XƏBƏR LENTİ

29 Sentyabr 2020

Digər Xəbərlər

23 İyul 2019 - 09:30

ƏRBİL SUİ-QƏSDİ BƏRZANİNİ TÜRKİYƏYƏ YAXINLAŞDIRACAQ –PKK "Pəncə-2" əməliyyatını poza biləcəkmi? - TƏHLİL

Kurtuluş Tayiz

“Akşam”, Türkiyə, 22 iyul 2019-cu il

 

Türkiyənin Ərbildəki Baş konsulluğunun əməkdaşına qarşı təşkil edilən sui-qəsdin əsas icraçısı (Məzlum Dağ – tərc.), MİT-in də yardımı ilə, çox keçmədən yaxalandı. Onun terror təşkilatı PKK və HDP ilə əlaqələrinin olmasının müəyyən edilməsi bu sui-qəsdin üstünün açılmamış qalmasının qarşısını aldı. Təhlükəsizlik orqanları indi bu terror hücumunun şifrlərini çözməyə çalışırlar.

Bəs Ərbil sui-qəsdinin hədəfi nə idi?

PKK-nın Türkiyənin Ərbildəki Baş konsulluğunu hədəf seçməsinin iki önəmli səbəbi vardır.

Birincisi, “Pəncə-2” əməliyyatıdır. Türkiyə Silahlı Qüvvələri (TSQ) bölgədə həyata keçirdiyi hərbi əməliyyatla meydanı daraldaraq, Kandildəki mərkəzi küncə sıxışdırmaqla bərabər, təşkilatı hərəkət edə bilməz hala gətirdi. Gedişat Kandildəki mərkəzə həyəcan siqnalı verir.

İkinci səbəb, İraq Regional Kürd Administrasiyasının Türkiyə ilə əməkdaşlıq edərək, “Pəncə-2” əməliyyatına icazə verməsidir.

PKK üçün Suriyanın şimalı çox önəmlidir, lakin İraqın şimalı ondan da önəmli və öncəliklidir. Çünki PKK baxımından, Şimali İraq həm Türkiyə, həm də Suriya yönündə arxa cəbhə rolu oynayan, eyni zamanda qərargah mövqeyində olan bir sahədir. TSQ-nin “Pəncə-1” “Pəncə-2” əməliyyatları ilə Şimali İraqda öz nəzarət sahəsini genişləndirməsi, PKK-nı Kandilə həbs etməsi terror təşkilatını çıxış yolu axtarmağa sövq edir. Çənbərin daraldığını hiss etdikcə də reaksiya verirlər. Ərbil sui-qəsdi bu reaksiyanın məhsuludur və TSQ-nin Kandilə doğru yürüşünü durdurmağı hədəfləyir.

Türk diplomatlarının hədəf alınması Ankara ilə əlaqələrini yaxşılaşdırma yolunda irəliləyən Bərzaniyə də bir mesajdır. Ərbil, Bərzani administrasiyasının bugünədək terrora bulaşmayan “təhlükəsiz şəhəri”, öyündüyü qərargah şəhəri idi. Ərbil eyni zamanda İraq Regional Kürd Administrasiyasının paytaxtıdır. PKK, Ankara ilə əməkdaşlığını davam etdirdiyi təqdirdə, terroru Bərzaninin qərargahına qədər yayacağını anlatmağa çalışır. Bu sui-qəsdin bir hədəfi Ankaradırsa, digər hədəfi də Bərzanidir.

“Müstəqillik referendumu” ilə gərginləşən Ankara-Ərbil münasibətləri bir müddətdir ki, yumşalmağa başlayıb. Bərzaninin “qəbul” üçün uzun müddət gözlədikdən sonra Prezident Ərdoğan tərəfindən qəbul edilməsi də bunun göstəricisidir.

İraq Regional Kürd Administrasiyasının TSQ-nin Şimali İraqdakı əməliyyatına şərait yaratması, dəstək verməsi bu yumşalmanın təməlini təşkil edir. Əgər Ərbil sui-qəsdinin üstü açılmasaydı, yaxşılaşma yolunda olan əlaqələr, şübhəsiz, zərər görəcəkdi. PKK öz aləmində Bərzani ilə Ankaranı qarşı-qarşıya gətirərək, “Pəncə-2” əməliyyatını pozmağa çalışır.

Lakin əks nəticə alındı. Belə ki, indi Ərbil sui-qəsdi bir tərəfdən Bərzanini Ankaraya daha çox yaxınlaşdıracaq, digər tərəfdən də Kandil üzərindəki təzyiqi daha da artıracaqdır.

Tərcümə Strateq.az-ındır




Yuxarı Əvvələ Ana Səhifə