XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

30 August 2019 - 22:47

LUKAŞENKO ARTIQ “AVROPANIN SONUNCU DİKTATORU” DEYİL…- ABŞ Putinə qarşı güclənmək üçün "Batka"nı "qara siyahıdan" çıxarır

ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton Belarusa səfərində prezident Aleksandr Lukaşenko ilə görüşüb. Görüş zamanı Belarus lideri amerikalı qonağa Birləşmiş Ştatlarla münasibətləri “təmiz səhifədən” başlamağı təklif edib. Müzakirələrin səmimi şəraitdə keçməsi göstərir ki, Vaşinqton Belarus liderinin “diktator” imicini geridə qoymağa və Minsklə münasibətlərin yaxşılaşmasından Rusiyaya qarşı müqavimətdə istifadə etməyə hazırdır.

Hələ səfərdən əvvəl ABŞ-ın Ukraynadakı keçmiş səfiri Con Xyorbst News.ru-ya bildirmişdi ki, Bolton Lukaşenko ilə görüşdə regional təhlükəsizlik məsələlərini müzakirə edəcək və Vaşinqtonun Belarusun müstəqilliyinə sadiq olduğunu vurğulayacaq.

Ekspertlər də bu fikirdə idilər ki, suverenlik Boltonun səfəri zamanı müzakirəyə çıxarılacaq əsas məsələlərdən biri olacaq. Belə ki, bu ilin noyabrında Belarusun Rusiyaya inteqrasiyasının dərinləşməsini nəzərdə tutan yol xəritəsi təsdiqlənəcək.

Yeri gəlmişkən, son vaxtlar Moskva Belarusun Rusiyaya sıx inteqrasiyasına nail olmaq üçün səylərini xeyli artırıb. Hazırda Rusiya Belarusa və Avrasiya İqtisadi Birliyinin digər ölkələrinə neft və neft məhsullarını daxili qiymətlərlə – neftin dünya bazarındakı qiymətindən daha ucuz tədarük edir. Yanacağın böyük hissəsi hələ ki Belarusun iki neft emalı zavoduna gedir. Onlar nefti ölkənin ehtiyacları üçün emal edirlər, qalanı da ixrac olunur. Belarusdan çıxarılan neftin ixrac rüsumu da bu ölkənin büdcəsinə daxil olur.

2018-ci ilin yayında Rusiya Dövlət Duması “Vergi manevri” adlanan və yerli neft emalı sənayesinə dəstəyi nəzərdə tutan qanun qəbul etdi. Sənədə əsasən, 2024-cü ilədək tədricən faydalı qazıntıların hasilatı üçün nəzərdə tutulan rüsum qalxacaq, ixrac rüsumu ləğv olunacaq. Bu o deməkdir ki, Belarusa tədarük olunan neft dünya qiymətləri ilə satılacaq. Bu isə Belarus iqtisadiyyatına zərbədir.

Rusiyadan gələn və rüsumdan azad olan yanacaq Belarus üçün olduqca sərfəli, ixrac rüsumları isə Minsk üçün valyutanın əsas mənbəyi idi. İndi Lukaşenko bütün bunlardan məhrum olunacaq. Minskin hesablamalarına görə, qarşıdakı 5 ildə Belarus 12 milyard dollara qədər vəsait itirə bilər. Eyni zamanda ölkədə benzin və dizelin qiyməti qalaxacaq ki, bu da əhalinin xərclərində özünü nəzərəçarpacaq dərəcədə göstərəcək.

Rusiya müttəfiqinə itkiləri kompensasiya etməyi təklif edir. Əvəzində isə yalnız bir tələb qoyur – daha sıx inteqrasiya. Moskva ehtmal edirdi ki, Minsk böyük maliyyə itkisindən çəkinərək daha uyumlu olacaq. Lakin başqa reaksiya ilə qarşılaşdı – qarşı tərəfdən mesaclar gəlməyə başladı ki, əgər kompensasiya olmasa, yerli hakimiyyət ittifaq dövlətinin onlara lazım olub-olmadığını bir daha düşünəcək.

