XƏBƏR LENTİ

06 İyun 2020
05 İyun 2020

Digər Xəbərlər

31 May 2019 - 10:32

Netanyahunu xilas etmək:SÜLH PLANINDAN BAŞQA, TRAMPIN BİR ÇIXIŞ YOLU DA VAR - PUTİN

Lora Rozen

“Əl-Monitor”, 30.05.2019

 

İsrail baş naziri Binyamin Netanyahu prezident Donald Trampın kürəkəni və məsləhətçisi Cared Kuşneri qarşılayarkən, rəhbərlik etdiyi koalisiyasının çökməsini “kiçik bir hadisə” kimi təqdim edib. Tramp isə israilli müttəfiqinin uğusuzluğuna təəssüfünü dilə gətirib.

Tramp jurnalistlərə bildirib: “İsraildə yaşananlar çox pisdir. Halbuki yaxşı oğlan olan Netanyahu tam qalib kimi göründü… Amma indi yenidən seçki mərhələsində dönüblər”.

İsraildə yeni seçkilərin sentyabrın 17-ə təyin olunması nəzərə alınaraq, ən azı oktyabrın sonunadək yeni İsrail hökumətinin formalaşması gözlənilmir.

ABŞ-da 2020-ci ilin prezident seçkiləri kampaniyası və İsrail seçkiləri Tramp administrasiyasının Kuşnerin sülh planının siyasi komponentini təqdim edəcəyi ehtimalını azaldır. Bu, diplomatlar və analitiklərin rəyidir.

Fələstin sülh danışıqçısı Saib Ərəkat kinayə ilə deyib: “Trampın “əsrin müqaviləsi”nin açıqlanması növbəti yüzilliyə qaldı”.

Hazırda Tramp administrasiyası 25-26 iyun tarixlərində Kuşner sülh planının iqtisadi komponentini əvvəlcədən elan edilmiş Bəhreyn seminarında açıqlamaq niyyətindədir. “Bəhreyn seminarı qrafikə uyğun keçiriləcək”, – deyə Ağ Ev rəsmisi “əl-Monitor”a bildirib.

Həm Tramp administrasiyası, həm də Netanyahu Bəhreyndə “İnkişaf naminə sülh” toplantısı ilə maraqlarının qorunacağını düşünə bilər. Tramp rəhbərliyinə İsrail-ərəb əlaqələrini inkişaf etdirməyə kömək etmiş ABŞ-ın veteran sülh danışıqçısı Dennis Ross fevral ayında Varşavada keçirilən konfransda Netanyahu ilə ərəb xarici işlər nazirlərinin panelində iştirak edib. Hazırda İsraildə olan Ross “əl-Monitor”a bildirib ki, “Bəhreyn seminarı Qəzza və Qərbi Şəriyyə üçün infrastruktur layihələri ilə stabilləşmə səyinin bir hissəsi ola bilər. Xüsusilə də Fələstin hökumətinin maliyyə böhranı nəzərə alınaraq”.

Rossun fikrincə, “Bəhreyndəki seminar ərəblər və israillilər arasında atəşkəsi mümükünləşdirir”.

Veteran diplomat deyib: “Seminar planın siyasi hissəsi üçün daha yaxşı şərait yaratmaq naminə hazırlanmış stabilləşmə səyləri kimi təqdim edilə bilər. Bu plan ən azı bir neçə ay təqdim olunmasa da, administrasiya zəruri bir hadisə yaradacaq”.

Ancaq ABŞ-ın İsraildəki keçmiş səfiri Daniel Şapiro bildirib ki, Bəhreyn seminarı mövcud olmayan xəyali plan fonunda saxta vədlər veriləcək Potyomkin konfransı olacaq. “Bu, sadəcə görüş olacaq. Ağ Ev üçün sıfır nəticə”.

Şapiro əlavə edib: “Əminəm ki, xoş məram və irəliləyişə nail olmaq arzusu var, amma onlar yanılmamalı, güman etməməlidir ki, siyasi qərarlardan ayrıca iqtisadi proqramla uğur qazana bilərlər. Aktyorlar, maraqlarının bu şəkildə irəlilədiyini görmürlər. İnsanlar, əlbəttə, nəzakətli olacaqlar. Körfəz dostları Fələstin iqtisadiyyatını necə dəstəkləmək istədikləri barədə kibar, gözəl sözlər söyləyəcəklər. Amma heç bir şey siyasi proqram olmadan həyata keçirilməyəcək”.

Şapiro, həmçinin deyib: “İsrailin seçkilərinə görə plan önümüzdəki altı ayda buzxanaya qoyulsa, hər şeyi dondurulacaq”.

Dövlət Departamentinin sabiq sülh məsləhətçisi David Makovski deyib: “İsraildə sürpriz şəkildə təkrar seçkilərin keçirilməsi Tramp administrasiyasına siyasi planının açıqanmaması üçün bəhanə verəcək. Bu, Tramp administrasiyası üçün yaxşı xəbər ola bilər. Mənim üçün əsas məsələ budur: siyasi hissə təxirə salınıb, yaxud ümumiyyətlə, yoxdur…”

Makovskinin sözlərinə görə, yeni seçkilərdə Netanyahuya kömək etmək üçün Tramp bir şey tapacaq. “Colan təpələrində İsrailin suverenliyini tanımaya bənzər bir şey edəcəyini güman etməliyik. Tramp Netanyahu, həqiqətən, sevir və Netanyahu da onu sevir”.

Ağ Ev artıq milli təhlükəsizlik məsləhətçisi Con Boltonun İsrail və rusiyalı vəzifəaşları ilə görüşəcəyini tələsik bildirib. Gələcək aylarda Qüdsdə regional təhlükəsizlik məsələlərini müzakirə edəcək. Amma görüş üçün heç bir tarix göstərilməyib.

Netanyahu deyib: “Mən Tramp və Putinin Yaxın Şərqdəki təhlükəsizlik vəziyyətini müzakirə etmək üçün Qüdsdə ABŞ-Rusiya-İsrail üçtərəfli komitəsini yaradılmasını təklif etdim və onlar razılaşdılar”.

Şapiro bildirib ki, Trampın İsrail seçkilərinə müdaxilələri Netanyahuya kömək etməkdir. Şübhəsiz, ABŞ və Rusiya milli təhlükəsizlik səlahiyyətlilərinin israillilərlə görüşməsi də yaxşı fikirdir. Bölgədə birgə iş üçün əhəmiyyətli mövzular var. Amma siyasi fayda baxımından bu çox az və çox gecdir”.

Tərcümə: Strateq.az




Yuxarı Əvvələ Ana Səhifə