XƏBƏR LENTİ

27 Yanvar 2021
26 Yanvar 2021

Digər Xəbərlər

02 Avqust 2019 - 20:24

TÜRKMƏNİSTAN PREZİDENTİ NİYƏ “ÖLMÜŞDÜ”:o, əndazəsiz qohumlarını, yoxsa gizli müxalifəti sınayırdı? - ARAŞDIRMA

İrina Corbenadze

rosbalt.ru, 01.08.2019

 

Türkmənistanda prezidentin ölümü haqda şayiələrə görə həbs edirlər, mədəniyyət xadimləri böhtançılara lənət yağdırırlar. Amma hər halda onu vaxtından qabaq kim “quylayıb”? Bununla belə, Türkmənistan lideri bir ayda camaat içində cəmi bir dəfə “diri” görünüb.

 

Türkmənistan prezidenti Qurbanqulı Berdımuhəmədovun ölümü haqda yayılan söz-söhbət yalan çıxsa da, çətin ki, ona “sağlamdan da sağlam” demək olar – guya, “millət atası” böyrək əməliyyatına məruz qalıb. Amma respublikada Berdımuhəmədovu qabaqcadan inadla o dünyaya göndərmək istəyənlərlə, ya da hətta onun pəhləvan sağlamlığına şəkk edənlərlə, hər ehtimala qarşı, mübarizə aparmaq qərarına gəliblər.

Deməli, “Xronika Turkmenistana”nın məlumatına görə, güc strukturları Aşqabadda və bölgələrdə “xidmətin güclənmiş variantına” keçirilib, prezidentin ölümü və yaxud özünü pis hiss etdiyi haqda şayiələrlə fəal mübarizə aparır və hətta üç nəfəri – uyğun məlumat daşıyıcılarını həbs ediblər: “Türkməntelekom”un Lebap bölməsinin əməkdaşını, su təsərrüfatının işçisini və MKT qulluquçusunu.

Mədəniyyət Nazirliyinə “əks-təbliğat” aparmaq tapşırılıb, o da bunu uğurla həyata keçirir. Mədəniyyət xadimləri sevimli prezidentlərini “dəfn edən” “vətən xainləri”nin ünvanına qarğışlar yağdıraraq qarşılarına qoyulan vəzifəni həll edirlər.

Ölkənin ağsaqqalları əhali ilə, xüsusən də üzvləri xaricdə qazanc dalınca olan ailələrlə profilaktik söhbətlər aparmağa çağırıblar.

Qeyd edək ki, Türkmənistanda “cəmiyyətin  belə özəkləri” etibarsız sayılır və yerli hökumət qastarbayterlərin (almanca “qonaq işçi”-tərc.) çeşid-çeşid yöndəmsiz yasaqlarla insan haqlarının addımbaşı pozulduğu ac-yalavac vətənə qayıtması üçün (o cümlədən repressiv yollarla) hər şeyi edirlər. Amma yenə də Türkmənistan şou-biznesinin təmsilçiləri “əks-təbliğat” bölümündə xüsusi diribaşlıq göstərərək sosial şəbəkələri öz qəzəbləri ilə hərfi mənada doldurublar.

“Turkmen.news” Arkadaqın ölümü haqda şayiələrə “yaradıcı elita”nın reaksiyasının “örnəkciklər”ini göstərir. Məsələn, müğənni Səlbi Tuvakqılıcova özünün 56 min abunəçisinə üz tutaraq “vətən xainləri”nin dedi-qodusuna inanmamağa, “hörmətli havadarımızı, hörmətli prezidentimizi, liderimizi” dəstəkləməyə “onu böhtançılardan qorumağa” çağırıb. “Allaha şükür, o, sap-sağlamdır! – müğənni inandırır. – Satqınlar kafirdirlər, qoy Allah sizi dinsiz və vicdansız qoymasın”.

