XƏBƏR LENTİ

04 İyun 2020

Digər Xəbərlər

28 Sentyabr 2019 - 11:22

İŞİD VƏ İNFORMASİYA MÜHARİBƏSİ:terror təşkilatı virtual döyüş meydanında hələ də məğlub edilməyib

Ann-Mari Sloqter, Aşa Kaslböri

“Project Syndicate”, 27.09.2019

 

2018-ci ilin dekabr ayında ABŞ prezidenti Donald Tramp İŞİD üzərində qələbə çalındığını elan edərək “Tvitter”də yazıb: “İŞİD böyük ölçüdə məğlub olub və digər yerli ölkələr, o cümlədən Türkiyə qalan hər şeyi asanlıqla aradan qaldırmalıdır. Evə qayıdırıq!” Bu ilin ilk üç ayında Tramp İŞİD-in tamamilə məğlub edildiyini və ya tezliklə məğlub ediləcəyini 16 dəfə söyləyib və ya “tweet”-ləyib.

Lakin Birləşmiş Ştatlar hökuməti ilə razı olmayanlar var. Avqust ayında Müdafiə Nazirliyi, Dövlət Departamenti və ABŞ Beynəlxalq İnkişaf Agentliyindən olan 3 aparıcı müfəttiş aprelin 1-dən 30-dək ABŞ-ın Suriya və İraqda İŞİD-i məğlub etmə kampaniyasını nəzərdən keçirərək Konqresə ortaq bir hesabat təqdim edib. Onlar bu fikrə gəliblər: “Fiziki ərazi itirilməsinə baxmayaraq, minlərlə İŞİD döyüşçüsü İraq və Suriyada qalır, hücumlar həyata keçirir və imkanlarını bərpa etməyə çalışırlar”.

İŞİD-in yenidən dirçəlməsi Trampın ABŞ-ın bütün qoşunlarını Suriyadan çıxarma və Əfqanıstandakı sayının 2 dəfə azaldılması ilə bağlı qərarının nəticəsidir, bu da müdafiə naziri Ceyms Mettisi istefaya getməyə vadar edib və Amerikanın regional təhlükəsizlik tərəfdaşlarının antiterror əməliyyatları aparmaq şansını azaldıb.

İraqda İŞİD Bağdad, Ninəva və əl-Ənbar əyalətlərinin əsas bölgələrində və Orta Fərat vadisində gizli terror özəklərini yaradır. Suriyada qruplaşma Raqqa və Hums əyalətində güclü əks-hücumlar həyata keçirir və aqressiv şəkildə etibarlı bölgə yaratmağa çalışır.

Tramp qoşunların çıxışı ilə bağlı qərarını ləğv edə bilməz. Ancaq İŞİD-in döyüş bölgəsi fiziki qədər, həm də rəqəmsaldır. Bu baxımdan ən azı Tramp administrasiyası Amerikanın səmərəli şəkildə müharibə aparmaq imkanlarını gücləndirməlidir.

2014-cü ildə, qrupun yüksəlişdə olduğu dövrdə İŞİD İraqın Mosul şəhərinə hücum edərkən, ərəb “Twitter”-ində #AllEyesOnISIS haştaqını milyonlarla insan real vaxt rejimində izləyib. Onların arasında şəhərin müdafiəçiləri də vardı. Peter Singer və Emerson T. Brukinqin “LikeWar: Sosial Medianın Silahlanması” adlı kitabında yazdıqları kimi, İŞİD “virus marketinq kampaniyası kimi hərbi əməliyyat keçirdi və qeyri-mümkün görünən qələbə qazandı”.

Eynilə, dirçələn İŞİD-2 nüfuzunu bütün dünyaya yaymaq və xarici döyüşçüləri, simpatiyaçıları və maliyyə dəstəkçilərini cəlb etmək üçün mətbuat açıqlamalarından və sosial mediadan istifadə edir. Məsələn, 2019-cu ilin aprelində qrup Şri-Lankada ölümcül Pasxa/Bazar günü hücumlarına görə məsuliyyəti öz üzərinə götürərək, lideri Əbubəkr əl-Bağdadinin videosunu yayımlayıb. İŞİD-in qlobal media əməliyyatı, eyni zamanda, qrupun hərbi əməliyyatları haqqında genişləndirilmiş həftəlik “Soldiers Harvest II”-i istehsal edir.

