XƏBƏR LENTİ

11 Dekabr 2019
10 Dekabr 2019

Digər Xəbərlər

11 Sentyabr 2019 - 11:31

ƏRDOĞAN AVROPANIN BOĞAZINDAN YAPIŞIB: “Tələblərimizi yerinə yetirməsəniz, qaçqınları Avropaya buraxacağıq” - Araşdırma

Dmitri Bobrov

inosmi.ru, 10.09.2019

 

Türkiyə prezidenti Rəcəb Ərdoğan bildirib ki, Avropa Birliyi onun ölkəsinə münasibətdə öz öhdəlikərini yerinə yetirməsə, milyonlarla qaçqın  Avropanın sərhədlərini açacaq. Söhbət təkcə puldan getmir: Türkiyə Suriya-Türkiyə sərhədi boyunca “təhlükəsizlik zonası” qurmaq istəyir və Brüsselin yardımını tələb edir. Bundan başqa, Ərdoğan Türkiyə vətəndaşları üçün AB-dən vizasız rejim və başqa güzəştlər almağa çalışır. Ərdoğanın son ultimatumu: Avropa Birliyi “təhlükəsizlik zonası” yaratmaqda Türkiyəyə yardım etməzsə, qaçqın axınının Avropaya axışmağına imkan verər. Bu tələb Avropa Komissiyasını çətin seçim qarşısında qoyub: “İstanbul diktatoru”na güzəştə getmək, ya getməmək? Axı Avropada sağçı populist hərəkatların yüksəlişini məhz qaçqın problemi doğurub və Avropanın liberal demokratiyasını təhlükə altında qoyub. 2015-cı il qaçqın böhranının təkrarı Avropa üçün öldürücü hadisə ola bilər.

Ankara “təhlükəsizlik zonası” haqda niyə məhz indi danışmağa başlayıb? Müxtəlif dəyərləndirmələrə görə, Suriyadan və müxtəlif ölkələrdən 3,6 milyona yaxın qaçqın Türkiyədə yerləşib. Bu, dünyanın hansısa ölkəsinin qəbul etmiş olduğu ən böyük qaçqın kontingentidir və Türkiyə üçün, doğrudan da, asan deyil.

Suriya ordusunun İdlibdəki döyüşçülərin mövqeyinə son hücumu yüz minlərlə yerli sakinin Türkiyə yönündə qaçmağına gətirib, bu da qaçqın problemini kəskinləşdirib. Türkiyə Suriyanın şimali-şərqində “təhlükəsizlik zonası” qurmaq və Türkiyə ərazisinə yığılan bir milyona qədər qaçqını orada yerləşdirmək niyyətindədir.  Ankaranın fikrincə, bu, iki vəzifəni həll etmək imkanı verər: suriyalı qaçqınların bir hissəsini vətənə qaytarmaq və Türkiyəni kürd xalq özünümüdafiə güclərinin nəzarət etdiyi Suriya bölgələrindən ayırmaq. Bu dəstələr Suriyada indiki vətəndaş savaşının gedişatında faktiki olaraq Suriya kürdlərinin müvəqqəti hökuməti rolunu oynayan və Türkiyənin barışmaz düşməni  “Demokratik Birliyə” tabedir.

Türkiyə avqustun əvvəlində Türkiyə sərhədi və Suriyadakı kürd anklavları arasında 450 km uzunluğunda və 30 km enində “təhlükəsizlik zonaları” yaratmağı amerikalılarla razılaşdırıb. Bu bölgəyə hələlik kürd könüllüləri nəzarət edir, Türkiyə onların iştirakına qarşı kəskin çıxış edir. Lakin ABŞ kürdlərə cihadçılarla mübarizədə müttəfiq kimi yanaşır və kürd dəstələrinin təxliyyəsi haqda Ərdoğanın tələblərini yerinə yetirməyə tələsmir. Ərdoğan bununla yanaşı avropalılara basqını gücləndirir: Avropa Birliyini bu layihəni dəstəkləməyə çağırıb. O deyib ki, əks halda qaçqınları itələyib Avropaya sarı çıxardacaq. Ərdoğan “təhlükəsizlik zonası”nda yaşayış qəsəbələri tikmək qəsdilə avropalılardan çoxmilyardlıq yardım tələb edib. Qeyd etmək gərəkdir ki, Ərdoğan Suriya, İraq və Yaxın Şərqin başqa ərazilərinə “böyük Türkiyə”nin I dünya savaşı nəticəsində qanunsuz qoparılmış vilayətləri kimi yanaşan yeni osmançılıq ideologiyasının ifadəçisidir. Ankara özünün təsir zonalarından əl çəkmək niyyətində deyil, onun əlində Avropaya çox güclü basqı aləti var.

