XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

09 May 2019 - 10:46

İQTİSADİ SANKSİYALARLA BAĞLI 7 YALAN:sabitliyi pozulan İranla bölgə daha təhlükəli hala gələcək

Həsən Həkimian

“Project Syndicate”, 07.05.2019

 

ABŞ prezidenti Donald Trampın İrana qarşı tətbiq etdiyi sanksiyalar ölkə iqtisadiyyatı üçün müşküllər yaratmağa başlayıb. Həsən Ruhaninin məğlub etdiyi inflyasiya 2018-ci ildə 31%-ə çataraq intiqamını alır. Beynəlxalq Valyuta Fondunun məlumatına görə, bu il iqtisadiyyat 6% azalacaq və inflyasiya 37%-ə çatacaq. Bir çox sənaye sahələri hazırda ağır çətinliklərlə qarşılaşır və işsizlik göstəricisi böyüyür.

İranın neft ixracını sıfıra endirməyi hədəfləyən Tramp İran neftini almağa davam edən Çin, Hindistan və Yaponiya kimi ölkələri sanksiya tətbiq etməklə təhdid edir.

Birinci Dünya müharibəsindən sonra hökumətlər beynəlxalq siyasi məqsədlərinə nail olmaq üçün iqtisadi sanksiyaları getdikcə daha çox tətbiq edir. Bir əsrlik təcrübəyə baxmayaraq, bu cür tədbirlərin əsaslandırılması hələ də inandırıcı deyil.

Son illərdə iqtisadi sanksiyalar daha da populyarlaşıb. 1990-cı illərdə, məsələn, sanksiya rejimləri ildə təxminən yeddi dəfə tətbiq olunub. Həmin çərəyin 67 sanksiya rejiminin üçdə ikisi Birləşmiş Ştatlar tərəfindən tətbiq olunan birtərəfli sanksiyalardır.

Bill Klintonun administrasiyası dövründə dünya əhalisinin təxminən 40 faizi, ya da 2,3 milyard insan ABŞ sanksiyalarına məruz qalıb.

Əslində, sanksiyaların böyük əksəriyyəti böyük ölkələr tərəfindən kiçik ölkələrə qarşı tətbiq olunur. Hazırda ABŞ İran əleyhinə təxminən 8 min sanksiyanı qüvvəyə mindirib.

Əlavə olaraq, 1960-cı ildən bəri BMT Təhlükəsizlik Şurası BMT Nizamnaməsinin 41-ci maddəsinə əsasən, 30 çoxtərəfli sanksiya rejimi yaradıb. Bunların ən müvəffəqiyyətlisi Cənubi Afrika və Cənubi Rodeziyada (bugünkü Zimbabve) aparteid rejimlərinin sona çatmasında əsas rol oynayıb.

BMT-nin xüsusi ölkələri hədəfə almasından əlavə, “əl-Qaidə”, “Taliban” və yaxın zamanlarda İŞİD kimi qeyri-dövlət qurumlarına sanksiyalar tətbiq edilib.

Lakin Trampın sanksiyalarına baxmayaraq, İranın öz siyasətini və rejimini dəyişəcəyi şübhəlidir. İqtisadi sanksiyalarla bağlı sadə həqiqət budur ki, onlar geniş tətbiq olunsa da, uğursuzluğa uğrayır. Sanksiyaların tətbiq olunduğu 20-ci əsrdəki 170 halda onların yalnız üçdə birinin öz məqsədlərinə çatdığı aydınlaşıb. Başqa bir araşdırma sanksiya rejimlərinin müvəffəqiyyət nisbətinin 5%-dən aşağı olduğunu təxmin edir.

Belə yüksək uğursuzluq dərəcəsi göstərir ki, hökumətlər tez-tez sanksiyalar tətbiq etməyə haqq qazandırmaq üçün əsaslandırılmamış arqumentlərdən istifadə edir. Yeddi yanlış fikir xüsusilə fərqlənir. Onların hər biri ifşa edilməlidir.

Birincisi, sanksiyalar müharibə əvəzinə, incə və daha humanitar alternativ kimi əsaslandırılır. Lakin bu münaqişələrin həllində beynəlxalq diplomatiya potensialını aşağı salır. Əslində, sanksiyalar tez-tez müharibələrə yol verməmək əvəzinə, onlara yol açır: İraqa qarşı beynəlxalq sanksiyaların 13 ilinin tamamında, 2003-cü ildə ABŞ-ın müdaxiləsi baş verib.

