XƏBƏR LENTİ

22 Avqust 2019

Digər Xəbərlər

14 Avqust 2019 - 10:22

İRANDA XƏZƏR DƏNİZİ İLƏ BAĞLI NARAHATLIQ:təməl xətt çəkilsə, ona daha az pay düşəcək - TƏHLİL

Fəramərz Dəvar

“Iran Wire”, 05.08.2019

 

Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın imzalanmasından bir il sonra İran ictimaiyyəti ölkə ərazisinin geniş bir hissəsinin taleyi ilə bağlı narahatlıqlarını ifadə edib.

12 avqust 2018-ci ildə Xəzər dənizi ilə həmsərhəd olan İran, Rusiya, Azərbaycan, Türkmənistan və Qazaxıstanın dövlət başçıları 26 illik danışıqların kulminasiya nöqtəsi olan Konvensiyanı imzalayıblar. Qazaxıstanın sahilyanı Aktau şəhərində imzalanan müqavilədə su hövzəsinin necə idarə ediləcəyi ilə bağlı qaydalar açıqlanıb, lakin hər bir ölkənin milli suları müəyyən edilməyib.

İranın Xəzər dənizi sularındakı payına dair narahatlıq o dərəcəyə çatıb ki, Konvensiyanın ildönümündə xarici işlər naziri Məhəmməd Cavad Zərif parlamentə sakitləşdirməyə məcbur olub: “Heç bir sənəd deputatlar ona səs vermədən yekun sayılmayacaq. İndiyə qədər Xəzərin hüquqi statusu haqqında Konvensiya ilə bağlı bütün qərarlar Ali Rəhbərin icazəsi və zati-aliləri Ali Rəhbərin imzası ilə qəbul edilib. Proses başa çatdıqda son qərar parlamentə göndəriləcək”.

İran və Sovet İttifaqı bir dəfə Xəzər dənizinin ərazisini bölüb. 1991-ci ilin dekabrında Sovet İttifaqı dağılandan sonra Rusiya və İran ərazi hüquqlarına sahib olan üç yeni ölkə ilə qarşılaşıb.

Sovet dövründən qalan qanunlar artıq adekvat deyildi. Bundan əlavə, yeni neft və qaz ehtiyatlarının kəşf edilməsi və 5 sahil ölkə ilə yanaşı, başqa dövlətlərə məxsus gəmilərin naviqasiyası yeni şərtlərin yaranmasına səbəb olub.

Nəhayət, 30 illik danışıqlardan sonra dövlət başçıları razılığa gəliblər, lakin 5 ölkənin parlamentləri hələ də Konvensiyanı ratifikasiya etməyib.

İslam Respublikasının Konstitusiyasına görə, istənilən beynəlxalq müqavilə parlament və Nəzarət Şurasında təsdiqlənməlidir.

 

Xəzər dənizi necə bölünəcək?

 

Xəzərin hüquqi statusu haqqında Konvensiya dənizlə bağlı gələcək bütün qərarlar üçün “ana sənəd”dir, lakin sənəddə hər bir ölkənin payının təfərrüatları göstərilmir. Konvensiya 2018-ci ildə imzalanandan sonra növbəti iki addım – təməl xətlərin və dəniz dibinin sərhədlərinin müəyyənləşdirilməsinə dair danışıqlara başlanması elan edilib.

Dəniz təməl xəttiölkənin ən uzaq çıxıntılarının uclarını dənizə bağlayan hipotetik xəttdir. Bu xəttin arxasındakı sular ölkənin daxili suları hesab olunur. Xəzər dənizində bu xəttdən əvvəl olan sular 15 dəniz mili və ya təxminən 28 kilometr məsafədə ərazi suları kimi təyin olunmalıdır. Təyinata əsasən, ərazi suları ölkə ərazisi hesab olunur, yəni başqa ölkədən heç bir gəmi bu əraziyə girə bilməz və heç bir təyyarə həmin ölkənin icazəsi olmadan onun üzərindən uça bilməz.

