Zəfər Şahin
“Takvim”, Türkiyə, 13 iyul 2019-cu il
Tarix 18 iyul 1968-ci ili göstərərəkən, o dövrün tələbə lideri olan Dəniz Gəzmiş və dostları Dolmabaxça tərsanəsinə lövbər salan ABŞ-ın 6-cı donanmasının gəmisinin əsgərlərini dənizə tökər. Böyük reaksiyaya səbəb olan bu hərəkətin səbəbi “İmperializmin dünyaya hakim olmasına qarşı çıxmaq” olaraq açıqlanar.
Türk solu yarım əsrdir bu aksiya ilə öyünür. Amma imperializm bildiyini oxumağa davam edir.
ABŞ sərhədlərimizin dibində bir terror dövləti qurmaq üçün YPG-PYD-ni dəstəkləyir. Bizi Şərqi Aralıq dənizindəki zəngin enerji ehtiyatlarına yaxın buraxmamaq məqsədilə İsrail, Yunanıstan, Misir və Kiprlə (rum kəsimi – tərc.) maraqlı ittifaqlar qurur. Qapısından içəri girmək üçün Koreyada 741 şəhid verdiyimiz NATO öz təlimlərində Atatürk və Rəcəb Tayyib Ərdoğanı hədəf taxtasına qoyur.
Və tarix 12 iyul 2019-cu ili göstərdiyində, ABŞ-ın 6-cı donanmasının əsgərlərinin dənizə tökülməsindən düz 51 il sonra yenə isti bir yay günündəyik…
Türkiyə onu mühasirəyə almaq istəyən Qərb imperializminə heç unuda bilməyəcəyi bir dərs verdi. Dünyanın ən qabaqcıl hava hücumundan müdafiə sistemi olan S-400-lər, ABŞ və NATO-nun bütün təzyiq və qorxutma siyasətlərinə rəğmən, Ankaraya gəldi. Nə terror, nə FETÖ-çü çevriliş cəhdi, nə də iqtisadiyyatını hədəf alan hücumlar Türkiyəni yolundan döndərə bilmədi.
Türkiyənin S-400-lə bağlı tutduğu qərarlı və cəsur mövqe imperializmin hədəfində olan digər ölkələrə də örnək olacaq. 51 il öncə imperializmin dünyaya hakim olmasına qarşı çıxan 1960-cı illər nəslinin təmsilçilərinin də eyni görüşdə olduğuna heç şübhə etmirəm. İdeoloji baxımdan qəbul etməsələr də, Rəcəb Tayyib Ərdoğanı alqışladıqlarına və haqqını təslim etdiklərinə də adım kimi əminəm.
Sağ əlləri “Tam müstəqillik mənim xarakterimdir” deyən Qazi Mustafa Kamalın mirasını qoruduqlarını söyləyən NATO-çu solçularımızın başına!
Təqribən 3 ildir S-400 məsələsilə əlaqədar olaraq öz ölkələrinin prezidentinin və müvafiq nazirlərinin açıqlamalarını deyil, Vaşinqton və Brüsselin dediklərini diqqətə alırlar.
“Türkiyə S-400 ala bilməz, sadəcə bir az özünü göstərər” deyən FETÖ-çülərlə eyni müstəvidə görüşdülər. Bildelberq klubunun toplantılarında özlərini göstərib Türkiyəyə qayıdan zaman “S-400 qərarına NATO prizmasından baxmalıyıq” deyərək, əba altından zopa göstərdilər.
Gəlin, haqlarını təslim edək… Hamısı – siyasətçisi də, jurnalisti də, təsir agentləri və gizli tərəfdarları da yaxşı işlədilər. Amma müvəffəqiyyət qazana bilmədilər. Tarixin bu mərhələsində ABŞ imperializminə qarşı müqavimət göstərən qumral inqilabçı Rəcəb Tayyib Ərdoğana gücləri çatmadı.
Tarlaya baxmağa gələcəklər!
15 iyul çevriliş cəhdini “Axınçı” bazasından idarə etdiyi iddia edilən FETÖ-nün kilid adamı Adil Öksüz saxlanılan zaman “Bura tarlaya baxmağa gəldim” deyərək, özünü müdafiə etmişdi.
“Axınçı” bazası artıq S-400-lərin mərkəzi komandanlığıdır. Təqaüdçü pilot general-mayor Bəyazid Qaradaşın iddiasına görə, İsrail və ABŞ-ın gözü bundan sonra daima “Axınçı” bazasında olacaq. Onlar peyk vasitəsilə 24 saat “Axınçı” bazasını izləyəcək və kəşfiyyat raportları hazırlayacaqlar. Yalnız bununla da kifayətlənməyəcəklər. Qaradaşın iddiasına görə, baza ətrafındakı tarlaları satın almaq üçün gəlməyə başlayacaqlar. Təbii, bunu yerli agentləri vasitəsilə edəcəklər. FETÖ-nün uğursuz çevriliş cəhdindən sonra özünü gizlətmək üçün “uyuma modu”na keçən hücrələrindən istifadə edəcəklər.
15 iyulda dastan yazan Qəhrəman Qazan xalqı bu xainləri gözlərindən tanıyır. Ancaq yenə də diqqətli olmaqda fayda vardır.
Tərcümə Strateq.az-ındır