XƏBƏR LENTİ

26 Oktyabr 2020

Digər Xəbərlər

27 İyul 2019 - 12:07

ERMƏNİSTANDA KTMT MÜZAKİRƏLƏRİ:Putin KTMT nizamnaməsini Türkiyə və Azərbaycana görə dəyişir? - TƏHLİL

Aram Amatuni

“1in.am”, Ermənistan, 26 iyul 2019-cu il

 

Rusiya Dövlət Duması RF Prezidenti Vladimir Putinin təşəbbüsü ilə KTMT-nin nizamnaməsinə edilən dəyişiklik təkliflərini ratifikasiya edib. Bu dəyişikliklərə əsasən, KTMT-də tərəfdaşlıq və müşahidəçi statusunun müəyyən edilməsi nəzərdə tutulur.

Ermənistanın nöqteyi-nəzərincə, diqqətçəkən bu təşəbbüs artıq müzakirələrə səbəb olmağa imkan tapıb. Məsələ burasındadır ki, Yerevanın mövqeyinə görə, bu, sual yaradır: Moskva hələ KTMT üzvü olan digər ölkələrin parlamentlərindən keçməli olan bu ideyanı kimə görə irəli sürür?

İş ondadır ki, KTMT-də müşahidəçi postuna “başlıca” namizədlər sırasında Türkiyə və Azərbaycan nəzərdə tutulur.

Əlbəttə, Rusiyanın bu ölkələrlə mövcud münasibətlərinə baxılarsa, burada heç də hər şey, ilk baxışda göründüyü kimi, birmənalı deyil. Lakin Ermənistan mövcud şəraiti və bu ölkələrlə münasibətlərinin xarakterini və ya onlarla münasibətlərinin olmamasını nəzərə alarsa, təbii, onlar üçün hər hansı bir “plasdarm” olma məsələsində çox diqqətli və həssas olmalıdır.

Digər tərəfdən, öz-özlüyündə müşahidəçi və ya tərəfdaş statusunun yaradılması bənzər beynəlxalq təşkilatlara xas olan məsələdir. O da nəzərə alınmalıdır ki, Moskva KTMT-ni beynəlxalq nüfuzu olan və işləyən struktura çevirməyə cəhd edir. Təbii, bu halda, onun beynəlxalq təmsilçilik və əlçatan təşkilat olma imkanları genişlənir.

Əlbəttə, qeyd olunmalıdır ki, Moskvanın bu səyləri hələlik böyük hesabla nəticəsiz qalıb və KTMT-nin beynəlxalq nüfuz qazanması hec cürə alınmır. Bunun bir səbəbi də odur ki, bu hərbi-siyasi blok öz üzvü olan dövlətə münasibətdə təhlükəsizlik sahəsində göstərdiyi əks fəaliyyətlərilə fərqlənir. Söhbət məhz KTMT-nin Ermənistana yönəlik siyasətindən və ya məsuliyyətsizliyindən gedir.

Yerevan məxməri inqilabdan sonra bu məsələni qaldırıb və onu kifayət qədər sərt şəkildə qoyub. Bununla, faktiki olaraq, KTMT-nin beynəlxalq nüfuzu məsələsini də qaldırıb. Lakin burada da digər bir problem yaranır: KTMT tərkibinə görə öz-özlüyündə tamamilə bir-birinə əks strateji maraqları olan dövlətlərin birliyidir. Onlar arasında iki və ya çoxtərəfli formatlarda həll edilməsi mümkün olan məsələlər vardır. Lakin üzv dövlətlər hamısı birlikdə bir prinsipial məsələni həll etmək istədikdə, məlum olur ki, kollektiv həll oluna biləcək heç bir məsələ yoxdur.

Bax, bu mənada sual yaranır: müşahidəçi və ya tərəfdaş statusunun yaradılması ilə Rusiya hansı problemi həll edir və digər üzvlər hansı məsələni həll edəcəklər?

Bu kontekstdə, Yerevan yeni statusların yaradılmasına müqavimət göstərməməlidir, ancaq sadəcə KTMT-nin, Bakı və ya Ankara ilə yeni oyunlar başlamaqla əldə etdiyi yeni nizamnamə imkanlarının bir tərəfdən Ermənistanın maraqlarına qarşı istifadə edilməsinə imkan verməməyə, digər tərəfdən də Ermənistanın bu mümkün yeni inkişaf imkanlarını öz maraqlarına uyğun istifadə etməyə hazır olmalıdır. Yəni, qarşısına yalnız bu oyunları bloklamaq vəzifəsi qoymamalıdır, KTMT-də başladığı öz oyununu da inkişaf etdirməlidir.

Burada vəziyyət hətta Türkiyə və Azərbaycana münasibətdə belə heç də birmənalı deyildir və KTMT-nin perspektivi ilə bağlı Ermənistanın Rusiya ilə birgə işləməsi üçün müəyyən sahə mövcuddur. Çünki Moskva da yaxşı anlayır ki, həm Ankara, həm Bakı, hətta hər hansı bir Avrasiya layihəsinə maraq göstərsələr də, bunu yalnız Rusiyanı “şirnikləndirmək” üçün edir. Lakin həmin Türkiyə-Azərbaycan siyasətinə ciddi müqavimət göstərmək üçün Moskva bu gün gücsüzdür və bu məsələdə ona yalnız Ermənistan kömək edə bilər.

Tərcümə Strateq.az-ındır




Yuxarı Əvvələ Ana Səhifə