XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

12 July 2019 - 15:08

ƏSƏD KƏŞFİYYATIN İKİ “DİV”İNİ YUVASINDAN ÇIXARDI –Suriyadakı son təyinat və istefaların pərdəarxası - TƏHLİL

Anton Mordaşov

“Əl-Monitor”, 11.07.2019

 

Suriyadakı hərbi və təhlükəsizlik qurumlarında üst səviyyəli son təyinatlar və dəyişikliklər Rusiyanın Şama hərbi təzyiqinin nəticəsidir. Çox ehtimal ki, Moskva Suriyanın təhlükəsizlik qurumlarında dəyişikliklə, İranın təsirini azaltmağa çalışır. Ancaq Rusiyanın əsl rolu şişirdilməməlidir. Heyətlə bağlı dəyişikliklər həm də rejimin hakimiyyəti yenidən bölüşdürmək və müttəfiqləri arasındakı ziddiyyətlərdən fayda əldə etmək səylərinə görədir.

Ən son dramatik dəyişiklik iyulun 7-də baş verib, lakin dövlət KİV-ləri tərəfindən təsdiqlənməyib.

Əsədin etibarlı adamı və Milli Təhlükəsizlik Bürosunun rəhbəri general Əli Məmlük təhlükəsizlik işləri üzrə vitse-prezident təyin edilib. Başqa bir nüfuzlu rəsmi, Hərbi Hava Qüvvələri Kəşfiyyat İdarəsinin rəhbəri general  Cəmil Həsən istefa verib.

Hər iki şəxs ABŞ-ın sanksiyalar siyahısındadır. Bundan başqa, ikisi də rejimə qarşı hər hansı bir müxalifəti qəbuledilməz hesab edir. Ancaq Məmlükün vəziyyəti bir az fərqlidir.

Müxtəlif mənbələrə görə, sanksiyalara baxmayaraq, Məmlük bir neçə dəfə danışıqlar üçün Avropa, Səudiyyə Ərəbistanı, Oman, Misir və Türkiyəyə səfərlər edib. Bundan əlavə, 2018-ci ilin iyun ayında ABŞ kəşfiyyatı ilə dialoqa cəlb olunub.

Məmlük fərqli səlahiyyət mərkəzləri arasında manevr edə bilməsi şöhrəti qazanıb, amma onun sonuncu təyinatı müxtəlif cür şərh edilə bilər.

Digər tərəfdən, Əsədin ikinci vitse-prezidenti təyinetmə ilə müharibədən əvvəlki vəziyyətə qayıtmaq imkanı var. Hazırkı vitse-prezident Nacə əl-Əttar, 86 yaşlı siyasətçi təmkinli fiqurdur. Məmlükun təyinatı bir müddət əvvəl müzakirə edilib. Burada əsas məsələ Məmlükun yeni ofisdə əvvəlki səlahiyyət səviyyəsini saxlamaq qabiliyyətidir.

Cəmil Həsənin istefası (2009-cu ildən etibarən bu vəzifəni tuturdu) sağlamlıq məsələləri ilə bağlı deyil. Əksinə, bu, Suriya, İran və İsrail arasındakı ziddiyyətlə bağlıdır. Doğrudur, Livan mənbələri iddia edib ki, 2019-cu ilin əvvəlində Həsən “Hizbullah”ın xəstəxanasında müalicə olunub. Ancaq bəzi xəbər mənbələri “İnterpol”un Livan şöbəsinin onu həbs etmək üçün order aldığını iddia edib.

Digər mənbələr Cəmil Həsənin istefasını Rusiyanın vasitəçiliyi ilə, iyun ayının sonunda Qunaytrada Suriya təhlükəsizlik komandirləri və israilli zabitlər arasında baş verən dörd saatlıq danışıqların nəticələrinə bağlayır.

Görüşdə 5-ci Korpusun rəhbərləri iştirak ediblər. Korpus Rusiya hərbi nəzarətçilərinin fəal iştirakı ilə 2016-cı ildə yaradılıb. Onun sıralarında keçmiş üsyançılar da var.

İsrail nümayəndələri 5-ci Korpusun Suriya hökumət qüvvələrinə inteqrasiya olunmasını tələb edib. Həmçinin, İran tərəfdarı olan milislərin sərhəddən uzaqlaşdırılmasını istəyiblər. Deyilənə görə, Cəmil Həsən yalnız Rusiyanın komandirləri tərəfindən dəstəklənən İsrail təkliflərini rədd edib, İranı “suriyalıların əsl tərəfdaşı” adlandıraraq yığıncaqdan çıxıb. Nəticədə danışıqlar uğursuzluğa düçar olub.

Tezliklə İsrail hava qüvvələri Suriya hədəflərinin geniş miqyaslı bombardmanı həyata keçirib. Bu həmlələr İsrail baş naziri Binyamin Netanyahunun təşəbbüsü ilə Qüdsdəki üçtərəfli görüşdən sonra baş verib.

Kadr dəyişikliyi Baş Kəşfiyyat İdarəsi, Kriminal Təhlükəsizlik İdarəsiSiyasi Təhlükəsizlik İdarəsinə də sirayət edib.

Yaxın Şərq İnstitutunun baş elmi işçisi Çarlz Lister, haqlı olaraq, Suriya təhlükəsizlik strukturlarının yeni rəhbərlərinin İranla sıx əlaqələrə malik olmadığını təsdiqləyib.

Bundan əlavə, bu səlahiyyətlilər rus hərbi birliyi ilə sıx əməkdaşlıq edirlər.

