XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

24 September 2019 - 14:39

Ayətullah Məkarim Şirazi “Sərxoş eşq”ə möhürünü vurdu:"ŞƏMS TƏBRİZİ HAQQINDA FİLM CAİZ DEYİL"

Əziz Rzazadə

Strateq.az

 

İranın nüfuzlu şiə alimi Ayətullah Məkarim Şirazi rejissor Həsən Fəthinin “Sərxoş eşq” serialının çəkilişini indidən “qeyri-caiz” elan edib.

İran-Türkiyə birgə istehsalı olacaq filmi ətrafında xeyli vaxtdır ki, böyük mübahisələr və əleyhdarlıq kampaniyası gedir.

Bu gün Qum Elmiyyə hövzəsinin fəqihlərindən biri – Ayətullah Məkarim Şirazi də müraciətlərə əsasən, məsələyə münasibət bildirib.

Onun dəftərxanasından yayılan bəyanatda deyilir: “Rəsmi xəbər agentliklərinə istinadla, dövlət büdcəsindən istifadə edərək Şəms Təbrizi barədə milli televiziya serialının çəkilişinə dair xəbərə çox təəssüf edirik”.

Daha sonra bəyanatda qeyd olunur ki, “bu şəxsin fəsadlı əqidəsi və sufilik inancları sapqın və xəbis olub. Şəms “Məqalələri” (“Məqalat”) kimi tanınan əsərində Peyğəmbər qızına təhqir yer alıb”.

Ayətullah Məkarim Şirazi “Sərxoş eşq” seralının gələcəkdə İslam Respublikası üçün təhlükəli nəticələr doğuracağını vurğulayıb: “Qum mədrəsəsinin alimi kimi, bu təhlükəli mövzunu ən qısa müddətdə dayandırmalıyıq. Təsəvvüf cərəyanını təbliğ etdiyindən bu iş icazəli (caiz) deyil və bundan çəkinmək lazımdır”.

İran və Türkiyə ortaq istehsalı olan, rejissor Həsən Fəthinin “Sərxoş eşq” filmi Cəlaləddin Rumi (Mövlanə) və Şəms Təbrizinin dostluğundan bəhs edir. Filmin ssenari müəllifi Fərhad Tohidi və Həsən Fəthidir.

İlkin razılaşmaya əsasən, çəkiliş heyəti tanınmış türk və İran rejissorları və aktyorlarının qarışığı olacaq.

İranlı aktyor Şahab Hüseyninin kinolentdə  Şəms Təbrizinin rolunu oynayacağı gözlənilir. Aktyor Parsa Piruzfar də çəkilişə dəvət alıb.

Filmin çəkilişləri əsasən Konyada aparılacaqdı. Lakin sonradan Xoy şəhərinin də adı hallanmağa başlayıb.

Həsən Fəthinin çəkməyə hazırlaşdığı “Sərxoş eşq” filmi barədə xəbərlər yayılandan bəri orta əsr tarixi şəxsiyyətlərinin milli mənsubiyyəti  barədə yeni mübahisələr üçün əsas yaranıb.

“Türkiyə illərdir Mövlanəni müsadirə etməyə çalışır və indi Həsən Fəthinin Türkiyə kapitalı ilə çəkdiyi film layihəsi bu İran şairi ilə bağlı böyük narahatlıqlar doğurub”. Bunu sentyabrın 23-dəki sayında İranın “Ferhixteqan” qəzeti yazıb.

Qəzetin “Mövlanənin Türkiyəyə satışı?” adlı baş məqaləsində filmə bir çox etirazlar, o cümlədən Cəlaləddin Rumi və Şəms Təbrizidən bəhs edən filmdə cəmi bir neçə iranlı aktyora rol verilməsinə etiraz bildirilib.

“Ferhixteqan” qəzetinin iddiasına görə, türk prodüsserlərin tələbi ilə filmdə Rumi obrazını türk aktyor canlandırmalıdır.

Filmin ssenarisində Rumi və Şəmsin qədim əlyazmalarda qeydə alınan tərcümeyi-halından sapmalar da narazılıq doğurub.

“Sərxoş eşq”in ssenari müəllifi Fərhad Tohidi bildirib: “Bu filmin əsas mövzusu İrandır. Bir İran ssenariçisi və rejissoru var və onlar əslində, İran filminin müəllifləridir. Hətta bəstəkar da iranlı olacaq. Filmin ssenarisi  iranlı dünyagörüşü ilə yazılıb və filmdə Ruminin İran mənşəli olduğu açıq şəkildə göstərilir. Ancaq bu film müştərək layihə olduğu üçün, yalnız kinobazara diqqət yetirmirik. Ruminin Türkiyədə xüsusi müqəddəsliyi var və bu filmin Türkiyədə çox izləyicisi olacaq, buna görə də, onlar üçün də vacibdir. Beynəlxalq aktyor və aktrisalardan ibarət heyət qurmaqdan başqa çarəmiz yoxdur”.

