XƏBƏR LENTİ

20 Yanvar 2021
19 Yanvar 2021

Digər Xəbərlər

03 Mart 2016 - 11:29

Türkiyədən “B planı”na yaşıl işıq:Ankara fürsəti qazanca çevirə biləcəkmi?

 

Mehmet Metiner

 

"Bizim üçün Suriyanın gələcəkdə federal ya da muxtariyyət sistemiylə idarə olunmasının heç bir əhəmiyyəti yoxdur. Biz yalnız PKK-nın Suriyanın şimalındakı varlığına qarşıyıq. Əksinə, kürdlər tərəfindən Şimali İraqdakı kimi federal bir sistemin yaradılması bizi narahat etməz ".

 

Strateq.az xəbər verir ki, bunu AKP-nin İstanbuldan seçilən millət vəkili Mehmet Metiner deyib. Millət vəkili Şimali İraq kürd muxtariyyətinin informasiya agentliyi “Rûdaw”a verdiyi açıqlamasında Suriyanın taleyinə yalnız və yalnız bu ölkənin vətəndaşlarının qərar verə biləcəklərini bildirib.

 

Qeyd edək ki, Suriyanın gələcəyiylə bağlı müzakirələr ABŞ dövlət katibi Con Kerrinin atəşkəs təmin olunmayacağı təqdirdə, “B planı”na keçə biləcəkləri barədə dilə gətirdiyi fikirlərdən sonra başlayıb. Con Kerri məsələ ilə bağlı senatda verdiyi hesabatında ABŞ-ın “B planı”nın Suriyanı parçalamaq olduğunu açıq şəkildə ifadə etmişdi. Dövlət katibinin səsləndirdiyi bu fikirlər əvvəl Suriyadakı vətəndaş müharibəsində rol alan bəzi oyunçular tərəfindən rədd edilmiş, daha sonra onların hər biri məsələylə bağlı müsbət rəylərini açıqlamışdı.

 

İlk təzadlı rəy bildirən ikinci baş oyunçu Rusiya olmuşdu. Ölkənin Xarici İşlər naziri Sergey Lavrov əvvəl belə bir planın olduğunu danaraq demişdi:

 

"Hər hansı “B planı”mız yoxdur və heç bir zaman olmayacaq. Heç kimin (Rusiya və ABŞ) belə bir planı olmayacaq". 

 

Bir müddət sonra isə o, Suriyada federal dövlət yarana biləcəyini etiraf etmişdi. Lavrovun bu açıqlamasından dərhal sonra isə onun müavini Sergey Ryabkov rəhbərinin fikirlərini şərh edərək buna suriyalıların qərar verəcəyini bildirmişdi. Eynilə AKP millət vəkili kimi Mehmet Metiner kimi.

 

Baxmayaraq ki, Moskva tam bölünmədən yox, sadəcə, federal quruluşa keçişdən bəhs edir, bütün bölünmələrin ilk mərhələsinin məhz bu ideyalarla başlandığını bilinir.

 

Nəzəri baxımdan da, federalizm – bir dövləti meydana gətirən subyektlərin könüllülük əsasında qurduqları ittifaqın adıdır. Bu məntiqlə, subyektləri bir arada tutan faktorlar ortadan qalxarsa, onlar öz iradələri ilə üzv olduqları ittifaqdan ayrıla bilərlər. Suriyada isə çoxdan bu birləşdirici amillər yox olub. Ölkə 100 minlərlə insan ölümünə səbəb olan ağır vətəndaş müharibəsinin ortasındadır. Deməli, onları bir arada tutmaq üçün heç bir əsas da qalmayıb.

 

Vətəndaş müharibəsinin digər "aktyoru" rəsmi Riyad isə elə ilk gündən “ağasının” üzünə ağ olmamış, “B planı”na müsbət münasibətini bildirmişdi.

 

 

İranın, onsuz da, bu müharibəyə özünün “şiə hilalı” strategiyasını həyata keçirmək üçün girdiyi əvvəldən bəlliydi. Bu plana görə, Əfqanıstan sərhəddindən başlayıb Aralıq dənizinə qədər uzanan ərazilər “şiə hilal”ının şimal ağzını təşkil edəcəkdi.

 

ABŞ-ın Səddam Hüseyni devirdikdən sonra hakimiyyəti şiələrə verdiyi İraqda bu missiya tamamlanmış və ölkə öz köhnə düşməninin himayəsinə keçmişdi. Suriyada da Bəşər Əsəd rejimi özünü qoruyar və dini zəmində parçalanarsa, “şimal ağzının” son mərhələsi də tamamlanardı. Odur ki, “B planı”nın ən çox işinə yaradığı ölkələrdən birinin İran olacağı şəksizdir.

 

Plana ən həssas yanaşan isə Türkiyədir. Qardaş ölkə Suriyanın parçalanacağı təqdirdə, cənub sərhədlərində yarana biləcək kürd dövlətinin öz ərazi bütövlüyünə zərər vuracağından çəkinir. Halbuki, “Böyük Yaxın Şərq” layihəsi ortaya atılanda ona ən çox dəstək verən elə Türkiyə olmuş, indiki prezident Rəcəb Tayyib Ərdoğan layihənin həmsədri seçilmişdi.

