Ərgün Dilər
“Takvim”, Türkiyə, 10 avqust 2019-cu il
Sadəcə anlamağa çalışıram: yeni dünya nizamı necə olacaq? Onu kimlər quracaq? Və nəticələri bizə necə təsir edəcək? 1945-1990-cı illər arası çox sayda yazımın mövzusu oldu. Yazıb, cızdıq. Keçmişi oxumaq, təbii, gələcəyi görməkdən daha asandır.
Yaxşı, bəs dünya öz halına buraxılmayacağına görə “böyük ağıl” nə düşünür? Dünya haraya gedir? Bunu anlamaq şərtdir. Bunu gördüyümüz zaman Türkiyənin gələcəkdəki mövqeyini də görmüş olacağıq.
Dünənki köşə yazımda Tramp və dollardan bəhs etmişdim. Gəlin, bu mövzunu bir az da açaq. Xaricdə bu mövzuda yazan çoxdur. Burada nə üçünsə müzakirə edilmir. Halbuki bu, hər kəsi öz içinə alacaq və hər kəsə təsir edəcək bir həmlədir. Dolların dəyərinin necə olacağı ilə bağlı sualın cavabı eyni zamanda yeni balansın tərifi demək olacaq.
Bunu bir az açaq. Dollar üzərində oynanan oyunu çatdıraq. Gedən mübarizəni qiymətləndirək. Yazının sonunda “Dollarda qalmaq yaxşıdır, yoxsa çıxmaq?” sualının cavabını alacaqsınız.
ABŞ dolları 70 ölkədə 40-100% arasında devalvasiya gördü. 100 ildir dolların hər bir addımına nəzarət etmək sahəsində ən səlahiyyətli qurum olan “Bank of America”, ABŞ Prezidenti Trampın yaxın zamanda dolların devalvasiyası haqqında qərar verə biləcəyi fikrini irəli sürüb. “Bank of America”nın bu açıqlaması çox müzakirə edilməsə də, Vaşinqtonun dərinliklərində əndişəyə yol açıb. Zəlzələ meydana gətirib. Trampın və Maliyyə naziri Stiven Mnuçinin bu məsələ ilə bağlı addım atacağına inanılır. Dolların dəyərinin mərhələ-mərhələ 50% endiriləcəyi proqnozlaşdırılır. Bu barədə xəbər buralara gəlməsə də, təsir etməsə də, Vaşinqtonu 7,4 böyüklüyündə olan zəlzələ kimi sarsıdıb.
Ancaq “dərin Amerika” bu duruma qarşıdır. Qarşı olan komanda öz kanalları vasitəsilə Trampa sabiq ABŞ Prezidenti Riçard Niksonun taleyini xatırladıb. Özü də dəqiq formada. 1970-ci illərin əvvəlində Riçard Nikson dolların dəyərinin daha aşağı səviyyədə qalması haqqında qərar vermişdi. Ancaq o, bu qərarı dollardan istifadə edən təqribən 70 ölkəyə xəbər vermədən almışdı. Ondan sonra bu gün Trampın üstünə düşənlər Niksonun ipini çəkdi. Nikson, “Watergate” əməliyyatı ilə cəzalandırıldı. O da istefa etməyə məcbur oldu.
Əlbəttə, Tramp Nikson deyil. Daha cəsur bir prezidentdir. Bu səbəblə, Nikson dövründəkindən daha təsirli olacaq bir qərar verməyi planlaşdırır. Bu da ABŞ-dakı bəzi kəsimlər üçün böyük fəlakət mənasına gəlir.
Dolların dünyada dəyər qazanması “dərin Amerika”nın planı idi. Dolları çox olanlar bu planla birlikdə güclənəcəkdi. Elə də oldu. Argentina, Meksika və Braziliyada dolların dəyərinin çox yüksəlməsindən sonra ABŞ şirkətləri bu ölkələrdə 300-dən çox şirkəti satın aldı. Bu üç ölkəyə girən amerikalı iş adamlarının silah şirkətləriylə ortaqlıq qurmaları təsadüfi deyildi. Ancaq bunun əksi bir durum olsaydı və dolların dəyəri aşağı səviyyələrdə qalsaydı, bu satınalmalar daha çətin olardı.
İndi Vaşinqtonda hər kəs Trampın göstərdiyi bu cəsarəti sorğu-sual edir. Bu, silah şirkətlərinə qarşı ən yüksək səviyyədə açılan müharibədir. Bir neçə gün öncə yaşanan silahlı hücum da Trampın əlini gücləndirib. Amerika xalqı silah şirkətlərinə qarşı öz nifrətini ifadə edib. Tramp və arxasındakı maliyyə gücü silah lobbisini xalqın önünə atıb.
