XƏBƏR LENTİ

26 Sentyabr 2020
25 Sentyabr 2020

Digər Xəbərlər

02 İyul 2019 - 22:54

ABŞ ŞİMALİ KOREYANI NÜVƏ GÜCÜ KİMİ TANIMAĞA HAZIRLAŞIR?- Ağ Evin məxfi planı, KXDR-ə ayaq basan ilk ABŞ prezidenti, liderlərin saat yarımlıq görüşü...

Donald Tramp beynəlxalq əlaqələrə və diplomatik protokollara dair ənənəvi təsəvvürləri dağıtmağa davam edir. İyunun 30-da Cənubi Koreyaya gələn ABŞ prezidenti qəfildən Şimali Koreya (KXDR) lideri Kim Çen İnlə görüşməyə qərar verib. Liderlər demilitarizə edilmiş zonada – Koreyanı ikiyə bölən sərhəd kəndində bir araya gəliblər. Görüşdən sonra Tramp Şimali Koreya ərazisinə ayaq basıb və bununla da KXDR-i ziyarət edən ilk ABŞ prezidenti kimi tarixə düşmüş olub.

Əvvəlcədən planlaşdırılmayan görüş cəmi 15 dəqiqə davam etməli idi. Lakin liderlərin söhbəti düz saat yarım çəkib. Kim Çen İn Trampın onunla görüşməyə hazırlaşdığını ABŞ prezidentinin “Twitter” hesabındakı paylaşımdan öyrənib.

“Əgər Şimali Koreya lideri bu paylaşımı görürsə, sadəcə əlini sıxmaq və salamlaşmaq üçün onunla demilitarizə edilmiş zonada görüşərdim”. Trampın “Twitter”dəki bu paylaşımından sonra bütün dünya, eləcə də Kim Çen İnin özü xəbər tutub ki, ABŞ və Şimali Koreya liderləri üçüncü dəfə bir araya gələcək.

2017-ci ildə ABŞ prezidenti Donald Tramp “Twitter” hesabında Kim Çen İni “gombul və balaca”, həmçinin “dəli” adlandırmış, BMT-nin tribunasından isə açıq şəkildə hədələmişdi. Bildirmişdi ki, KXDR ABŞ və onun müttəfiqlərinə təhdid törətməkdə davam edəcəyi təqdirdə, bu ölkəni tamamilə məhv edəcəklər.

Lakin Tramp sonradan ritorikasını dəyişdi və iki dəfə Kim Çenlə bir araya gəldi. Birinci görüş 2018-ci il iyulun 12-də Sinqapurda baş tutdu. Həmin vaxt onu tarixi görüş adlandırmışdılar. Bunun səbəbi görüşün sadəcə olaraq baş tutması idi.

Tramp və Kim Çen həmin görüşün yekununda birgə bəyanat imzalamışdılar. Pxenyan Koreya yarımadasının tam nüvəsizləşdirilməsinə hazır olduğunu bildirmiş, Birləşmiş Ştatlar isə bunun əvəzində Şimali Koreyaya təhlükəsizlik zəmanəti vəd etmişdi.

Vyetnamın paytaxtı Hanoyda bu ilin fevralında baş tutan ikinci görüşdə isə Tramp Kim Çen İni dostu adlandırmış və Şimali Koreyanın tezliklə inkişaf edəcəyinə ümidvar olduğunu bildirmişdi.

Lakin liderlər iki gün (27-28 fevral) davam edən Hanoy sammiti çərçivəsində razılığa gələ bilməmişdilər. Halbuki Ağ Ev ikilinin bu görüşünün sonunda saziş imzalanacağını bəyan etmişdi. Sazişin imzalanması sammitin proqramında da nəzərdə tutulmuşdu.

Hanoy sammiti ilə bağlı ən böyük gözlənti Koreya yarımadasının nüvəsizləşdirilməsi – Şimali Koreyanın nüvə silahından imtinası istiqamətində irəliləyişə nail olmaq idi. Buna baxmayaraq, Tramp və Kim Çen arasında danışıqlar gözlənildiyindən tez başa çatmış, liderlər işgüzar nahara belə, qatılmamışdılar.

