XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

23 June 2019 - 16:58

ÇİN VƏ İRAN AMERİKANIN “DİNİ AZLIQLARIN HÜQUQLARI” NİŞANGAHINDA:səmimi qayğı, yoxsa siyasi manipulyasiya? - Araşdırma

Stanislav Stremidlovski

regnum.ru, 22.06.2019

 

ABŞ dövlət katibi Mayk Pompeo və ABŞ-ın beynəlxalq dini azadlıq üzrə xüsusi tapşırıqlar üçün səfiri Sem Braunbek iyunun 21-də axşam Vaşinqtonda dünyada dini azadlığın durumu haqda məruzə təqdim ediblər. Onda 2018-ci ildə baş vermiş hadisə və axınlar incələnir, tövsiyələr də verilir. Pompeo təqimatda qısa giriş sözü ilə çıxış edib, Braunbek jurnalistlərin suallarını cavablandırıb.

Vaşinqtonun rəqiblərə qarşı özünün bütün iddialar məcmusunu dini azadlıqları pozmaq ittihamları ilə möhkəmləndirdiyi əsas “pozan ölkələr”, adətən, bu səpgili məruzələrdə ikinci dərəcəli dövlətlərin arasında gizlənir. Bir qayda olaraq, yaxşı məlumatlandırılan “The Washington Post” qəzeti bu dillemmanı asanlıqla həll edərək tədbirə həsr edilmiş məqaləyə belə bir başlıq qoyub: “Dövlət Departamenti dini azlıqların təqibinə görə İran və Çini pisləyir”.

Nəşr qeyd edir ki, Pekin və Tehran “etiqad  azadlığından söz düşəndə özəl təşviş doğuran 10 dövlətin sırasına daxil olur, bu da onların sanksiyalarla üzləşə biləcəyini ifadə edir”  və vurğulayır ki, “məruzə ABŞ və İran, habelə Çin arasında artan gərginlik fonunda dərc olunub”.

Doğrudan da, həm Pompeo, həm də Braunbek Tehrana xüsusi diqqət ayırıblar. Düzdür, dövlət katibi bir ifadə ilə canını qurtararaq bildirib ki, “İran rejiminin bəhailər, xristianlar və başqalarına qarşı repressiyaları şok yaratmaqdadır”. Səfir İranın “ayrı-seçkilik, təqib və əqidəyə görə ədalətsiz həbs cəzası ilə üzləşən bəhailər, yəhudilər, xristianlar, zərdüştçülər, sünnilər və sufilər daxil olmaqla saysız-hesabsız dini azlıqların Tehrandan əzab görən təmsilçiləri” sırasına daxil etməklə daha uzunçu olub. O habelə məlumat verib ki, “onların dini kitabları yasaqlanıb, təhsilə çıxışları rədd olunub, məzarlıqları murdarlanıb, müsəlmanlara nünasibətdə küfr və inanca sadiqlik edamla cəzalandırılır”. Braunbekin yekunlaşdırdığı kimi, “İrana deyirik: müşahidə edirik və etiqad azadlığı hüququ pozulanların hamısını müdafiə edəcəyik”.

Lakin Tehrana münasibətdə dini amildən yararlanmaq Vaşinqton üçün heç də asan deyil. Birincisi, ABŞ prezidenti Donad Tramp administrasiyasının Barak Obamanın əvvəlki Birləşmiş Ştatlara getmək üçün asanlaşdırılmış rejim siyasətinə yenidən baxdığına görə. İran xristianları və başqa dini azlıqlar mühacirət hüququnu itirənlər sırasına adiddirlər. İkincisi, tənqidçilər Vaşinqtonu həmişə danlaya bilərlər ki, ər-Riyada göz yumur. Jurnalistlərdən biri məruzənin təqdimatında səfirdən soruşub ki, “Səudiyyə Ərəbistanında azlıqların, xüsusən şiə azlığın hüquqlarını qorumaq baxımından işlər nə yerdədir?” Braunbek cavab verib ki, “baş vermiş edamlar məruzəmizdə xatırladılıb və biz Səudiyyə Ərəbistanı ilə bağlı bu məsələni qaldırmağı davam etdirəcəyik”. Və vəssalam.

Bu mənada Çinin “bəxti daha az gətirib”. ÇXR formal olaraq ateist ölkə sayılır, onunla yanaşı eyni zamanda ABŞ-ın müttəfiqi olan və dini azadlıqları ciddi pozan ölkələr yoxdur. Dövlət Departamenti hətta Tayvan kartını oynayır. Ötən il onun təmsilçilərini xarici işlər nazirləri və ictimai təşkilatların təmsilçiəri  səviyyəsində bütün dünyada dini azadlığın durumu haqda toplantıya dəvət ediblər. Bu il də oxşar müşavirəyə adadan adamlar çağırmaq planları var. Bu, Vaşinqtonda 16-18 iyula planlaşdırılıb. Amma aparıcı mövzu Amerika diplomatiyasının müəyyən dövrdən bəri marağını gizlətmədiyi müsəlman uyğurlar olaraq qalır. “Burada mənim bəzi uyğurlarla görüşmək imkanım olub, amma təəssüf ki, Çin uyğurlarının çoxu öz tarixini danışmaq imkanına malik deyil, – Pompeo bildirib. – Bax, biz buna görə Sinszyanda dini azadlığın sarsıdıcı miqyaslarını sənədləşdirməyə çalışaraq bu il Çin haqda məruzəyə özəl bölmə əlavə etmişik”.

Bununla yanaşı, duyum yaranır ki, Ağ Ev uyğur mövzusunu alət kimi və qısamüddətli dinamikada istifadə edə bilər. Administrasiya təmsilçisinin anonimlik şəraitində “Reuters”-ə nağıl etdiyi kimi, ABŞ vitse-prezidenti Mayk Pens, nəzərdə tutulduğu kimi, Çində dini azadlığın pozulduğuna diqqət ayırmalı olduğu çıxışı təxirə salmaq qərarına gəlib. Pens öz bəyanatını iyunun 24-də verməyi planlaşdırmışdı, amma Ağ Ev indi “28-29 iyunda Osakada keçiriləcək G20 sammiti meydanlarında Tramp və Çinin sədri Si Szinpin arasında Amerika-Çin ticarət savaşı üzrə ən yüksək səviyyədə danışıqlara qədər Pekinlə gərgilikdən yayınmaq” istəyərdi. Məmurun sözlərinə görə, “prezident və (vitse-prezident) sədr Si ilə G20-də müsbət danışıqlardan sonra sonra daha məqsədəuyğun sayıblar”.

İstisna deyil ki, müsəlman uyğurlar sonra uzun müddət gözləməli olacaqlar ki, Vaşinqtonda sonradan onları bir də yada salsınlar.

Tərcümə Strateq.az-ındır.