Dolların dəyərinin ciddi səviyyədə aşağı düşməsi kimin işinə yarayar? Doğru sual budur. Əlbəttə, dollarla borcu olan ölkələrə. Bunların da başında Çin gəlir. Çinin 3 trilyon dollar ehtiyatı olsa da, təqribən, 12 trilyon dollar borcu var.
İnkişaf etməkdə olan fond birjalarında qiymətli borc kağızlarının ehtiyatı davamlı olaraq artdı. 2009-2019-cu illər arasında bu rəqəm 4,7 trilyon dollardan, təxminən, 20 trilyon dollara yüksəldi. Bu müddət ərzində Çinin borcu 2 trilyon dollardan 11,7 trilyona çıxdı. Yəni, əgər Tramp dolların dəyərini 50% aşağı salarsa, Çin trilyonlarla dollar qazanmış olacaq. Bunun nəticəsində silah şirkətlərinin hədəfində olan Çin bir anda supergüc halına gələcək.
Məhz bu səbəblə Trampın atmaq istədiyi həmin addımın Vaşinqtonda uğurlu olması çətin görünür. Ancaq o, hələ bundan vaz keçməyib. Doğrusu, həmlə etməsi belə risklidir. Əslində, Tramp, öz üzərinə tarixin ən böyük riskini alır. Tramp, dolların dəyərinin düşməsilə birlikdə, ABŞ mallarına olan marağın artacağını və heç bir büdcə açığı yaşanmayacağını iddia edir. Bu iddia doğru kimi görünsə də, onun “dərin Amerika”nı küncə sıxışdıracaq bir həmlə olduğunu anlamaq çətin deyil. Çox sayda məşhur iqtisadçı yazaraq bildirib: “Dolların ömrü bitir. Bu qədər dəyərli dolların yaşama ehtimalı yoxdur”.
Ancaq silah şirkətləri dolları yeni dövr terror silahı olaraq istifadə edir. Onlar bu yeni dövr terror silahından istifadə edərək Argentina, Meksika və Braziliyada şirkətləri satın alıblar. Hər şey qanuni olub. Alan da, satan da çox xoşbəxt idi.
Dolların dəyərinin 70% artmasını sorğu-sual edən yoxdur. Ancaq dolların dəyərinin 50% endirilməsini sorğu-sual etmək istəyən çoxdur. Buna qarşı çıxan, izin vermək istəməyən da çoxdur.
Dünyadakı bütün savaşlar dollar üzündən baş verib. Bu gün neftin 1 barrelinin qiymətinin 60 dolların altına düşməsinin səbəbi də Trampdır. Neftin qiymətinin daha aşağı düşəcəyi ortadadır. Bu, kimin işinə yarayacaq? Əlbəttə, Çinin. Ona görə də silah lobbisi əndişəlidir.
İrana qarşı əməliyyat haqqında dedi-qodular, Orta Şərq və Aralıq dənizindəki gərginlik, Venesueladakı xaos artsa da, neftin qiyməti artmır, əksinə düşür. Çünki Tramp belə istəyir. Trampın kürəkəni Kuşner, Səudiyyə Ərəbistanının neft istehsalını artırır.
Digər tərəfdən də Rusiya bir neçə ay öncə gündəlik neft istehsalını 11 milyon barrelə çatdırmaqla dünyanın ən böyük neft istehsalçısı olduğunu göstərib. Neftin qiymətinin düşməsi Rusiyanın əleyhinə olsa da, bunu edib. Nə üçün? Çünki yeni bir nizam qurulur. Rusiya da öz üzərinə düşəni edir. Bu prizmadan baxdıqda, Tramp, Putin və Ərdoğan eyni cizgidə görünür.
Ancaq əllərini silahın tətiyində tutanlar bu balansa qarşıdırlar. Bu savaş dünyanın önəmli olan hər bir paytaxtında gedir. Bu, əlində pulu tutanlarla silahı tutanların bitməyən savaşıdır. Hər gün dalbadal həmlələr edilməkdədir. Son zərbəni kimin vuracağı isə bəlli deyil…
Lakin mübarizənin Ağ Evin içində başladığı və buradan hər yerə yayıldığı bəllidir. Heç bir ölkə üçün üçüncü bir yol yoxdur. Ya pulla, ya da silahla birlikdə olmalıdır. Dünya buna görə şəkil alacaq. Pentaqon, yəni silah lobbisi qalib gələrsə, dollar dəyərli qalaraq yoluna davam edəcək. Pula nəzarət edənlər qalib gələrsə, dollar əriyəcək. Hər kəs öz hesabını buna görə aparmalıdır.
Sonda hər kəsi Qurban bayramı münasibətilə təbrik edir, xeyirli bayramlar arzulayıram.
Tərcümə Strateq.az-ındır