XƏBƏR LENTİ

02 İyun 2020
01 İyun 2020

Digər Xəbərlər

09 May 2019 - 23:22

PUTİN VENESUELA CƏBHƏSİNDƏ TRAMPA QALİB GƏLİR- Qərb yarımkürəsində böyük oyun: Kreml Madurodan ikinci Əsəd yarada biləcəkmi?

K.Eggert,

“Deutsche Welle”(Almaniya)

 

Kreml məmnun qala bilər. “The Washington Post”un mənbələrinə inansaq, Donald Tramp milli təhlükəsizlik üzrə müşavirindən – ABŞ administrasiyasında Rusiya və onun müttəfiqlərinə qarşı sərt mövqe tutan Con Boltondan narazı qalıb. Tramp hesab edir ki, Bolton Venesuela müxalifətinin lideri Xuan Quaydonun yerli təhlükəsizlik qüvvələrinin dəstəyi ilə Maduronu devirəcəyini deməklə onu yanıldıb.

Bu arada, Quaydonun ötən həftə ordunu öz tərəfinə çəkməklə bağlı cəhdi uğursuzluqla nəticələndi. Ehtimal ki, Bolton Maduronu yola salmaq üçün hərbi müdaxilə variantında israr edir. Tramp isə buna qarşıdır. Seçkiöncəsi dövrdə ABŞ prezidenti seçicilərinin gözündə öz vədini yerinə yetirmiş siyasətçi kimi görünmək istəyir. Trampın vədlərindən biri bu idi ki, Birləşmiş Ştatları ölkə xaricindəki hərbi münaqişələrə çəkməyəcəyk. Bundan başqa, Tramp Venesuela rejiminin əsas sponsoru ilə – Vladimir Putinlə qarşılıqlı anlaşmaya nail olmaq istəyir.

Dövlət katibi Mayk Pompeo mayın 6-da Sergey Lavrovla görüşündə məhz Venesueladan danışmışdı. Yeri gəlmişkən, Pompeo da Maduronun devrilməsinin tərəfdarlarındandır.

Mümkündür ki, Putin ötən həftə Venesuela diktatorunu ölkədən qaçmamağa razı salıb və bununla da növbəti dəfə qələbə qazanıb. İndi Rusiya ABŞ üçün xoşagəlməz, eyni zamanda da əvəzedilməz tərəfdaş rolunu rahatlıqla oynaya bilər. Venesuelanın ələ keçirilməsi uğrunda mübarizənin bu raundunu uduzan ABŞ indi Rusiyayla razılığa gəlməli olacaq.

Putin üçün sosialist Venesuela rejimini qoruyub saxlamaq bir çox səbəbdən vacibdir. Rusiya Venesuelaya 17 milyard dollara yaxın sərmayə qoyub. Söhbət əsasən “Rosneft”in Venesuela neft sənayesinə qoyduğu sərmayədən gedir. Bu ölkənin neft sənayesi Maduro rejiminə təcili maliyyə yardımının müqabilində tədricən Moskvanın nəzarətinə keçir. Lakin indiki halda pul ən vacibi deyil. Kremlin venesuelalı dostları ölkə iqtisadiyyatını o dərəcədə çökdürüblər ki, Rusiya yaxın illərdə qoyduğu sərmayəni geri ala bilməz.

Rusiya prezidentinə Suriyada olduğu kimi, hər şeydən daha vacibi yararsız rejimləri dəyişmək üzrə dünyada əsas mütəxəssis olduğuna dair imic yaratmasıdır. Bəşər Əsəd nümunəsində risk özünü doğrultdu – Suriya diktatoru Rusiyanın Hərbi Hava Qüvvələri və “Vaqner” qrupun köməyi ilə hakimiyyətdə qala bildi.

Maduronu xilas etməklə Putin həm də Kuba və Nikaraqua rejimlərini də xilas etmiş olur. Venesuela nefti ilə kəsintisiz təminat onlar üçün çox önəmlidir. Əgər Karakasda hakimiyyətə Quaydo gəlsə, Kuba kommunist diktaturasının çöküşü də ən qısa zamanda reallaşar. Putin isə bütün imkanları ilə bunun qarşısını almaq niyyətindədir.

Venesuela cəbhəsində Tramp üzərində simvolik qələbə Rusiyanın yuxarı dairələrinə həm də Ukrayna məsələsinə görə vacibdir. Əgər Moskva amerikalıları ən yaxınında məğlub etmək iqtidarındadırsa, o zaman Kiyevdəki hökumət nəyə arxayın olmalıdır?

Trampla sonuncu telefon söhbətində Ukrayna məsələsinin gündəmə gətirilməməsi Putini sevindirməyə bilməzdi. Baxmayaraq ki, qısa müddət əvvəl Kreml Donetsk Respublikasının sakinlərinə Rusiya pasportunun veriləcəyinə dair bəyanat vermişdi.

Moskva Trumpdan Yalta-2 (postsovet məkanının Moskvanın müstəsna təsir zonası kimi qeyri-rəsmi tanınması) ilə bağlı razılıq alacağına ümidini itirmir. Tramp belə bir qərara nə qədər meylli olursa olsun hələlik onun və Putinin yolunda Konqres dayanır. Konqresdəki mənbələr bildirirlər ki, Maduroya dəstək verməklə Rusiya ABŞ Senatını Kremlə qarşı yeni sanksiyaların tətbiqinə məcbur qoya bilər. Üstəlik “ABŞ-ın təhlükəsizliyinin Rusiyanın aqressiyasından qorunması” başlıqlı müvafiq qanun layihəsi də artıq hazırdır.

Venesueladakı məğlubiyyətə baxmyaraq, Con Bolton prezidentin etibarından istifadə etməyə davam edir və mümkündür ki, Trampı Venesuelaya hərbi güc tətbiq etməklə bağlı razı saldı.

Maduro rejiminin devrilməsinə tərəfdar olanların öz arqumentləri var. 2020-ci ildəki prezident seçkilərində Tramp üçün açar ştatlardan biri Floridadır. Bu ştatda Kuba və Venesuela kökənli bir neçə milyon insan yaşayır. Və bu insanlar Ağ Evdən sosialist diktaturaları devirmək istiqamətində qətiyyətli addımlar gözləyirlər. Qərb yarımkürəsində böyük oyun davam edir. “Monro doktrinasının” müdafiəçilərinin “Putin doktrinasının” tərəfdarlarını məğlubiyyətə uğratmaq imkanları hələ tükənməyib…

Tərcümə etdi: G.Hüseynova

Strateq.az