XƏBƏR LENTİ

05 İyun 2020
04 İyun 2020

Digər Xəbərlər

30 May 2019 - 21:29

XAMENEİ-TRAMP DANIŞIQLARI QAÇILMAZDIR? –“Durum danışıqlara başlamağa uyğun deyil, seçimimiz müqavimətdir” – Təhlil

Dennis Ross

“Bloomberg” (ABŞ), 30.05.2019

 

İranın ali başçısı Əli Xamenei uzun müddət iddia edib ki, İran hökuməti bütün İslam Respublikasını ABŞ-a güzəştə getməyə razılaşmasa, ABŞ Tehran tərəfdən heç vaxt güzəşt qoparmayacaq. İran məmurlarının mövqeyi bundan ibarətdir ki, basqı altında ABŞ-la danışıqlar aparmayacaqlar.

Təəccüblü deyil ki, İrana münasibətdə “ən güclü basqı” kampaniyasının bu yaxınlardakı gərginləşməsinə cavabda Tehranda Amerikanın qətiyyətini sınamaq qərarına gələrək Fuceyrə bölgəsində bir neçə neft tankerinə və Səudiyyə Ərəbistanında neftvurma stansiyasına silsilə hücumlar törədiblər. Amma maraqlı məqam bundan ibarətdir ki, görünür, hər iki tərəf birbaşa münaqişəyə hərəkətlənməyi dayandırıb. ABŞ prezidenti Donald Tramp “İranın böyük potensialı” haqda bildirərək saziş bağlamaq istəyirlərsə, İslam Respublikasının liderlərini ona işarə etməyə çağıraraq eyham vurub ki, savaşa başlamaq istəmir. İranın ali başçısı bəyan edib ki, “nə biz, nə də onlar savaş istəyir”.

Bu göstərmir ki, İran rəhbərliyi danışıqlara başlamağa hazırdır, hələlik xeyr. ABŞ-la danışıqların dəyərini bir neçə on il boyunca şübhə altına alan Xamenei istəmir ki, ölkə vətəndaşları düşünsünlər ki,  Vaşinqtona güzəştə gedib. O, əvvəlkitək hesab edir ki, amerikalılarla danışıqlar “zəhər”dir. İran prezidenti Həsən Ruhani bildirib ki, “indiki durum danışıqlara başlamağa uyğun deyil, ona görə də seçimimiz müqavimətdir”.

Ruhani və Xameneinin fikrincə, müqavimət 2015-ci il nüvə sazişi çərçivəsində İrana qoyulmuş məhdudiyyətlərdən geri çəkilməyi birləşdirə bilər. Tehranda artıq bildiriblər ki, uranı zənginləşdirmə sürəti dörd qat artırılacaq. Bu bildirir ki, İranın zənginləşdirilmiş uran ehtiyatı nüvə sazişində göstərilən 300 kiloqram az zənginləşdirilən uran limitini ən yaxın vaxtlarda keçəcək. Ruhani nüvə sazişinin avropalı iştirakçılarına məlumat verib ki, 2019-cu il iyulun 7-ə doğru Amerika sanksiyaları nəticəsində İranın düçar olduğu iqtisadi ziyanı əvəzləməsələr, Tehran uranı 20%-ə qədər zənginləşdirməyi təzələyəcək. Demək olar ki, bu, Trampa “ən yüksək basqı”nın İran versiyasıdır. Lakin Xamenei bu ruhda nə qədər çox davam edə bilər? Onun ölkəsi Amerika sanksiyaları üzündən ciddi problemlərlə üzləşib: iqtisadiyyat ağır duruma düşüb, əsas ərzaq qidaları, dərman və istehlak mallarının qiymətlərinin sürətlə artımı fonunda İran vətəndaşlarının əmanətlərinin dəyəri hər gün düşür.  

