verilən reaksiyalar yüksəlir

ABŞ-da Pentaqon, XİN, Ağ Ev, Konqres də daxil olmaqla, kiminlə təmas qurulursa qurulsun, Türkiyəyə yönəlik ciddi reaksiyalar gəlir. Türkiyə iqtisadiyyatında işlərin mənfi yöndə getdiyinə yönəlik bir qənaət hakimdir. Bunun üçün ABŞ-ın əlavə bir təhdidinə ehtiyac olmadığını söyləyirlər. BVF-in kredit şərtlərinin də o qədər asan olmadığını vurğulayırlar.

Bütün bu mənfi fikirlərə rəğmən, Türkiyə ilə yaxşı münasibətlərin saxlanmasına yönəlik bir iradə var. Ancaq bunu şərtli bir seçim yolu açma cəhdi olaraq görə bilərik. Görüşlər zamanı iki tərəf də “Münasibətlərimiz nə qədər yaxşı idi, bu hala necə gəldik?” mahnısını söyləyir, lakin kimsə münasibətlərin bu nöqtəyə gəlməsinin məsuliyyətini öz üzərinə götürmür, ya da səbəbini bilmir. Bir həqiqət var: kimlərsə nə isə etməlidir.

Sanksiyalar qaçınılmazdır

Ankara hər bir fürsətdə ABŞ-ın keçmişdə tətbiq etdiyi silah embarqolarının Türkiyəni məcburi olaraq bu nöqtəyə gətirdiyini vurğulayır. Suriyadan qaynaqlanan terror təhdidi ilə bağlı olaraq Türkiyənin S-400-ə məcburən yönəldiyini ifadə edir. “Bizim sıxıntımızı dinləmədiniz, anlamadınız” şikayətinə ABŞ-dan “Xətalarımız var, ancaq sizin də çox xətanız var” cavabı gəlir.

Hazırda ABŞ-ın Türkiyəni NATO-dan çıxarmaq kimi bir düşüncəsi yoxdur. Ancaq bu olmayacağı, ya da Türkiyənin öz iradəsi ilə çıxmayacağı anlamına gəlmir. Gərginlik davam edərsə, günün birində proses ora doğru gedə bilər.

CAATSA sanksiyaları məsələsi canyandırıcı və dağıdıcı ola bilər. ABŞ “Bunun sizinlə əlaqəsi yoxdur. Bu qanun Rusiyaya görə çıxarıldı” desə də, Konqresə təqdim edilən bir təklif var və bu, Türkiyəni də çox yaxından maraqlandırır. Bu təklif qəbul olunarsa, doğrusu, Müller dosyasına görə sıxıntıda olan Trampın yenidən Türkiyəyə güzəşt edilməsinə yönəlik hər hansı bir şey edə bilməyəcəyi söylənilir. Rusiya-Tramp əlaqələrindən narahat olan Konqres prezidentə belə bir kredit açmayacaqdır.

S-400-lərlə bağlı bir formul tapılmazsa, Türkiyəyə yönəlik çox ciddi sanksiyalar gələcək. Amerikalılar deyir: “Bizim indiyədək ən böyük silah layihəmiz olan F-35-ləri riskə atmaq istəmirik. S-400-lərdən vaz keçməsəniz, Türkiyə F-35 layihəsindən çıxarılacaq. S-400-lərin bir hissəsi belə Türkiyəyə endirilərsə, sanksiyalar başlayacaq”.

Suriya məsələsi üstünlük qazana bilər

Dəyərləndirmələrə görə, iki ölkə arasında mövcud olan problemlərin bir-bir həll edilməsində Suriya məsələsi üstünlük qazana bilər. Suriyada kiçik şeylərə əhəmiyyət vermədən əldə edilə biləcək bir uzlaşmanın digər sahələrdə həll prosesini sürətləndirə biləcəyi bildirilir.

Suriya məsələsində çərçivə belədir:

– bəzi yerlərdə 20 km, bəzi yerlərdə isə 32 km-ə çatan dərinlikdə bir təhlükəsizlik bölgəsi yaradılmalı;

– PYD bu təhlükəsizlik bölgəsindən çıxarılmalı;

– təhlükəsizlik bölgəsi terrorçu ünsürlərdən təmizlənməli;

– ABŞ ilə Türkiyə bu bölgədə birlikdə işləməli, ortaq post-patrul xidməti həyata keçirməlidir.

Məncə, bu məsələdə çox kiçik olmayan bəzi dilemmalar da var. Məsələn, Astana prosesinin iştirakçıları olan Rusiya və İran buna nə deyər? ABŞ Menbiçdən çıxmaqdan vaz keçdimi? Putinin təklifi – Adana razılaşması tətbiq edilməyəcəkmi?

“Türkiyə ABŞ-ın bölgədən çəkilməsini düzgün hesab etmir. ABŞ çəkilərsə, Türkiyə Rusiya və İranla baş-başa qalacaq. Türkiyənin etirazı bölgədə terror təşkilatı YPG-nin mövcud olmasına və ABŞ-ın bu təşkilatı silahlandırmasınadır. Suriyada təhlükəsiz bölgə məsələsini həll edək, YPG-nin necə olacağını sonra müzakirə edərik” tezisini müdafiə edənlər də var.

Bu yanaşmaya bir etirazım var: Rusiya-ABŞ balansını təmin etmək və bu balansı qorumaq o qədər də asan bir iş deyildir.

Trampla Ərdoğanın telefon danışığı zamanı bir daha təsdiq etdikləri kimi, ticarət həcminin qısa müddətdə 75 milyard dollara çatdırılması elə də real görünmür. Hazırda 20 milyard dollar səviyyəsində olan ticarət həcminin, ticarət əngəllərinin qaldırılması ilə, yalnız 2-3 milyard dollar artırıla biləcəyi bildirilir.

Tarixi yolayrıcından keçilir

Amerikalılar hər bir fürsətdə türk tərəfdaşlarına “Tarixi bir yolayrıcında olduğumuzu, münasibətlərimizin tarixi bir prosesdən keçdiyini nəzərə alırsınızmı?” sualını verirlər. Əslində, Türkiyənin vəzifəli şəxsləri də uyğun tədbir görülmədiyi halda, iki ölkə arasındakı əlaqələrin 30-40 il ərzində bu burulğandan çıxa bilməyəcəyinin fərqindədirlər.

Bu tabloda ABŞ Prezidenti Trampın Türkiyə ziyarəti çox böyük önəm qazanmış olur. Mənim də yazının başlığındakı təklifim budur: “Trampın ziyarəti 15 iyul çevriliş cəhdinin 3-cü ildönümündə baş tutarsa, həm FETÖ rəhbərini Türkiyəyə təslim etməyən ABŞ bürokratiyasına mesaj verilmiş olar, həm də münasibətləri yoluna qoymaqda böyük bir açar vəzifəsini yerinə yetirmiş olar”.

Tərcümə Strateq.az-ındır




Yuxarı Əvvələ Ana Səhifə