Aram Amatuni
“1in.am”, Ermənistan, 13 avqust 2019-cu il
Türk mətbuatı yazır ki, Türkiyə çoxfunksiyalı Su-35 rus qırıcı təyyarələrini əldə etmək imkanlarına baxır.
Əvvəllər rus hərbi-sənaye kompleksinin yüksəkçinli bir məmuru bu qırıcıları Türkiyəyə təmin etməyə hazırlıq haqqında bəyanat vermişdi. Bu təyyarələrin əldə edilməsini şərtləndirən odur ki, ABŞ sanksiyalar kontekstində Ankaraya yeni amerikan F-35 təyyarələrini verməkdən imtina edib. Vaşinqtonun bu qərarına da səbəb o olub ki, Ankara çoxsaylı xəbərdarlıqlara baxmayaraq, rus S-400 HHM sistemi almaqdan imtina etməyib.
Yeni rus-türk hava anlaşmasının reallaşma imkanının nə qədər mümkün olub-olmaması hələlik aydın deyil, lakin Ermənistan üçün bu anlaşma, ehtimal ki, S-400 HHM sisteminə nisbətən daha böyük qayğıya səbəb olur.
Çünki S-400 HHM sistemi müdafiə təyinatlı silah sistemi olduğu halda, çoxfunksiyalı Su-35 qırıcı təyyarələri ən yeni rus hücum silahlarıdır. Problem də ondadır ki, Ermənistan özünün yeni müdafiə strategiyasında əsasında hava hakimiyyəti duran hücum strategiyasına keçdiyini bəyan edib.
Ermənistan buna nail olmaq üçün də Rusiyadan çoxfunksiyalı Su-30 təyyarələri alır, onların ilk partiyasının gəlişi 2020-ci ilin yanvar ayında gözlənilir.
Hələ ilkin mərhələdə bir sıra rus ekspertlərində erməni-rus anlaşmasının mümkünlüyü haqqında belə bir fikir vardı: Moskva bu təyyarələri Yerevana ona görə satır ki, sonra Bakıya Su-35-ləri satsın.
Yeri gəlmişkən, rus hərbi-sənayeçiləri onların Bakıya tədarük edilməsinə hazırlıq haqqında da danışırdılar. Əlbəttə, onların, necə deyərlər, peşəkar hazırlığı bir şeydir, məsələnin siyasi həlli aspekti isə başqa bir şey.
Hərbi-sənayeçilər hazır ola bilərlər, ancaq bunu etmək və ya etməmək məsələsini siyasi rəhbərlik həll edəcək. RF-nin siyasi rəhbərliyi Aprel müharibəsindən və Ermənistanda “məxməri inqilab”dan sonra, müəyyən şərtlərə görə, Bakıya belə strateji əhəmiyyətli silahların satışında çətinlik çəkir. Çünki Yerevan “məxməri inqilab”dan sonra mümkün və ya möhtəməl müharibəyə görə siyasi məsuliyyəti Rusiyanın üzərinə qoyub.
Burada problemlər, həqiqətən, ciddidir. Lakin eyni zamanda narahatlıq üçün səbəb də ciddiləşir. Belə ki, müəyyən reallıqlara görə, Yerevan qarşısında çətinlik çəkən Rusiya Bakını, necə deyərlər, Türkiyə vasitəsilə silahlandıra bilər. Məhz bu, Yerevan üçün ciddi siyasi diqqət predmeti olmalıdır.
Bakının maraqlarının dolayısilə təmin edilməsinin, xüsusilə hər hansı bir sövdələşmə olduğu halda, silah tədarükünün istisna olunması üçün preventiv tədbirlər görülməlidir.
Bununla birlikdə, hətta Rusiya özü ümumiyyətlə Bakı ilə hərbi-texniki ticarətdə Türkiyədən vasitəçi kimi istifadə etmə variantına baxmasa da, Yerevan istənilən halda preventiv tədbirlər görməlidir ki, Ankaradan silahların üçüncü ölkəyə verilməyəcəyi barədə təminatın alınması şərti çərçivəsində satışın baş tutmasıyla üzləşməsin. Belə bir praktika mövcuddur və hətta Rusiya onu Yerevanla münasibətlərdə tətbiq edib. Bu səbəblə, əgər o, Su-35-lərin satışınadək gedəcəksə, həmin şeyi Türkiyə ilə hərbi ticarətdə də etməlidir.
Tərcümə Strateq.az-ındır