Suriya savaşı nəticəsində 2015-ci ildə Türkiyə, Egey dənizi və Balkanlar  üzərindən Avropaya yüz minlərlə qaçqın gəlib, təkcə Almaniyada onların ümumi sayı milyon yarıma yaxınlaşıb. Bu, təcili tədbirlər tələb edib və Almaniya kansleri Angela Merkel 2016-cı ilin martında Ərdoğanla görüşüb ki, böhranlı durumu həll etsin. Türkiyənin bütün qeyri-leqal mühacirləri geri qəbul etməyə razılığı uzlaşmaların əsas məqamı olub. Habelə “qaçqın paktı”na əsasən Avropa Birliyi Suriya qaçqınlarının qəbulu və saxlanmasına görə Türkiyəyə altı milyard avro ödəməyi öhdəsinə götürüb. Ancaq Türkiyə sazişin yerinə yetirilməsindən narazıdır: Ərdoğan bildirib ki, ölkəsi qaçqınlara artıq 40 milyard dollar xərcləyib, halbuki Avropa Birliyindən vəd edilmiş yardımın cəmi 3 milyardı daxil olub. Brüsseldə bu ittihamı rədd edir və iddia edirlər ki, Türkiyəyə 5,6 milyard avro veriblər, tezliklə isə hamısını tam ödəyəcəklər. Avropa Komissiyası da öz tərəfindən hesab edir ki, Ankara qəbul edilmiş öhdəlikləri yerinə yetirmir və Avropaya qeyri-leqal sızan qaçqınlar axınının qabağını yetərincə almır. Avropanın humanitar təşkilatları da  “qaçqın paktı”nı pozmağı tələb edir. Onlar iddia edirlər ki, Türkiyə öz humanitar öhdəliklərini yerinə yetirmir, qaçqınlara münasibətdə özünü qeyri-insanı aparır və onları hərbi əməliyyatların getdiyi Suriyaya daim deportasiya edir.

Son aylarda Balkanlarda və Yunanıstanda qaçqınalarla bağlı durum ciddi kəskinləşib. Suriya ordusunun  İdlibdəki döyüşçülərin mövqelərinə təzələnən hücumu yüz minlərlə yerli sakinin Türkiyəyə sarı və sonra Avropaya qaçmağına səbəb olub. “Balkan marşrutu” üçillik nisbi sakitlikdən sonra qaçqınların Avropaya keçməyində yenə də əsas kanal olub – İtaliya o zamankı daxili işlər naziri Salvininin əmri ilə öz limanlarını qeyi-leqal mühacirlərin gəmiləri üçün bağlayandan sonra. Bosniya və Kosovonun xüsusən müsəlman bölgələrinə müvəqqəti düşərgələrdə tam antisanitariya şəraitində yaşayan xeyli qaçqın yığılıb.  Qaçqlınlar bura təkcə Suriya və İraqdan deyil, həm də Pakistan, Əfqanıstan və Asiyanın başqa ölkələrindən daim gəlirlər. Söhbət yüz minlərlə adamdan gedir, onların hamısı Xorvatiya və Sloveniya üzərindən Avropaya “sıçrayış” planlaşdırır. Çoxu buna nail olur, saxlanılanları geri – Bosniyaya göndərirlər. Avropaya göndərilmək üçün 3 min avro ödəyə bilənlərin uğur şansı xüsusən böyükdür, halbuki “yoxsullar”  düşəgələrdə oturub qalırlar. Eyni zamanda dözülməz şəraitin yarandığı və həmişə qiyamların baş verdiyi Yunanstan adalarına yığışaraq Egey dənizindən keçən mühacirlərin sayı artıb. Təkcə Lesbos adasına hər gün beş yüzədək adam gəlir. Avropa Komissiyası bununla bağlı qaçqınları tezliklə Türkiyə ərazisinə qaytarmağı tələb edir.

İndiki durumu aradan qaldırmaq perspektivləri hansılardır? 2016-cı ilin  “qaçqın paktı” qaçqlınlar problemini həll etməkdə Avropaya qısamüddətli dinclik verib, amma sonradan Avropa Birliyi və Türkiyə arasında çoxalan ziddiyyətlər üzündən icrası dayanıb. Saziş Ərdoğana AB-i ta başdan şantaj etmək imkanı verib. O, Türkiyə vətəndaşları üçün vizasız rejim tələb edib, demokratik institutlara və mətbuat azadlığına hücum keçirib, “yeni osmançılıq” siyasətini fəallaşdırıb.

Türkiyə son illərdə “kollektiv Qərb”lə – həm ABŞ, həm də Avropa Birliyi ilə ciddi geopolitik münaqişəyə girişib. Fikir ayrılıqları siyahısı genişdir – Suriya münaqişəsi, kürd problemi, Türkiyədə müxalifəti sərt şəkildə boğmaq, Rusiya ilə hərbi əlaqələri möhkəmləndirmək, insan haqları, yeni osmançılıq və xeyli başqaları. Ancaq Avropa ilə qarşıdurmada Ərdoğanın əlində qaçqın amili kimi çox ciddi bir kart var. Hadisələrin necə inkişaf edəcəyini öncədən söyləmək hələlik çətindir, amma münaqişənin kəskinləşmə ehtimalı böyükdür. Son aylarda fikir ayrılığına daha bir bənd əlavə olunub: Brüssel, Vaşinqtonun xəbərdarlığına və Yunanıstanın etirazlarına baxmayaraq, Türkiyə Kiprin müstəsna iqtisadi zonasında qaz yataqlarının kəşfiyyatına başlayıb. Türkiyə hərbi gəmiləri adanın şərq sahilində gözətçiliyə başlayıb və İtaliyanın ENİ şirkətinin geoloji kəşfiyyat gəmisini Kipr sularına buraxmayıb. Ankara bildirir ki, özünün saydığı dəniz zonasında bundan sonra da qazma işləri aparacaq və heç bir xarici gəmini ora buraxmayacaq.

Tərcümə Strateq.az-ındır.




Yuxarı Əvvələ Ana Səhifə