Xatırladım ki, bir müddət əvvəl İstanbulda orta əsrlər alimi Əbunəsr Farabinin ev-muzeyinin açılışı da oxşar mübahisələr doğurmuşdu.

Sufi cərəyanının sapıqlığı barədə Məkarim Şirazi ilə bərabər, Ayətullah Nuri Həmədani də fitva verib: “”Bu iki nəfər sufilərin əşrəflərindəndir və bunun üçün kitablarından lazımi dəlillərimiz var. Əsasən, sufi təriqəti zəlil zümrə və azğındır, qütbləşdirmə və mürşidbazlıq yolu ilə saf İslamla, Quran İslamı və Əhli-Beytlə mübarizə aparan cərəyanlardan biridir. Həzrət Sadiq əleyhüssəlamın buyurduğu kimi, sufilik firqəsi düşmənimizdir və onun hər hansı bir şəkildə təbliği qeyri-caiz və haramdır”.

Təsəvvüf və ilk növbədə, Şəms Təbrizi ilə bağlı mübahisəli açıqlamalara gəlincə, bu, İranda yeni dalğa deyil.

2017-ci ildə Mədəni Tədqiqatlar İnstitutunun rəhbəri Hüseyəli Qobadi Şəms Təbrizi türbəsinə daha çox diqqət yetirmənin vacibliyini qeydə edərək deyib ki, “İŞİD-in Türkiyə kimi bir ölkədə yarana bilməməsinin səbəblərindən biri də bu ölkədə sufi ədəbiyyatının olmasıdır…

Hətta Ədalət və İnkişaf Partiyası və tədris proqramlarında təsəvvüf ədəbiyyatı elementləri var. Şəms və Rumi kimi mistiklərin irsinə, İŞİD-in meydana çıxması kontekstində yanaşılmalıdır. Bundan əlavə, Mövlanə mirası Əhli-Beyt sevgisini digər dinlərin ardıcılları arasında yaymaqda da təsirli ola bilər. Məsələn, Ruminin Aşuraya romantik və fövqəladə bir baxışı var və Aşura haqqında ən gözəl qəzəl Şəmsə məxsusdur”.

İran KİV-ləri hazırda mövzunu eninə-uzununa müzakirəyə çıxarıb.

Bu arada, Ayətullah Xamnəinin də şairlərlə son görüşü zamanı “Məsnəvi”, Rumi və Şəms haqqında açıqlamaları da xatırlanıb: “Dini poeziyamızın vacib bir hissəsi mistik və irfani mövzularda ola bilər. Bu, möhtəşəm bir dənizdir. Rumi şeirinə nəzər yetirin. Əgər Şəmsin divanına  xüsusi dilinə və ovqatına görə girişin olmadığını güman edirsinizsə – əslində, bizlərdən çoxu bundan məhrumdur, – onu qavrayış üçün əlçatmaz sayırsınıza, “Məsnəvi”nin özü deyir: “Bu, dini prinsiplərdir”.

Həmin görüşdə Ayətullah Əli Xamnəi əlavə edib: “Həqiqətən də, inandığım budur… Bir dəfə mərhum Mütəhhəri məndən “Məsnəvi” barədə nə düşündüyümü soruşanda da eyni sözləri dedim. Mütəhhəri də buyurdu ki, tamamilə doğrudur, mən də eyni fikirdəyəm…”

“Rumi Əli əleyhüssəlamın saf şiələrindən biridir” başlığı atmış “Aftab-e Yəzd” qəzeti çağın digər tanınmış müctəhidi Əllamə Həsənzadənin Rumi, Hafiz, Sənai kimi ariflər haqqında sitatını xatırladıb: “Bu cənabların hamısı elm, ədəbiyyat, mədəniyyət, şeir və poeziya aləmlərindəndirlər və ümumiyyətlə Quran bilgisi, irfan və insanı öyrənməyə diqqət yetirmiş şəxslərdir. Hafiz və Rumi fiqh, üsuli-din, hədis və fəlsəfə kimi bütün elmlərə vaqif oluiblar”.

Ayətullah Cavadi Amoli də vaxtilə Rumiyə dair şübhələrlə bağlı deyib: “Bu yersiz mühakimənin səbəbi Ruminin “Məsnəvi”sində böyük anlayış və mənaları bilməməkdir”.