XƏBƏR LENTİ

25 Noyabr 2020
24 Noyabr 2020

Digər Xəbərlər

30 Avqust 2019 - 16:53

RUSİYA TÜRKİYƏYƏ XƏBƏRDARLIQ EDİR –ABŞ-la birgə təhlükəsiz zona yaratmanın nəticəsi nə olacaq?

Kristina Covanovski

“The Media Line”, 30.08.2019

 

Beş aydır İdlib vilayətini suriyalı üsyançılardan geri almaq üçün hücumlar həyata keçirən rejim  qüvvələrinə qarşı böyük əks-hücum təşkil edilib. Bu, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Suriyada koordinasiyanı artırmaq barədə razılığa gəldiyi bildirilən Rusiya prezidenti Vladimir Putinlə Moskvadakı görüşündən sonra baş verir.

Analitiklər “Media Line”-a bildiriblər ki, Ərdoğanın əsas prioriteti Suriya-Türkiyə sərhədi boyu, ölkənin şimal-qərb bölgəsində hücumlarını dayandırmaq üçün Putinə təzyiq göstərməkdır.

“Reuters” xəbər agentliyinin verdiyi məlumata görə, Putin tərəflərin Suriyada üsyançıların son böyük dayağı olan İdlibdəki terrorçu yuvalarını zərərsizləşdirmək və oradakı vəziyyəti normallaşdırmaq qərarına gəldiklərini bildirib.

Görüşdən sonra keçirilən birgə mətbuat konfransında Ərdoğan bölgədə sülhü təmin etmək üçün Suriya rejiminin hücumlarına son verməli olduğunu söyləyib. “Biz mülki şəxslərin bombalanmasını qəbul edə bilmərik və təəssüf ki, mülki insanları hədəfə almaq radikal ünsürləri gücləndirir. Vəziyyət bölgədəki türk əsgərlərinin həyatını təhlükədə qoyur. Sərhədlərimizdə özünümüdafiə hüququmuz var və lazım olan anda zəruri addımları atacağıq”.

İstanbul Universitetinin Siyasi Elmlər və Beynəlxalq Münasibətlər kafedrasının dosenti Müzəffər Şenel deyib ki, Ərdoğanın başlıca məqsədi Suriyadakı müşahidə postlarında türk əsgərlərinin təhlükəsizliyini təmin etməkdir.

Rejim qüvvələri bir müddət əvvəl bu mövqelərdən birini mühasirəyə alıb və bu ayın əvvəlində Türkiyə hərbi karvanlarından biri hava hücumu ilə hədəf alınıb.

“Reuters” xəbər verir ki, bir türk rəsmisi qeyd edib ki, “türk əsgərlərinə ən kiçik bir hücum olsa belə, bunun qisasını alacağıq”.

Rusiya və İranla birgə razılığa əsasən, üsyançılar və Bəşər Əsədə sadiq olan qoşunlar arasında birbaşa toqquşmaların qarşısını almaq üçün Türkiyə Suriyanın şimal-qərbində 12 müşahidə məntəqəsi yaradıb.

Ankara İdlibdəki döyüşlərin nəticəsində 3,5 milyondan çox suriyalı qaçqının Türkiyəyə sığınmaqla, yeni humanitar böhrana səbəb olacağından qorxur.

Şenel deyib: “Humanitar böhran yol üstədir… Mən o qədər də optimist deyiləm, amma yenə də diplomatik həll üçün kiçik bir şans var”.

Putin-Ərdoğan görüşü Türkiyə müdafiə nazirinin Suriya-Türkiyə sərhədinə yaxın silahlı qrupların fəaliyyətinin qarşısını almağa yönəlmiş “təhlükəsiz bölgə” yaradılması və izlənməsi üçün Birləşmiş Ştatlarla ortaq əməliyyat mərkəzinə dair işə başlandığını elan etməsindən sonra baş tutub.

“Türkiyə balansa çalışır, amma bu, asan deyil”. Bunu Londondakı Kral Kollecinin əməkdaşı Saymon Uoldman bildirib. Onun sözlərinə görə, Moskva Ankaranın Suriyada ABŞ qoşunları ilə yaxından əməkdaşlıq etməsini istəmir. Çünki bu, Vaşinqtonun müharibə şəraitində olan ölkədəki gələcək inkişaflara təsirini artırır.

Uoldman deyib: “Həqiqətən, Rusiya ABŞ-ı kənara itələyərək deyir ki, bu, bizim təsir dairəmizdir, girişinizə izn verməyəcəyik”.

Bununla belə, Türkiyə və Rusiyanın Suriyada fikir ayrılıqları var: Ərdoğan rejimə qarşı çıxarkən və üsyançı qüvvələri dəstəkləyərkən, Putin Əsədin tərəfini tutur.

Uoldman Rusiyanın tədricən türk ordusunu suriyadan kənarlaşdıracağını təxmin edir.

Almaniyada fəaliyyət göstərən Henrix Boll Fondunun Türkiyə üzrə direktoru Kristian Brakel Rusiyanın İdlib hücumunda iştirakının Moskvanın Türkiyə-ABŞ müttəfiqliyinə qarşı mesajı olduğunu söyləyib.

“Məncə, bu, pis nəticələrinin ola biləcəyinə dair Türkiyəyə siqnaldır”.

Tərcümə: Strateq.az




Yuxarı Əvvələ Ana Səhifə