Qayıdaq, Boltonun Belarusa səfərinə. Məlum səfəri gerçəkləşdirməklə ABŞ Boltonun timsalında əmin olmaq istəyirdi ki, Minsk öz müstəqilliyini qurban verməyə hazırlaşmır. Bolton özü görüşdən əvvəl bildirmişdi ki, Lukaşenko ilə görüşdə 2006-cı ildəki prezident seçkilərindən sonra Belarusa tətbiq edilən sanksiyalar barədə danışacaqlar. Müşavir sanksiyaların ləğv ediləcəyini dilə gətirməsə də, məhdudiyyətlərin tətbiq olunduğu vaxtdan bu yana çox şeylərin dəyişdiyinə işarə vurdu.

“Tarix yerində durmur. Sovet İttifaqının çöküşündən xeyli vaxt keçib, geosiyasi vəziyyət dəyişib. Bu vəziyyət hətta bizim danışıqlar zamanı dəyişir”, – Belarus prezidentinin rəsmi portalında Con Boltonun adından yayılan bəyanatda deyilir .

Boltonun Belarusa gəlişini qiymətləndirən Aleksandr Lukaşenko bildirib ki, bu tarixi səfərdir. Onun sözlərinə görə, Belarus uzun müddət idi ki, ABŞ-dan belə yüksək ranqlı qonaq qəbul etməmişdi. Lukaşenko hesab edir ki, iki ölkə arasında münasibətləri yeniləmək üçün bütün şərtlər mövcuddur.

“Sizin səfəriniz ətrafında baş verən bütün bu səs-küyə baxmayaraq, bunun bir çox müsbət tərəfləri var. Xüsusən Belarus üçün. ABŞ-la münasibətlərimiz pisləşəndən bəri biz mütəmadi olaraq bu xoşagəlməz səhifəni qapatmağı və yeni vərəqdən başlamağı təklif edirdik”, – deyə Lukaşenko Boltona müraciətlə bildirib.

Lukaşenko ABŞ-Belarus münasibətlərinə dair kəskin mövzuları səmimi və dostcasına müzakirə etməyi təklif edib.

Qərb ölkələrini Belarusla bağlı narahat edən ölkədə insan haqlarının vəziyyəti, seçkidəki pozuntular və qüvvədə olan ölüm hökmüdür. 2008-ci ildə ABŞ və Belarus qarşılıqlı şəkildə səfirlərini geri çağırdı və o vaxtdan səfirlər geri qayıtmadılar. Lakin Belarus Moskva ilə dialoqda daha çox azadlığa nail olmaq üçün 2014-cü ildə Avropa və ABŞ-la ehtiyatlı yaxınlaşma kampaniyası başlatdı. Və bu istəyinə qismən müvəffəq oldu. Artıq Vaşinqtonda Lukaşenkonu “əli sıxılmayacaq persona” hesab etməyə son veribər.

Keçmiş səfir Con Xyorbst News.ru-ya onu da bildirib ki, Belarus-ABŞ münasibətlərinin normallaşması Şərqi Avropada artan (Ukraynanın şərqindəki münaqişəyə görə) gərginliklə bağlıdır:

“Birləşmiş Ştatlar Belarusun vacibliyini hər zaman etiraf edib. Vaşinqtonun siyasəti iki faktoru hər zaman diqqətə alıb: strateji sabitlik və insan haqları da daxil olmaqla, daxili islahatlar. Son vaxtlar bizim Belarusla münasibətlərimiz insan haqlarına görə mürəkkəb idi. Lakin Şərqi Avropadakı strateji xəritə indi əvvəlkindən daha təhlükəli görünür. Cənab Lukaşenko artıq Avropadakı sonuncu diktator deyil. Və qətiyyən ən təhlükəli diktator deyil”.

Tərcümə etdi: G.Hüseynova

Strateq.az