XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

13 August 2019 - 09:20

PUTİNİN MOSKVANI İTİRMƏK RİSKİ:Kremlin kollektiv cəzalandırma strategiyası effekt vermir, aksiyaçıların sayı artır - TƏHLİL

Leonid Raqozin

“Əl-Cəzirə”, 12.08.2019

 

Avqustun 10-da müxalifət tərəfdarları Rusiya paytaxtında ardıcıl beşinci həftəsonu kütləvi etiraz aksiyası keçiriblər. Hazırkı etiraz dalğası Mərkəzi Seçki Komissiyasının müxalif namizədlərin Moskva Şəhər Dumasına, bələdiyyə başçısı Sergey Sobyaninin siyasətinə möhür vuran gücsüz qanunverici orqana seçkilərdə iştirak etmək hüququndan məhrum etməsi qərarı ilə başlanıb.

Əvvəlki iki nümayişin təşkilatçıları aksiyanı keçirmək üçün rəsmi icazə ala bilməsələr də, ötən Şənbə günü nümayişə icazə verilib və 50-60 min nəfərlik böyük izdiham yaranıb.

Bu, 2011-2012-ci illərdə Duma seçkilərinin saxtalaşdırlması ilə başlayan Bolotnaya etirazlarından bəri ikinci ən böyük mitinq olub. Prezident Vladimir Putinin Maydana qarşı sərt mövqe sərgiləməsi də həmin nümayişlər dövründə baş verib: Krımın işğalı və Ukraynanın şərqində müharibə Putinin populyarlıq reytinqini yüksəldib, müxalifət isə bölünmüş və oyundankənar qalıb.

Şənbə günü on minlərlə insanın Moskva küçələrinə tökülüşməsi Rusiya prezidentinin 5 il əvvəl qazandığı legitimlik şəraiti ilə üst-üstə düşmür. Krımın ilhaqından doğan millətçi şövq artıq öləziyib və prezident yenidən köhnə reytinqinə dönüb. Bu gün ona etimad 2010-cu ilin əvvəllərindəki vəziyyətə qayıdıb, müxalifət isə yenidən toparlanmağa müvəffəq olub və bir daha insanları böyük mitinqlərə səfərbər etmək iqtidarındadır.

Bu yaxınlarda keçirilən rəy sorğusu göstərib ki, moskvalıların 37 faizi etirazları dəstəkləyir, yalnız 27-si əleyhinə, 30 faizi isə bitərəfdir. Sorğu nəticəsinin tərəflərdən hansını daha çox sarsıtdığını söyləmək çətindir: “etirazları marginal”, “real xalq dəstəyi olmayan” liberal müxalifəti, Putin kimi güclü insanlara pərəstiş edən cəmiyyətdəki azlığı, yaxud iqtidarı…

Moskvada böyüməkdə olan narazılığın nəticələri əhəmiyyətlidir. Rusiya kimi yüksək dərəcədə mərkəzləşdirilmiş dövlətdə paytaxt, bəlkə də, söhbət rejim dəyişikliyindən getdikdə, vacib olan yeganə məkandır.

1991-ci ilin avqustunda Moskvada baş verən dinc inqilab kommunizmi sona çatdırıb və Sovet İttifaqının dağılmasını sürətləndirib. Bu inqilabdan əvvəl yüz minlərlə insanın iştirakı ilə iki il davam edən nəhəng mitinqlər keçirilib. Bugünkü etirazların miqyası hələ də onlarla müqayisə edilə bilməz, lakin böyüyürlər: ötən Şənbə günü keçirilən mitinq bir ay əvvəlki, əvvəlcədən təyin edilmiş mitinqdən iki dəfə böyük idi.

Sayın bu qədər artımının əsas səbəblərindən biri Kremlin açıq terrora keçmə qərarıdır.

Hakimiyyət əvvəlki iki “icazəsiz” mitinqi, olduqca dinc və qanunlara tabe olmalarına baxmayaraq, kütləvi iğtişaşlar kimi qəbul edib. Ayrı-ayrı müxalifət liderlərini hədəfə alınıb, hətta təsadüfən yoldan keçənləri cəzalandırılıb.

27 iyul və 3 avqust etiraz aksiyaları zamanı 2 mindən çox insan həbs edilib. Bəziləri ilə müstəsna qəddarlıqla rəftar olunub, bir çoxu isə döyülüb. Polis insulinini müsadirə etdikdən sonra diabet xəstəliyindən əziyyət çəkən televiziya prodüseri Dmitri Vasilyevə təcili tibbi yardım göstərilməyib. 1 yaşlı oğlu olan Dmitri və Olqa Prokazovlar valideynlik hüququnu itirməklə təhdid edilib. Hazırda 13 etirazçı 8 ilə qədər həbs cəzasına səbəb ola biləcək cinayət ittihamları ilə üz-üzədir.

Kollektiv cəzalandırma strategiyası Rusiya təhlükəsizlik orqanlarının mənşəyinə uyğundur. Onların hamısı 1917-ci ildə bolşevik inqilabından sonra başlanan “Qırmızı Terror”un alətləri olaraq qurulan təşkilatların varisləridir.

Təsadüfi insanları cəzalandırmaqla yanaşı, təhlükəsizlik orqanları Rusiyanın ən güclü milli müxalifət şəbəkəsinə nəzarət edən və mütəmadi olaraq yüksək səviyyəli korrupsiya ilə bağlı araşdırmalar aparan müxalifət lideri Aleksey Navalnının Korrupsiyaya Qarşı Mübarizə Fonduna (FBK) qarşı təzyiqlər edir. Şənbə günü müxalifət tərəfdarları toplaşarkən, FBK-nın demək olar ki, bütün əməkdaşları həbs edilib, etiraz hərəkatının yüksələn ulduzu Lyubov Sobol isə Moskvadan çıxarılıb və həmin axşam sərbəst buraxılıb.

Etiraz aksiyası daha çox insanı səfərbər edib, müxtəlif məşhurlar, o cümlədən Rusiyanın ən populyar video bloqeri Yuri Dud və reper Oxxxymyron mitinqi və həbsdəki siyasi liderləri dəstəklədiklərini açıq şəkildə ifadə ediblər.

Bu etiraz dalğası qərbyönümlü liberallardan tutmuş ultramillətçilərə və neonasistlərə qədər çox fərqli siyasi qüvvələrin koalisiyası olan Maydanı xatırlatmır. Moskva 1991-ci ildə bu cür inqilabı görüb və antikommunist koalisiya rejimin devrilməsindən dərhal sonra dağılıb. Taleyin kinayəsi ilə mövcud rejimin bir çox əsas simaları, o cümlədən Putinin özü də 30 il əvvəl həmin koalisiyanın üzvü idi.

Bu gün Moskva küçələrində gördüklərimiz, həddindən artıq pasifizmə və inqilabi fəaliyyətə həvəssizliyə köklənib. O, siyasi müttəfiqlərdən azad olan distillə edilmiş liberal hərəkatdır və Putinin ifrat sağçı avtoritar rejiminin qanuni sahəyə və ədalətli seçkilərə qayıtmasını istəyir. Bu çox uzun bir mübarizə olacaq və nəticə Qərbdəki populizm dalğasının aqibətindən asılıdır. Ancaq “rəngli inqilablar”dan fərqli sonuc doğura bilər.

Tərcümə: Strateq.az