Xamenei bundan sonra da təkid edə bilər ki, İran basqı altında danışıqlar aparmayacaq, amma İslam Respublikasının tarixi əksindən xəbər verir. Keçmişdə xaricdən təzyiq son dərəcə güclü və daxili sabitlik üçün gerçək təhlükə ortalığa çıxanda İran rəhbərliyi bu təzyiqi azaltmaq və buna bağlı məsarifləri cüziləşdirməyə can atıb. Məsələn, İran İraqla savaşı 1988-ci ildə təzyiq altında dayandırıb, 1990-cı illərdə AB-də dissidentləri aradan qaldırmaqdan imtina edib, 2012-ci ildə isə ABŞ-ın keçmiş prezidenti Barak Obama administrasiyası İran Mərkəzi Bankına qarşı sanksiyaları sərtləşdirdikdən, Avropa ölkələri isə İran neftini almaqdan imtina edəndən sonra Tehran pərdəarxası danışıqlara başlamağa razılaşıb. Tramp administrasiyası dönəmində belə durum təkrarlanarmı? Hamı razıdır ki, İran, sadəcə, Trampın müddətinin haçan başa çatacağını gözləmək istəyir ki, onun varisi ilə danışıqlara başlasın. Xamenei, demək olar, şübhəsiz buna da ümid edir, amma çox şey İran cəmiyyətinin iqtisadi çətinliklərə hələ nə qədər tab gətirəcəyindən asılıdır.

Xamenei duysa ki, təzyiqi azaltmaq gərəkdir, demək olar, hökmən pərdəarxası danışıqlara başlayacaq, çünki birbaşa danışıqlar onun məğlubiyyəti kimi qavranıla bilər. Rusiya prezidenti Vladimir Putin kimi vasitəçinin danışıqlara qatılması, ehtimal ki, Rusiya liderinin özünü də, Trampı da qane edərdi.

Amma Tramp məhz hansı sazişi bağlamağa hazırdır? Güman etmirəm ki, ABŞ dövlət katibi Mayk Pompeonun qabaqlar irəli sürdüyü 12 tələb onun əsasında durar, çünki Tehranda hesab edirlər ki, bu tələblər rejimi dəyişməyə bərabərdir. Tramp Yaponiyaya səfər zamanı aydın eyham vurub ki, İran rejimini dəyişməyə can atmır. Tramp bildirib ki, məqsədi İranda nüvə silahının olmamasıdır.  Burada manevr üçün məkan meydana çıxa bilər.

Əslində, görünür, Tramp üçün yeganə önəmli kriteriya budur ki, yeni nüvə sazişi Obamanın imzaladığı nüvə sazişindən yaxşı çıxsın. Sazişin ən aşkar mükəmməlliyi İran uranını zənginləşıdirməyə məhdudiyyət  müddətini uzatmaq ola bilərdi. Məsələn, 2030-cu ilədək məhdudiyyət qüvvəsini 2045-ci ilədək uzada bilərdilər. İndiki nüvə sazişi İranın ərəb rejimləri və İsrailə qarşı yönəlmiş bölgəsəl fəaliyyətini də məhdudlaşdırmır. İranı Suriyada öz hərbi iştirakını məhdudlaşdırmağın gərəkliliyinə inandırmaq lazımdır. Tehran habelə “Hizbullah”a və Livan və Suriyada inandığı başqa şəxslərə raket tədarükündən imtina etməlidir. Amma İran belə güzəştlərə pulsuz getməyəcək, həm nüvə, həm də qeyri-nüvə sanksiyalarının tam ləğvinə nail olmağa çalışacaq. Tramp hansı güzəştlərə gedəcəyini qət etməli olacaq. Ehtimal ki, o, ümumiyyətlə, güzəştə getmək istəməz, amma həm də nəticəyə gələ bilər ki, İranla bölgəsəl savaşdan yayınmaq və uranı zənginləşdirməyə məhdudiyyəti daha 15 il uzatmaq mühüm uğurdur.

Tərcümə Strateq.az-ındır.