“Təyinatlar Rusiyanın Suriya təhlükəsizlik aparatını dəyişdirmək üçün təzyiqinin nəticəsidirmi?” məsələsi – açıq sualdır. Rusiya bölgədə hakim olmağa maraqlı olsa da, Əsəd və onun rəsmiləri bu niyyətdən istifadə etməyə çalışırlar.

Bir müddət Moskva Suriya Baş Qərargahı və Baş Kəşfiyyat İdarəsini nəzarət etməyə çalışıb. Region mətbuatı iddia edib ki, ruslar iyun ayında vəzifə dəyişikliyinə qatılıb. Məsələn, general Əkrəm Məhəmmədin Baş Kəşfiyyat İdarəsinin müavini, general Qeys Rəcəbin Tartus Dövlət Təhlükəsizlik İdarəsinin rəhbəri, briqada generalı Həsən əl-Əlinin Hasakə Dövlət Təhlükəsizlik İdarəsinin rəhbəri vəzifəsinə təyin edilməsi kimi.

Bəzi KİV məlumatlarına görə, Rusiya tərəfi Suriya ordusunda “korrupsiyanı ləğv etmək” üçün nəzarət-təftiş komitəsi yaradılmasını təklif edib.

Qeyd edək ki, bütün bu sıx kadr dəyişiklikləri Şamın Suriya ərazisinin çox hissəsini nəzarət altına aldığı zaman başlayıb. Suriyalı zabitlər “təhlükəsizliyi və silahlı qüvvələri qaydaya salmağa” ehtiyac duyduqlarını müzakirə edirlər, ancaq “islahat” anlayışı hələ qəbuledilməzdir.

2018-ci ilin payızında hökumət strukturlarında və hərbi kəşfiyyatda bir sıra dəyişiklikləri baş verib. Ancaq o vaxtlar rejim sanksiya siyahılarındakı şəxsləri təyin etməkdən çəkinməyib.

Hazırkı təyinatlar Respublika Qvardiyası və xüsusi təyinatlı qüvvələrlə bağlı islahat paketinin bir hissəsidir. Xüsusilə, Siyasi Təhlükəsizlik İdarəsinin yeni rəhbəri general Nasir əl-Əli əslən Mənbicdəndir. Bu, onun kürdləri və yerli tayfaları, o cümlədən Fəratın şərq sahilində yaşayanları, Əsədin nəzarətindən kənarda olanları tanıması deməkdir.

Suriyadakı Rusiya hərbi nəzarətçilərindən biri “əl-Monitor”a deyib ki, Moskva vasitəçi olmağa və danışıqlar taktikası olaraq İranı çəkindirməyə çalışır. Bəlkə də bu, müxalif qüvvələrin 5-ci Korpusun tərkibinə tam daxil olmasına imkan vermək deməkdir.

Mənbənin sözlərinə görə, Əsəd Tehran və Moskvanın maraqlarını balanslaşdırmağa çalışan “qətiyyətli siyasətçi”dir:“İranpərəst və Rusiya tərəfdarı olan şəxslər arasındakı münaqişə həbs və təyinatlara təsir edir, lakin bununla birbaşa əlaqələndirilmir. Əsəd və tərəfdaşları öz maraqlarını davam etdirmək üçün bundan bir faktor olaraq istifadə edirlər”.

Eyni zamanda, Cəmil Həsənin istefası regional siyasətin dəyişən dinamikası ilə bağlıdır. Şamın Körfəz dövlətləri ilə danışıqları kontekstində rejim “zəhərli” məmurlardan xilas olmalıdır.

Rusiya diplomatik dairələrinə yaxından bağlı olan başqa bir mənbənin sözlərinə görə, Rusiya, həqiqətən, Suriya silahlı qüvvələrinin və təhlükəsizlik qurumlarının təmizlənməsində maraqlıdır. Komandirlər arasında korrupsiya və zəif intizam silahlı qüvvələrin peşəkarlığı və döyüş qabiliyyətini pozur.

2018-ci ildə Rusiya Baş Qərargahı yüksək səviyyəli suriyalı zabitlərin ilk qrupunu hazırlayıb. Aydındır ki, Rusiya Suriya hərbi personalına təlim proqramlarını davam etdirir. Rusiya hərbi kəşfiyyat üzvləri general Süheyl əl-Həsənin təhlükəsizliyini təmin edir və təlimçilər hələ də “Pələng” Qüvvələri üçün yeni əsgərlər yetişdirirlər.

Bu qoşunlar İdlib ətrafında bufer zonası yaratmaq üçün istifadə olunub. Onlar həm iranlı qrupların sayını, həm də prezidentin qardaşı Mahir Əsədin rəhbərlik etdiyi 4-cü Korpusun rolunu azaltmağa çalışıblar. Eyni zamanda, bu tədbir “Pələng” Qüvvələri və 5-ci Korpusda itkilərə səbəb olub, döyüş səmərəliliyinin çatışmazlıqlarını ortaya qoyub.

Mənbə deyib: “Rusiyanın kadr siyasətinə təsir göstərə bilməsi üçün Moskvanın Dəməşqə Konstitusiya Komitəsi üzvlərinin siyahısını necə çətinliklə təsdiqlətdiyini xatırlamaq lazımdır. Ancaq rejim aydın şəkildə başa düşür ki, İrandan fərqli olaraq, Rusiya hərbi qulluqçuların modern təliminə, hərbi və təhlükəsizlik strukturlarının ümumi inkişafına kömək edə bilər”.

Tərcümə: Strateq.az