Tramp sazişin imzalanmamasına belə izah vermişdi ki, Şimali Koreya məhdudiyyətlərin tamamən və dərhal aradan qalxmasını istəyir ki, Birləşmiş Ştatlar da buna gedə bilməz. Onun sözlərinə görə, Kim Çen İn Yonbendəki nüvə elmi-tədqiqat mərkəzini Şimali Koreyaya qarşı bütün iqtisadi sanksiyaların ləğv ediləcəyi təqdirdə qapada biləcəklərini deyib. ABŞ üçün isə bu şərt qəbuledilməzdir.

Şimali Koreyanın xarici işlər naziri Ri En Xo isə bildirmişdi ki, Hanoy danışıqlarında sanksiyaların tamamən yox, qismən ləğvini istəyiblər. KXDR rəsmilərinin fikrincə, sanksiyaların qismən ləğvinə razılaşmamaqla Birləşmiş Ştatlar Yonbendəki bütün nüvə obyektlərinin məhv edilməsi şansını əldən verib.

Qayıdaq, liderlərin bugünlərdə baş tutan üçüncü görüşünə. Görüşün nəticəsi olaraq Tramp və Kim Çen İn demilitarizə edilmiş zonada əl sıxışıblar. Bunun ardınca Kim Çen İn Trampı Şimali Koreya ərazisinə keçməyə dəvət edib. Tramp razılıq verib və beləliklə, Şimali Koreyaya ayaq basan ilk ABŞ prezidenti olub.

Liderlər demilitarizə edilmiş zonada

Tramp jurnalistlərə açıqlamasında Kim Çen İnlə son görüşünü uğurlu adlandırıb: “Bu, möhtəşəm, əfsanəvi və tarixi bir gün idi. Hər kəs o qədər xoşbəxt idi ki… Koreyada bir çox insanın gözlərində yaş gördüm”.

Trampın sözlərinə görə, Kim Çen İnlə birgə Şimali Koreyanın nüvəsizləşdirilməsinə dair danışıqların bərpasına qərar veriblər. Danışıqları aparmaq üçün hər iki tərəfdən komanda hazırlanacaq. Və yaxın iki-üç həftə ərzində komandaların görüşü olacaq.

Tramp indiki məqamda Şimali Koreya üzərindəki iqtisadi sanksiyaların ləğvindən imtina etsə də, danışıqlar uğurla nəticələnərsə, onları yüngülləşdirə biləcəyini deyib. Üstəlik Kim Çen İni rəsmi şəkildə Vaşinqtona dəvət edib.

Ekspertlərin fikrincə, Trampın davranışları Cənubi Koreya və Yaponiyanı şoka salıb. Onlara görə, bütün bunlar Ağ Evin çoxdan planlaşdırdığı möhtəşəm planın bir hissəsidir.

“The New York Times”ın yazdığına görə, artıq bir neçə həftədir ki, Tramp administrasiyasında Şimali Koreya ilə razılaşma planı üzərində iş gedir. Mümkündür ki, sərhəddəki son görüş danışıqların yeni mərhələsi üçün start olsun.

Tramp əvvəl KXDR-dən Koreya yarımadasının tam nüvəsizləşdirilməsini tələb edirdi. Bunun müqabilində isə sanksiyaların ləğvini və iqtisadi əməkdaşlıq vəd edirdi. Lakin “The New York Times” iddia edir ki, prezidentliyə növbəti dəfə namizədliyini verəndən sonra Trampa, seçicilərinə təqdim etmək üçün Koreya siyasətinin real səmərə verdiyinə dair konkret sübutlar lazımdır.

Məhz bu səbəbdən Tramp administrasiyası Şimali Koreyanı nüvə gücü kimi tanımaq variantını nəzərdən keçirir. Əvəzində isə atom silahının bundan sonrakı istehsalının dondurulmasına nail olmaq istəyir. Bu yolla Tramp həm də Kim Çen İnin onu manipulyasiya etdiyi və hər hansı real güzəştə getmədiyi ilə bağlı tənqidləri susdurmaq istəyir…

Tərcümə etdi: G.Hüseynova

Strateq.az