XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

03 İyun 2019 - 15:45

Pompeodan ön şərtsiz danışıqlar təklifi –TRAMPIN YENİ YANAŞMASINA TEHRANIN CAVABI NƏ OLACAQ?

Nahal Tusi, Anita Kumar

“Politico”, 03.06.2019

 

Prezident Donald Trampın İranla müharibədən yayınmaq arzusu indi administrasiyada üstün mövqedədir. Bazar günü ABŞ dövlət katibi Mayk Pompeo ön şərtlər olmadan ABŞ-ın İranın islamçı liderləri ilə danışıqlara hazır olduğunu bildirib. Hətta hərbi gərginliyin artması fonunda ABŞ-ın yüzlərlə əsgəri bölgəyə göndərməsinə baxmayaraq.

Pompeo deyib: “Biz heç bir şərt olmadan söhbət etməyə hazırıq”. O əlavə edib ki, ABŞ hələ də İranın “normal dövlət” kimi davranmasını istəyir. Həmçinin, Pompeonun açıqlamalarında Tehranın hər hansı müqavilənin bir hissəsi kimi  yerinə yetirməli olduğu keçmiş 12 şərt yer almayıb.

Mayk Pompeo Trampa yaxınlığı və prezidentin düşüncəsi ilə uyğunlaşma üçün mesajlarını tənzimləməsi ilə tanınır. Onun açıqlamaları İran prezidenti Həsən Ruhaninin Tehrana əmr vermək əvəzinə, ona hörmət göstərdikləri təqdirdə, amerikalılarla söhbət edəcəyini bildirməsindən sonra səslənib.

İran rəsmiləri əvvəllər də Tramp komandası ilə danışıqları istisna etmirdilər.

Dövlət katibi açıqlamalarını tez-tez ABŞ və İran arasında vasitəçilik vəzifəsini yerinə yetirən İsveçrədə, səfəri çərçivəsində verib.

Trampın İranla hərbi qarşıdurma istəmədiyi getdikcə daha da aydınlaşır, prezient Pompeo və milli təhlükəsizlik məsləhətçisi Con Bolton kimi köməkçiləri ilə üz-göz olub.

Bolton Trampla əlaqəsini kəsməyərək, xüsusilə davakardır. O, İranı “misilsiz zərbə” ilə təhdid və son günlərdə ABŞ-ın müttəfiqlərinə qarşı hücumlarda ittiham edib. O cümlədən husi üsyançılarının Səudiyyə Ərəbistanı hədəflərinə dron hücumlarında.

Pompeo daha təmkinlidir, o, prezidentin təbiətini nəzərə alıb.

Brukinqs İnstitutunun baş mütəxəssisi Maykl O’Hanlon deyib ki, Tramp administrasiyası İranla çox sərt davranacağına, amma müharibə istəmədiyinə inandırmaq niyətindədir. “Bu birləşmənin müzakirələr üçün etibarlı təməl təşkil edə bilib-bilməyəcəyi məlum deyil. Əlbəttə, şəkk-şübhə böyükdür”.

Tramp 2016-ci ildə ABŞ-ın xarici kələflərini azaltmaq vədi verib. O, 2017-ci ildə, BMT Baş Məclisdə olduğu kimi, İran liderləri ilə təmas qurmağa cəhd göstərib, hətta 2018-ci il iyul ayının əvvəlində də İranla ilkin şərt olmadan danışmaq istədiyini söyləyib.

Son dövrdə Tramp ciddi danışıqlar üçün Pompeonun İrana qarşı irəli sürdüyü 12 şərti aradan qaldırıb.

Şərtlər, həmçinin bu idi: İran öz sərhədləri xaricində olan milislərə dəstək verməməli, ballistik raket proqramını dayandırmalıdır.

Analitiklərin fikrincə, bu, rejim dəyişikliyinə çağırış idi.

Tramp son həftələrdə yalnız İranın nüvə silahı əldə etməməkdə maraqlı olduğunu söyləyib. “Biz rejim dəyişikliyi axtarmırıq, – prezident ötən həftə Tokioda bildirib. – Bunu aydınlaşdırmaq istəyirəm. Biz yalnız İranı nüvə silahı olmadan görmək istəyirik”.