İkinci arqument isə budur ki, “əgər sanksiyalar ziyan verirsə, onlar işləməlidir”. Lakin bu effektivlik meyarı müvəffəqiyyətin nə olacağını müəyyənləşdirmir. Xatırladaq ki, ərzaq və tibbi ləvazimat kimi vacib şərtlər istisna olunsa da, sanksiyalar mülki əhaliyə böyük ziyan vurur. İqtisadi böyüməyi maneə törətməklə, onlar istehsalın zəifləməsi və biznes uğursuzluğuna səbəb olur və bu da işsizliyin daha yüksək göstəricisini yaradır.

Sanksiyalar, həmçinin idxalı məhdudlaşdırmaqla və valyuta böhranlarını artıraraq inflyasiyanı böyüdür.

Üçüncüsü, sanksiyalar tez-tez “ağıllı” və “hədəflənmiş” adlandırılır. Praktikada isə iqtisadi sanksiyalar hərtərəfli cəzalandırmadır. Sanksiyalar cəzalandırması nəzərdə tutulan rejimlərin yerinə, orta sinfi sıxaraq, yoxsul və ən həssas qrupların üzərinə nisbətən böyük yük qoyur.

Dördüncüsü, bəzi hökumətlər insan haqlarını dəstəkləmək və təbliğ etmək üçün sanksiyaları əsaslandırır. Lakin sübutlar vətəndaş cəmiyyəti qurumları və QHT-lərin ən çox ziyan çəkənlər arasında olduğunu göstərir. Sanksiyaları öz ölkələrinə qarşı xarici təcavüz və iqtisadi müharibə kimi təsvir edilərək, avtoritar rejimlər insan haqları müdafiəçilərini düşmənlə ittifaqda ittiham edir.

İran bu nümunəni təqib edir. ABŞ-ın 2015-ci ildəki nüvə sazişindən çıxması, yeni sanksiyaların tətbiq olunması ilə Birləşmiş Ştatların etibarsızlığı məsələsində haqlı olduğunu söyləyən və Ruhaninin mərkəzçi administrasiyasını ittiham edən sərt tənzimçilər mövqelərini möhkəmləndirib. Eynilə, 1990-cı illərdə Səddam Hüseynin İraqına qarşı sanksiyaların tətbiqi orada vətəndaş cəmiyyətinin ümumən məhv olmasına gətirib çıxarıb və bu, ölkənin parçalanması və məzhəbçiliyin güclənməsinə kömək edib.

Beşinci iddia: sanksiya rejim dəyişikliyi üçün lazımi və təsirlidir. Cənubi Afrika və Zimbabve hadisələrinə baxmayaraq, bu, yəqin ki, Şimali Koreya, Kuba və Myanma kimi ölkələrdə rejimlərin uzunömürlü olması səbəbindən yeddi arqumentin ən zəifidir. 2017-ci ilin iyunundan etibarən Səudiyyə Ərəbistanı, BƏƏ, Bəhreyn və Misir tərəfindən Qətərə qarşı tətbiq olunan məhdudiyyət əmirin populyarlığını artırıb və əhalinin əhəmiyyətli bir hissəsi onu dəstəkləyib.

Altıncı, sanksiyalar hədəflənmiş hökumətləri zəiflədir. Amma biznes və investisiya mühitinin pisləşməsi ilə iqtisadi sanksiyalar, ilk növbədə, özəl sektora yönəlir. Hakimiyyət daha mərkəzləşmiş olur və hökumətlər strateji malların tədarükünə nəzarət edirlər.

Yeddinci, sanksiyalar nüvə silahının yayılmasının qarşısını almaqda effektivdir. Burada da dəlillər olduqca zəifdir. 1970-ci ildə qüvvəyə minmiş Yaymama Müqaviləsinə baxmayaraq, dörd ölkə nüvə silahı əldə edib: İsrail, Hindistan, Pakistan və Şimali Koreya. Bunlardan üçü sanksiya halında bunu edib.

Son nəticədə, iqtisadi sanksiyaların uğuru və ya uğursuzluğu rejim dəyişikliyinə gətirib çıxarmaq və ya hökumətin davranışını dəyişməklə qiymətləndirilir. Məqsədləri ilə əlaqədar baş verən yanlış fikirləri nəzərə alaraq, bu, təəccüblü deyil. İran nümunəsində də bir daha bunu görməyəcəyik. Daha dəqiq təxmin budur ki, sabitliyi pozulan İranla bölgə həmişəkindən daha təhlükəli hala gələcək.

Tərcümə: Strateq.az