Bu rabitə hücumu İŞİD-ə “xilafət”in süqutundan sonra qrupun məğlub olduğuna dair qlobal baxışa qarşı çıxma imkanı verir. Daha da əsaslı şəkildə, Singer və Brukinqin qeyd etdiyi kimi, İŞİD İnternetin özünü silahlandırıb, onlayn qələbə hekayətinin yerdəki müvəffəqiyyətə çevrilə biləcəyi rəqəmsal döyüş bölgəsi yaradıb.

Amerikalılar və dünya birliyi, nəhayət, başa düşməlidirlər ki, İŞİD və digər “cihadçı” terror qruplarına qarşı aparılan müharibə yeni və fərqli bir münaqişə növüdür və bu, birdəfəlik “qazanılmayacaq”. İŞİD, “əl-Qaidə”, “Boko Haram” və bu kimi qruplar korrupsiyadan tutmuş iqlim dəyişikliyinə qədər bir çox sosial, iqtisadi və demoqrafik amilləri əks etdirir. Buna görə də, həmin qruplara qarşı mübarizə fəaliyyət göstərdikləri ölkələrin daxili siyasətindən başlayaraq bir çox fərqli arenalarda baş verməlidir.

Bu mübarizə, həmçinin, ABŞ ordusunun yaxşı bildiyi kimi, onlayn olaraq baş verməlidir. 2016-cı ildə ABŞ Baş Qərargah Rəisləri Komitəsi “qələbə uğrunda döyüşdə” necə qalib gəlməyə dair bir məqalə dərc edib. Həmin məqalə bu sitatla başlayıb: “Pis ideyanı öldürmək pis insanı öldürməkdən daha çətindir”. Bunu nəzərə alaraq, ABŞ Kiber Komandanlığı kiber, elektron müharibə və məlumat əməliyyatlarını birləşdirmək məqsədi ilə 2028-ci ilə qədər informasiya müharibəsi əməliyyatları komandanlığına çevriləcək.

Ancaq 2028-ci ilə təxminən 9 il qalıb və İŞİD gözləməyəcək. Üstəlik, bu döyüşü yalnız əsgərlərin boynuna qoymaq olmaz. ABŞ-ın Milli Təhlükəsizlik Strategiyası məlumat müharibəsi aparma üçün hökumət idarələrini bir çətir altında birləşdirən Britaniya Ordusunun 77-ci Briqadasına bənzər bir əməkdaşlıq modelini tövsiyə etməlidir.

Təəssüf ki, Tramp administrasiyası əvvəlcə terror təbliğatına qarşı olan və indi qlobal dezinformasiya ilə mübarizə aparan ABŞ Dövlət Departamentinin Qlobal Nişan Mərkəzini qapadıb. Xoşbəxtlikdən, Konqres fərqli rəydədir. Bundan əlavə, İŞİD-lə mübarizə aparan digər ölkələr oxşar imkanlara malik olmalarını və müttəfiqlərlə həm diplomatik, həm də hərbi cəhətdən əməkdaşlıq edə biləcəklərini təmin etməlidirlər. İnformasiya müharibələri ənənəvi yeni qabiliyyət və təcrübə tələb edir.

Nəhayət, milli və qlobal media qurumları bir problemlə üzləşirlər. Bir tərəfdən, İŞİD-in press-relizləri və müsahibələri müəyyən dərəcədə cəlbediciliyini və bu kimi qrupları artırır. Digər tərəfdən, son bir neçə ildə ABŞ mediasında İŞİD-in antitəbliğatının nəzərəçarpacaq dərəcədə azalması, artıq təhlükə olmadığı barədə ictimai təsəvvürü güclənir. Jurnalistlər və redaktorlar bunun fərqində olmalıdırlar.

Açıqlama bütün terrorçu qrupların həyat cövhəridir. Üstəlik, rəqəmsal texnologiyalar İŞİD-ə yenidən toparlamaq və fiziki hücumların yeni üsullarını tapmaq imkanı verir.

İŞİD-in son dövrlərdə mediada canlanması qrupun fiziki dirçəlişinin əlamətidir. Buna görə də, İŞİD-ə qarşı informasiya müharibəsi heç vaxt dayandırılmamalıdır.

Tərcümə: Strateq.az