XƏBƏR LENTİ

02 Dekabr 2020
01 Dekabr 2020

Digər Xəbərlər

03 Sentyabr 2019 - 11:18

HİND KƏŞFİYYATININ “PƏNCŞİR ASLANI” İLƏ GİZLİ ƏLAQƏLƏRİ… –Sabiq səfirin xatirələri bir çox gizlinlərə işıq salır

V. Sudarşan

“The Hindu”, 01.09.2019

 

“Hindistan öz qoşunlarının Əfqanıstan torpağına yerləşdirilməsi səhvini etməməlidir”. Bunu 2001-ci ildə öldürülməsinə qədər “Taliban” və ABŞ qüvvələri ilə döyüşən Şimal Alyansının hərbi komandiri Əhməd Şah Məsuda rəsmi Dehlinin gizli hərbi yardımını əlaqələndirən diplomat deyir.

4 il ərzində, 1996-2000 illəri arasında, Tacikistanın paytaxtı Düşənbəni tərk edənə qədər səfir Bharat Rac Muthu Kumar Hindistanın Məsud qüvvələrinə gizli olaraq verdiyi hərbi-tibbi yardımı əlaqələndirib.

Muthu Kumar deyir: “Hər şey 26 sentyabr 1996-cı ildə Pakistan Xidmətlərarası Kəşfiyyat (ISI) tərəfindən dəstəklənən “Taliban”ın Kabil şəhərini ələ keçirməsi, eks-prezident Nəcibullahın axtalanması və asılmasından başlayıb. Bundan bir neçə saat əvvəl, Hindistan səfirliyinin əməkdaşları cəhənnəmə çevrilən ölkədə son təyyarəyə minmişdilər”.

Kabilin Tacikistan paytaxtındakı maraqlarına nəzarət edən Əmrullah Saleh “Komandan”ın onunla görüşmək istədiyini bildirmək üçün Muthu Kumara zəng edib.

“Komandan” Əfqanıstanda 10 il işğalçı sovetlərlə vuruşan “Pəncşir Aslanı” Məsud idi.

Hindistan səfiri görülməli olan işlərlə bağlı Dehlidən təlimat istəyib. Cavab: “Diqqətlə qulaq as, inan və qulağında sırğa et”.

 

Çay və quru meyvələr

Məsud Düşənbədəki Karamova küçəsində bir ev kirayələyib. Məhəmməd Saleh Registani evin işlərinə nəzarət edib.

Hindistan səfiri müntəzəm olaraq Əhməd Şah Məsudla görüşməyə başlayıb. Evə çay və quru meyvələr gətirir, Əfqanıstandakı vəziyyəti müzakirə edirmiş.

Komandan ingilis dilində danışa bilmədiyindən tərcüməni kəşfiyyat rəisi olacaq Əmrullah edib. Sonralar Hindistan səfiri tərcüməni sürətləndirmək üçün Qureşini özüylə götürüb.

Məsudla ilk görüşdə o açıq deyib: “Hindistanın dəstəyinə ehtiyacım var”. Sonra ehtiyac duyduğu əşyaların siyahısını tərtib edib.

Dehlidə soruşublar: “Bizim bu işdə xeyrimiz nə olacaq?”

Muthu Kumar izah edib: “O, mübarizə aparmalı olduğumuz düşmənlə mübarizə aparır. Məsud “Taliban”la döyüşəndə, Pakistanla döyüşür”.

 

Siyahı genişlənir

Komandanın istək siyahısı artmaqda idi və bir dəfə Dehli tələbin yalnız bir hissəsini göndərməyə razılaşdıqda, Muthu Kumar Məsudun vəziyyətini izah edən bir mesaj göndərib: “Biz onu maye oksigenlə təmi etməliyik”.

Keçmiş əsgər, daha sonra xarici işlər naziri olmuş “Bharata Canata Parti”nin (BJP) lideri Casvant Sinqh mesajı oxuyub. Birbaşa Muthu Kumara zəng edib və Komandana çatdırmaq üçün ismarış göndərib: “Zəhmət olmasa, onun tələblərinə cavab verəcəyimizə əminlik yaradın”.

Ağır texnika istisna olmaqla, qısa müddət sonra Hindistan Şimal Alyansına geniş kömək edib: silah-sursat, minaatanlar, Kəşmirdə ələ keçirilmiş yenilənmiş “Kalaşnikov”lar, döyüş və qış geyimləri, paketlənmiş ərzaq, dərman və vəsait. Hamısı da Londondakı qardaşı Vəli Məsud vasitəsilə.

Yardım digər ölkələrin köməyi ilə dövri olaraq çatdırılıb.

