Hannes Ştayn
“Die Welt” (Almaniya), 14.06.2019
ABŞ İranla savaşa qərar versə, bu, 2003-cü il İraqdakından daha böyük fəlakət ola bilər. Bunu dövlət katibi Mayk Pompeo da bilir – amma durum yenə də kəskinləşməyə gətirə bilər.
ABŞ dövlət katibi günahkarı birmənalı şəkildə göstərib. Pompeo mətbuat konfransında bildirib: “Birləşmiş Ştatların dəyərləndirdiyinə görə, bu gün Oman körfəzində baş vermiş hücumlara görə İran məsuliyyət daşıyır”.
“Belə dəyərləndirmələr kəşfiyyat məlumatları, istifadə edilən silah, bu növ əməliyyatları aparmaq üçün gərəkli təcrübənin səviyyəsi və bölgədə heç bir qruplaşmanın bu səviyyədə mürəkkəb əməliyyatı həyata keçirmək üçün resurs və vərdişlərə malik olmadığı cəhətə əsaslanır”.
Amma bu nəyi bildirir? ABŞ İran İslam Respublikasına qarşı savaş aparmağa başlayacaqmı?
Ola bilər, amma hələlik ehtimal azdır. Əvvəlcə 2003-cü il İraq savaşından danışaq. O savaşda ABŞ-ın BMT-dən mandatı yox idi, amma müttəfiqləri vardı: Böyük Britaniya, Polşa, Danimarka, Cənubi Koreya. Səddam Hüseynin yeni kütləvi qırğı silahı hazırladığı haqda ehtimal, ən azı, dəlilik deyildi.
Və ABŞ-ın baxışınca, həmin savaş əvvəlcə yaxşı gedirdi. İraq əhalisi o zaman 23 milyondan bir qədər çox olub. Hamı – kürdlər, şiələr, sünnilərin çoxu Səddam rejiminə nifrət edirdi. İraq ordusu gülünc düşmən idi, bir neçə həftə sonra da silahı yerə qoydu.
İran sahəsinə görə İraqdan üç dəfə böyükdür. Əhalisi 81 milyondan yuxarıdır. Ordusu peşəkardır, yüksək səviyyədə motivləşdirilib və ötən illər boyu Yəməndə və Suriyada böyük döyüş təcrübəsi əldə edib.
Bundan savayı, “Hizbullah” kimi terror təşkilatları İran rejiminə dəstək verər və təkcə Yaxın Şərqdə hücumlar həyata keçirməz.
Bu savaşda Amerikanın iki müttəfiqi var – İsrail və Fars körfəzinin ərəb ölkələri.
İranla savaş daxili siyasətdə Amerikanın bütün şəhərlərində əlüstü kütləvi etirazlara gətirəcək. ABŞ konstitusiyasına görə, savaş elan etməkdə təkbaşına hüquqa malik olan Konqres prezidentə qarşı çıxış edəcək.
Bundan başqa, İranın sahəsi üzündən savaşda təkcə havadan zərbə vasitəsilə qələbə çalmaq mümkün deyil. Yəni yerüstü qoşunları daxil etmək gərəkdir. General Devid Petreusun dönəmindəki “Böyük dalğa” taktikası – ölkədə hərbi kontingenti artırmaq – nəticəsində İraqa 107 min əsgər yerləşdirilmişdi. Onlar ölkədə vətəndaş savaşı ilə yanaşı olan hərc-mərcliyi zorla tənzimləməyə nail oldular. Amma, artıq deyildiyi kimi, İranda sakinlər dörd dəfə çoxdur. Və hətta İranın təməlçi rejimi İran əhalisinə nifrət etsə də, güman etmirəm ki, iranlılar öz şəhərlərinin Amerika tərəfindən bombardmanına və əsgərlərinə sevinclə reaksiya verəcəklər.
İrana qarşı savaş fəlakətlə qurtarar
Başqa sözlə, İranla savaş ağılsızlıq olardı. Ehtimal ki, bu, İraqla pis hazırlanmış savaşdan daha böyük fəlakətlə bitərdi. Və bu, Qərb alyansının sonu olardı.
Mayk Pompeo da bunun hamısını bilir. Donald Tramp bundan savayı daha nəsə bilir. Çoxlu Amerika əsgərinin həlak olacağı savaş qoparsa, prezident güvəndiyi Amerika əhalisinin üçdə birini tezliklə itirəcək. Onlar isə həlak olacaqlar. İraq və ya Əfqanıstandakı kimi az sayda deyil, qurbanlar on minlərlə hesablanacaq.
Trampın bütün xarici siyasəti lap başlanğıcdan çıxış və təcridçiliyə yönəlib – Əfqanıstandan çıxmaq, Suriyadan çıxmaq. Bəlli olduğu kimi, Şimali Koreyanın ünvanına fantastik hədələr Amerika prezidentinin Şimali Koreya diktatoru qarşısında dərin ritorik təzimi ilə başa çatıb. Və KXDR bu yaxınlarda raket sınağını təzələyəndə Tramp reaksiya verməyib, hətta yalandan deyib ki, ümumiyyətlə, heç nə baş verməyib. Yəni Tramp – bu arada danışılmağa balşandığı kimi – sərt rəqib deyil, hədə-qorxusunun dalında heç nə durmayan artistdir.
“De görüm, bu necə qurtaracaq?”
Və təhlükə məhz bundan ibarətdir. Tramp keçmişdə dəfələrlə uydurub, kartları açmağa çağıranda isə onu masaya ataraq, çiyinlərini qısaraq çıxıb gedib. Bəlkə, İran rejimindəki sərt xətt tərəfdarları indi öz üsullarıyla Trampı qərar almağa itələmək istəyirlər? Və durum nəzarətdən çıxarsa, nə baş verəcək?
Devid Petreus 2003-cü ildə 101-ci paraşüt-desant diviziyası ilə birlikdə Belqrada yollananda dərin bir fəlsəfi sual verib: “De görüm, bu necə qurtaracaq?” O, bax, bunu bilmək istəyirdi.
O, Amerika hökumətinin 1950-ci ildə “Cənubi Vyetnamı Şimali Vyetnamın təcavüzündən qorumaq üçün səkkiz il və səkkiz diviziya bəsdir” deyən hərbi müşavirinə istinad edib. Bəlli olduğu kimi, müşavir bir qədər yanılıb. Vyetnam savaşında 58 mindən çox amerikalı həlak olub.
“De görüm, bu necə qurtaracaq?” – bu sualı indi yenidən vermək olar.
Tərcümə Strateq.az-ındır.