Aktyor Yaqşı Qoşunov ona dəm tutur: “Türkmənlər deyirlər ki, it hürər, karvan keçər!… Bizim vətənimiz gözəl bir gəlin kimidir və qoy burada həmişə uşaq gülüşü eşidilsin. Gəlin, vətənimiz üçün qürurla yaşayaq. Qoy bu böhtançıların üzləri isə qızmar dəmirlə dağlansın. Yaşasın bizi bu xoşbəxt çağlara gətirən hörmətli prezidentimiz! Dünya tarixində Türkmənistan kimi təntənə və bayramlarla zəngin bir dövlət olmayıb!”

Aktyor Bəymurad Amanqulıyev isə yazır: “Ya bu adamlarda belə gözəl bir ölkəyə və böyük inkişafa görə heç bir qürur duyğusu yoxdur, ya da onlar, sadəcə, dinc tərəqqinin rahatlıq vermədiyi kinli alçaqlardır! … Əks halda belə bir şey necə ola bilər? Bu düdəmələr möcüzəli, qupba (qadın araqçınında gümüş bəzək) kimi gözəl bir ölkədə yaşayaraq belə  ürəkbulandıran sözlər yazmağı necə bacarırlar?… Bizim bütün dünyaya örnək müdrik başçımız var. Xalq onun ətrafında birləşib, ruhu və cismi onunla bir olub, öz öndərinə də əbədi sadiq olacaq! Biz doğma prezidentimizin xatirinə şirin canımızı qurban verməyə hazırıq!”

Gözəlliyi kütlələrə daşıyanlar nə qədər əldən-ayaqdan getsələr də, kimsə onların səylərinə tamamailə yad ahənglə cavab verir. “Hanı sizin  tərəqqiniz? – sosial şəbəkə istifadəçilərindən biri sual edir. – Nə qədər ki Allah gözünüzü bağlamayıb, çevrənizdəki yalana və hüquqsuzluğa “dur!” deyin! Ölkədə 5 milyon, onun hüdudlarından qıraqda isə 3 milyon vətəndaş var… Kimi ailəsindən, kimi uşaqlarından iraq düşüb. Yaltaqlar, uzunqulaqlar və …yalayanlar sürüsü! Öz vətənini tərk edən ətrafınızdakı adamlardan, heç olmasa, soruşursunuz ki, bunu niyə edirlər??? Nə qədər ki, bu sizin də başınıza gəlməyib, qoy Allah birinci növbədə sizin kimi korların gözünü açsın!”

Ümumiyyətlə, ehtiraslar qaynaşır. Amma bütün bunlar nədən, başlıcası, hansı səbəbdən başlanıb? Məsələ belə olub. Prezident ötən ay hökumətin toplantısını keçirib və televizya ekranlarından yox olub, bu da ona xas deyil. Dövlət informasiya agentliyi iyulun ortalarında xəbər verib ki, ölkə başçısı məzuniyyət götürüb və eyni zamanda “Türkmənistanın dərman bitkiləri” əsərinin növbəti cildi üzərində işi bitirib. Yeri gəlmişkən, qeyd edək ki, Berdımuhəmədovun – təhsilcə stomatoloqun – bitki aləmi nemətlərinin möcüzəli şəfasına inamı artıq buna gətirib ki, apteklərdə ağır ürək-damar və başqa xəstəlikləri olanlara gərəkli dərmanları satmır, deyirlər ki, otlarla müalicə olunun.

Ümumiyyətlə, adam məzuniyyətə gedib, kitabı yazıb qurtarıb, qız nəvələrilə məşğuldur. Amma burada jurnalsitlər öyrəniblər ki, Arkadaq prezident “Boinq”ində Nürnberq aeroportuna enib. Qeyd edək ki, “Türkmənistan hava xətləri”nin Avropa birliyinə uçuşları bu ilin qışından yasaqlanıb. Sual: Berdımuhəmədov Almaniyaya nəyə uçub? Orada kim müalicə olunur – anası, ya özü? Xalq həyəcanlanmağa və künc-bucaqda dedi-qoduya başlayıb, çünki kimsə ona rəsmi səviyyədə heç nə bildirməyib.