Muthu Kumar miqdarı xatırlamır. Satınalma və çatdırılma logistikasını Dehlidəki Hərbi Kəşfiyyat idarə edib. Təchizatlar Düşənbəyə müntəzəm olaraq gəlir və Tacikistan gömrükçüləri Tacikistan-Əfqanıstan sərhədində, 10-a yaxın helikopterlə Farxora rahat keçidi təmin ediblər.

1996-1999-cu illər arasında Hindistan Məsuda iki “Mi-8” vertolyotu bağışlayıb.

Həmçinin, helikopterlərin ehtiyat hissələri və xidmətini də təmin edib.

 

Cəbhə xəstəxanası

Yaralılar Farxordakı helikopterlərlə döyüş bölgəsindən fasiləsiz gətiriliblər. Davamlı müalicəyə ehtiyacı olanlar Farxor və Düşənbə yolu ilə Dehliyə göndərilib, onlara vizalar qısa zamanda verilib.

Bundan əlavə, səfirlik bir xəstəxana təşkil edib: 5 həkim və 24 dörd tibb işçisi. Tibbi yardım layihəsi o dövrdə 7,5 milyon dollar dəyərində olub.

Səfir Muthu Kumar yaralıların rahatlığı üçün xəstəxananın yanında helikopter meydanı qurmaq istədikdə, rəsmi Dehli zarafatla “Çox uzağa gedirsiniz!” – deyə rahat bir həll tapıb.

Farxor pambıqçılıq zonası idi və pambıq əkmək üçün ayrılan sahədə yeddi və ya səkkiz düym qalınlığında və böyük bir “MI-8”-in enməsi üçün kifayət qədər yararlı dəmir-beton plitələr döşəyiblər.

Beləliklə, tibb müəssisəsinin də bir aeraportu vardı.

Hindistan rəsmiləri Məsudla görüşmək üçün Düşənbəyə uçmağa başlayıb.

Prezident İmamoli Rəhmon 22 yanvar 1999-cu ildə Vyetnamdan qayıdarkən, Dehlidə texniki eniş istəyib. Baş nazir Vacpayi onu iqamətgahında nahar etməyə dəvət edib və əlaqələrin dərinləşdirilməsi yolları müzakirə olunub.

Dehli bölgədə irəliləməni davam etdirmək üçün Aynidəki aviabazada maraqlı idi. O, “Su-25” təyyarələri üçün ruslar tərəfindən istifadə olunub. Onlar geri çəkildikdən sonra aviabaza yararsız vəziyyətə düşüb. Hindistan uçuş-enmə zolağını uzadıb, aviabazanı təkmilləşdirib, ora 4 zabit və komendant təyin edib. Ayni aviabazası Hindistanın Tacikistandakı yaxşı təchiz edilmiş təlim missiyasının bir hissəsinə çevrilib.

9 sentyabr 2001-ci ildə öldürüldüyü zaman Məsud Farxor tibb müəssisəsinə gətirilib. General Registani Belarusa, Minskə göndərilən Muthu Kumara zəng edib. “Komandan sui-qəsdə məruz qalıb”.

Tarix diplomatın toy ildönümünə təsadüf edib və o, ziyafəti yarımçıq qoyraq dərhal səfərə çıxıb.

Bir neçə gün sonra Məsudun ölümü elan edilib.

Amerika əsgərinin çəkməsi Əfqanıstan torpağına dəyən kimi Farxordakı xəstəxana Məzari-Şərifə köçürülüb.

 

Günün əks-sədası

Ölümündən cəmi üç ay əvvəl, may ayının sonunda Məsud Dehlini ziyarət edib. 4 günlük, həm də rəsmi dəvətlə.

Casvant Sinqh “Şərəfə çağırış” kitabında Əfqanıstan və Pakistandan olan terrorçu qruplara görə onun necə qorunduğunu təsvir edib.

Hindistanın təcrübəsində indi aktual olan bir şey varmı?

Muthu Kumar, Məsudun 1998-ci ilin avqustunda ABŞ-ın Qəndəhar və başqa yerlərə qanadlı raket hücumlarına başlamazdan əvvəl nə dediyini xatırladır: “Əfqanıstandakı problem, “Taliban”dan daha çox, xarici qüvvələrin varlığıdır. Buna görə də mən də “Taliban”la birlikdə olan qüvvələrə qarşı da mübarizə aparıram. Diplomatları Məzari-Şərifdə qətlə yetirilməsindən sonra İran sərhədlərimizdə “Taliban”ı cəzalandırmaq üçün 250 mindən çox əsgər toplayıb. İrandakı rəhbərliyə tövsiyə etdim ki, Əfqanıstana hücum etməyin. Mənə xarici qüvvələri və “Taliban”ı məğlub etmək üçün maddi kömək edin”.

Muthu Kumar deyir: “Məsudun sözlərini nəzərə alaraq, Hindistan əsgərinin çəkmələri Əfqanıstan torpağına dəyməməlidir. Bu səhvi etməməliyik”.

Tərcümə: Strateq.az