O vurğulayıb ki, İran və ABŞ-ın məqbul razılıq əldə edəcəyi təqdirdə, ABŞ İrana sanksiyalardan qurtulmuş iqtisadiyyat qurmaqda kömək edə bilər.

Tramp və administrasiyasının qarışıq siqnalları Yaxın Şərq rəsmiləri, demokrat millət vəkilləri və regionun müşahidəçilərini narahat edib, bəziləri isə hər iki tərəfin müharibə istəmədikləri halda belə, savaşın ola biləcəyindən qorxur.

Beynəlxalq Sülh üçün Karnegi Fondunun Nüvə Siyasəti Proqramının direktoru Ceyms Akton deyib ki, hər hansı bir danışıqların məhsuldar olmasını təmin etmək üçün Tramp administrasiyasının lazımi planlaşdırma ilə məşğul olduğuna şübhə ilə yanaşır. “İran rəhbərliyinin təklif edilənə güvənəcəyini düşünmək çətindir”.

Tənqidçilər qeyd edir ki, bu gün bir çox gərginliklər Trampın 2015-ci ildə Obama administrasiyası tərəfindən müzakirə edilən İranla nüvə razılaşmasından çıxma qərarından irəli gəlir. Bu saziş İranın nüvə proqramı ilə bağlı bir çox sanksiyaları aradan qaldırmışdı.

Keçmişdə Tramp 2015-ci il müqaviləsinin, terrorist qruplara dəstək vermə də daxil olmaqla, İranın yanlış davranışlarına maneə törətmək üçün kifayət etmədiyindən şikayətlənib. Onun son şərhləri oxşar razılıq əldə etməyə hazır olduğunu göstərir.

“İnanıram ki, İran razılığa gəlmək istəyir, – deyə o, Tokioda bildirib. – Onların çox ağıllı olduğunu düşünürəm. Buna görə də, belə bir imkan var”.

İranın dövlət mətbuatının məlumatlarına görə, ölkə prezidenti Ruhani Şənbə günü deyib: “Biz danışıqlar masasında hörmət, məntiq və beynəlxalq hüquqa ehtiram şərtilə oturmaq istəyirik”.

Tehranın Pompeonun son təklifini kifayət qədər hörmət və ya Trampa etibar kimi düşünüb-düşünməyəcəyi aydın deyil. ABC-yə müsahibəsində xarici işlər naziri Cavad Zərif deyib ki, İranla ABŞ arasında danışıqlarda çətin ki, iştirak etsin. “Çox güman ki, bu, təzyiq prosesinin davamıdır. Bu metod daşınmaz əmlak bazarında işləyə bilər. İranla münasibətlərdə işləmir”.

Prezident İrana olduqca sərt sanksiyalar tətbiq edib, iqtisadiyyatına zərər vurur, hətta İrandan neft alışını sanksiyalarla təhdid edir. O, İranın İslam İnqilabı Keşikçiləri Korpusunu terrorçu qrup olaraq təsnif etmək qərarına gəlib. Fars körfəzinə bir təyyarə daşıyıcısını yerləşdirib. Səudiyyə Ərəbistanı kimi ABŞ müttəfiqləri ilə əlaqəli infrastrukturun mühafizəsi üçün bölgəyə 1500 ABŞ əsgərini səfərbər edib.

Tramp administrasiyasının rəsmiləri deyirlər ki, İrana qarşı “maksimum təzyiq” kampaniyası onun sərhədləri xaricində milis və ya terrorist fəaliyyətini durdurmaq, nəticədə, müzakirələr üçün masa arxasına oturmağa məcbur etmək üçündür.

Administrasiyanın rəsmi mövqeyi budur ki, İranda liderliyin dəyişməsini deyil, ölkənin davranışının dəyişməsini istəyir. Hökumətdəki bəzi kəslər isə ümid edir ki, iqtisadi şərtlər İran xalqını islamçı hökmdarlarını devirməyə yönəldəcək.

Tərcümə: Strateq.az