Və bu məqamda şayiələr ayaq alıb ki, Berdımuhəmədov ölüb. Bu kədərli xəbərin ilk qaynağı, respublika prezidentinin Türkmənistanı adlandırdığı kimi, “Çiçəklənmənin Vətəni”ndən uzaqda “YouTube” vasitəsilə yayan yazıçı Akmuhammət Velsaparov sayılır. Sonra “Qovorit Moskva” radiostansiyası politoloq Aslan Rubayevə istinadən onu göydə tutub – düzdür, sonuncu, “dez”ə görə tezliklə üzr istəməli olub. Di gəl, şayiə baş alıb gedib.

Həmkarını ilkin olaraq Özbəkistan prezidenti Şavkat Mirziyoyev “diriltməyə” səy edərək deyib ki, Türkmənistan prezidenti doğum günü münasibətilə onu təbrik edib. Amma ona çox da inanmayıblar, bu da anlaşılandır: Türkmənistan qapalı dövlətdir və xalqı önəmli hadisələrdən xəbərdar etməzdən əvvəl xeyli vaxt keçə bilər.

Kiminsə yadına düşüb ki, Özbəkistan prezidenti İslam Kərimovun ölümü haqda bunun rəsmi təsdiqindən hələ iki həftə qabaq danışmağa başlayıblar. Və bu məqamda Arkadaq birdən telekameraların qabağında görünüb – Aşqabadda abadlıq tikintisi üzrə layihələr haqda hesabatı qəbul edib. Kadrlar hətta Berdımuhəmədovu başqa “keyfiyyət”də görmək istəyənlərə də təsir edib. Deməli, prezident sağdır. Sağlamdırmı – bu, başqa məsələdir.

İndi təxmin etmək qalır ki, onun ölümü haqda şayiələrin arxasında nə, ya da kim durur, yəni bu niyə meydana çıxıb?

Versiya xeyli ola bilər. Yada salaq ki, prezident öz oğlu Sərdarı bu yaxınlarda yetərincə yüksək vəzifəyə – Axal vilayətinin başçısı təyin edib və çoxları danışmağa başlayıb ki, Arkadaqın “mahnısı oxunub” və özünə varis hazırlayır. Və bu anda prezident baxış sahəsindən yox olub: deməli, ölüb. Bu, məlumatın ilkin qaynağının “bərkdən səslənmək” istəyinə tamamilə sığışır. Belə şey olduqca tez-tez və az qala, hər  yerdə baş verir. Üstəgəl, buna bayağı pislik etmək istəyi qarışa bilər.

İkinci variant: Türkmənistanda çox dərində gizlənmiş (və xaricdə açıq), respublikada ehtimal edilən hakimiyyət dəyişikliyinə xalqın reaksiyasını və hakimiyyət uğrunda mübarizədə konkret güc mərkəzləri formalaşdırmaq üçün onun siyasi seçimini yoxlamaqdan ötrü yalan informasiya tullantısının qayğısına qalmış müxalifət var.

Üçüncü variant: ölüm haqda şayiələr yaymağı “dirilmiş” prezidentin özü təşkil edib ki, rejimin daldalanmış düşmənlərini və onlara rəğbət göstərənlər üzə çıxarılsın. Sonuncular sosial şəbəkələrdə güclü gözə dəyiblər, belə ki, onları hesablayıb tapmaq çox asandır. Özü də işə, konkret əmələ görə deyil, boşboğazlığa görə. Axı bu, Türkmənistanda vətənə xəyanətə bərabər tutulur. Amma həm də istisna etmək olmaz ki, Berdımuhəmədov, yerli sakinlərin dedikləri kimi, iddia və davranışlarını prezidentin heç cür ram edə bilmədiyi saysız-hesabsız qohumlarının öz ölümünə reaksiyasını “sağlığında” kənardan görmək istəyib.

Ümumiyyətlə, Berdımuhəmədov nəinki ölüb, çox ehtimal ki, sağdır. Və bu, ehtimal ki, on gündən sonra təsdiqlənməlidir – Türkmənistanda Avaz kurortunda Xəzər iqtisadi forumu keçirmək planlaşdırılıb. Onun ləğvi haqda hələlik heç bir məlumat verilməyib.

Tərcümə Strateq.az-ındır.




Yuxarı Əvvələ Ana Səhifə