 

Türkiyənin o zamankı mövqeyi belə təəssürat yaradırdı ki, İraq və Suriya parçalandıqdan sonra hər iki dövlətin şimalına nəzarət Ankaraya vəd edilmişdi. Doğrudan da bütün planlar əvvəl bu istiqamətdə gedirdi. İraqın şimalı bu gün faktiki olaraq Türkiyənin nəzarəti altındadır. Məsələ Suriyanın şimalına gəldikdə isə işin rəngi dəyişdi. Bu bölgə PKK-nın bir qolu olan PYD-nin nəzarətində olduğundan, ortaya çıxa biləcək separatizm təhlükəsinin Türkiyəyə də sıçraması ehtimalı Ankaranı qorxutdu. Beləcə, Türkiyənin həvəssizliyi “Böyük Yaxın Şərq” ideyasının həyata keçirilməsi işini ləngitməyə başladı.

 

Maraqlıdır ki, məhz bundan sonra Rusiyanın Suriyaya aktıv müdaxilələri başladı. Rusiya qarşısında “çarəsizliyini” nümayiş etdirən ABŞ öz köhnə müttəfiqlərini onunla potensial qarşıdurmada yalnız buraxdı. Daha sonra beynəlxalq müzakirələrdə açıq şəkildə bu iki böyük qüdrətin eyni mövqedən çıxış etdiyinin şahidi olduq. Qısacası, Ankaranın boşaltdığı yeri Rusiya doldurdu.

 

İndisə, görünən budur ki, iki böyük qüdrət arasında “əldə olunan kompromis” bölgənin digər oyunçularını da razılaşmağa məcbur edir. Hələ də tərəddüd içində qalan tək ölkə isə Türkiyə idi ki, o da deyəsən, tədricən “B planı” ilə razılaşmaqdan başqa çarə görmür.

 

Razılığın hakim partiyanın millət vəkili tərəfindən dilə gətirilməsi bir nəbz yoxlaması da ola bilər. Mümkündür ki, Türkiyə ictimaiyyətinin reaksiyası “hə” cavabının daha yüksək dairələr tərəfindən verilib-verilməyəcəyini müəyyənləşdirsin.

 

Prinsipcə, Türkiyənin şimal sərhədlərində yaranan təhlükəni  öz xeyrinə çevirmək şansı tam tükənməyib. Getdikcə, iqtisadi cəhətdən zəifləyib öz qınına çəkilməyə məcbur olacaq Rusiyanın yerini yenidən qardaş ölkə doldura bilər. Başqa bir alternativin o coğrafiyada tutarlı olması xeyli müşkül məsələdir. Nədən ki, Suriyanın bölünməsi planı baş tutarsa, 3 ayrı siyasi-inzibati ərazi ortaya çıxar: Ölkənin cənubu Bəşər Əsədin rəhbərliyi altında nusayrilərə, orta hissəsi sünnilərə, şimalı isə kürdlərə verilə bilər.

 

Sünni ərəblərlə Türkiyə arasında incə bir zolaq şəkilində var olacağı gözlənilən Kürdüstanın əhatələndiyi bütün güclərlə düşmənçiliyini davam etdirərək yaşamaq şansı yoxdur. Üstəlik, Şimali İraq kürdləri ilə Şimali Suriya kürdləri arasında da dərin ziddiyyət mövcuddur. Türkiyənin plandan narazı salınması həm kürdlərin öz arasındakı, həm də xarici faktorlarla ziddiyyətlərini körüklənməsinə şərait yarada bilər. Bütün bu faktorlar qardaş ölkənin əlini gücləndirən əsas kartlardır və onu istər-istəməz regionun əsas hakiminə çevirir. Hətta geopolitik avantajı qardaş ölkəni uzaq perspektivdə öz dövlət sərhədlərini xeyli genişləndirməsinə qədər apara bilər.

 

Görünür, Ankara da məhz buna görə, “B planı”nın işə düşəcəyi təqdirdə, uzaq perspektivdə yarana biləcək parçalanma subyektlərindən birinə PKK-nın hakim olmaması şərtini irəli sürür. Prinsipcə, haqsız da deyil. Əks təqdirdə, “Böyük Yaxın Şərq” proyekti nəinki onun təsir dairəsini genişləndirməsinə mane ola, hətta qardaş ölkəni növbəti hədəf halına gətirə bilər.

 

Bu narahatlıq AKP millət vəkili Mehmet Metinerin “Rûdaw”a açıqlamasında da öz əksini tapıb. Açıqlamada Şimali İraqdakı kimi muxtariyyətə qarşı olmadıqlarını, sadəcə PKK-nı istəmədiklərini açıq şəkildə ifadə edən Metiner bölünmədən Türkiyənin qazanclı çıxma ehtimalını belə gizlətməyərək deyib: "Türkmənlərlə ərəblər kimi, kürdlərin də dividentlərini öz qazancımız olaraq görürük".

 

Bəs, görəsən Türkiyə bu avantajını həqiqi qazanca çevirə biləcəkmi? Zənnimizcə, bu sualın cavabı rəsmi Ankaranın yürütdüyü incə xarici siyasətdən asılı olacaq.

 

Heydər Oğuz

Strateq.az




Yuxarı Əvvələ Ana Səhifə