İran istisna olmaqla, Xəzər dənizini bölüşən ölkələrin sahilləri dərin və batıqdır. Bu o deməkdir ki, təməl səviyyə bu dörd ölkəyə Xəzərdəki daxili suların daha böyük payını verəcək.

Digər sahilyanı dövlətlərdən fərqli olaraq, İran sahili daha qısa və nisbətən dayazdır.

Nəticə etibarilə təməl xəttin çəkiləcəyi zaman İran digər ölkələrə nisbətdə Xəzərin daha az hissəsini əldə edəcək. 2018-ci ildə imzalanan Konvensiyada qeyd olunur ki, təməl xətlərin qoyulması məsələsinə gəldikdə, İrana aid xüsusi vəziyyət nəzərə alınmalıdır.

Artıq bir neçə aydır ki, danışıqlar gedir, amma rəsmi nəticə əldə olunmayıb.

İran ictimaiyyətinə danışıqlarda nələrin baş verdiyi xəbər verilməyib, lakin  İslam Respublikası təfərrüatları ictimailəşdirməsə də, digər ölkələr onları açıq elan etməyə borcludur.

Konvensiya ilə bağlı razılaşma barədə xəbərlər ilk dəfə Rusiya tərəfindən elan edilib və bir neçə gün sonra İran rəsmiləri mediaya prezident Ruhaninin sənədi imzalamaq üçün Qazaxıstana getdiyini bildirib.

 

Son söz Ayətullah Xamnəinindir

 

İran parlamenti Xəzər dənizi ilə bağlı narahatlıqları nadir hallarda ifadə edən hakimiyyətin yeganə qoludur. Xarici işlər naziri Zərif qısa zamanda bu narahatlığı öləziləşdirib. O, parlament üzvlərini Konvensiya ilə bağlı bütün qərarların Ali Milli Təhlükəsizlik Şurası və Ali Liderin məlumatı və razılığı ilə verildiyini inandırmağa çalışıb. Öz növbəsində, Xəzər dənizi ilə bağlı geniş narahatlığa baxmayaraq, Ayətullah Xamnəi məsələ ilə bağlı bir söz deməyib.

İranlılar, ümumiyyətlə, Rusiyanın niyyətlərinə inamsızlıq göstərir və İranın Qafqazdakı ərazisinin itirilməsi ilə başa gələn 19-cu əsr müharibələrini və ortaq tarixi unutmayıblar. Ancaq Ayətullah Xamnəi bu geniş yayılmış inamsızlığa məhəl qoymayıb və Rusiyaya, habelə hazırkı dövlət başçısı Vladimir Putinə çox müsbət münasibət bəsləyir.

2007-ci ildə Tehranda Putinlə ilk görüşündə o deyib: “Rus xalqının beynimizdəki təsviri müsbət və parlaqdır. Bu, rus xalqının müxtəlif dövrlərdə göstərdiyi mətanət və müdrikliyə görədir”.

Putin yeganə dünya lideri və BMT Təhlükəsizlik Şurasının daimi üzvü olan dövlətin nümayəndəsidir ki, üç dəfə Ali Rəhbərin Tehrandakı ofisində Ayətullah Xamnəi ilə görüşüb. İyul ayında Putin Rusiya Dumasına Xəzər dənizinə dair Konvensiyanın yekun təsdiqlənməsi üçün qanun layihəsi göndərib.

İslam Respublikası hazırda sanksiyalarla iqtisadi mühasirədədir və gərgin beynəlxalq münasibətlər kəskinləşməkdə davam edir. Amma İran ictimaiyyəti vəziyyətin daha da pisləşməsinin qarşısını almaq üçün bu kövrək vəziyyətdə rejimin Xəzər dənizini, xüsusən də Rusiya ilə bölüşdürərkən, qonşularına gizli, məcburi güzəştlər edəcəyindən narahatdır.

Tərcümə: Strateq.az





Yuxarı Əvvələ Ana Səhifə