XƏBƏR LENTİ

14 Avqust 2020
13 Avqust 2020

Digər Xəbərlər

02 Oktyabr 2019 - 18:23

PUTİN KOÇARYANI NİYƏ AZAD ETDİRMƏK İSTƏYİR? –Ermənilər Qarabağ problemini Rusiyanın yaratdığını deməyə başlayıblar - TƏHLİL

Aleksandr Sarqsyan

“1in.am”, Ermənistan, 01 oktyabr 2019-cu il

 

Rusiya Federasiyası (RF) Prezidenti Vladimir Putin İrəvana gəlib. Bu mənada, demək olar ki, həbsxanada olan Ermənistan Respublikasının (ER) ikinci prezidenti Robert Koçaryanın ətrafında yaranmış vəziyyət bir qədər qızışıb. Ehtimal edilir ki, Putin, Koçaryanın azad edilməsi məsələsini bir daha, lakin artıq İrəvanda, müzakirə etməyə çalışacaq.

Gəlin, bu kontekstdə anlamağa çalışaq ki, nəhayət, Kreml nə istəyir və Koçaryanın azadlığa çıxması ona nə verəcək?

İş ondadır ki, Rusiya Ermənistanın daxili siyasi sistemində uzunmüddətli iştirakını təmin etmək məqsədilə, Ermənistanda şərti olaraq bir-birinə qarşı duran iki düşərgə – inqilabçılar və əks-inqilabçılar düşərgəsi yaratmağa cəhd edir. Bu, dünya tarixində çoxdan məlum olan metoddur və müxtəlif ölkələr tərəfindən dəfələrlə istifadə edilib. Yəni, imperiyalar bu və ya başqa regionda iştiraklarını təmin etmək məqsədilə həmin bölgədə qarşıdurma vəziyyəti yaradır və bundan daimi müdaxilə və ya süni vasitəçi rolu əldə etmək üçün əlverişli bəhanə olaraq istifadə edirdilər.

Əgər problemə tarixi kontekstdə baxsaq, görərik ki, Rusiya İmperiyası və SSRİ bu metoddan həm Orta Asiyada, həm də Zaqafqaziyada dəfələrlə istifadə edib.

Baxın, 1828-ci ilədək ermənilər Şərqi Ermənistanda əksəriyyəti təşkil etmirdilər. Lakin Türkmənçay (1828-ci il – tərc.) və Adrianopol (1829-cu il, Ədirnə – tərc.) sülh müqavilələrinin bağlanmasından sonra Persiya (İran – tərc.) və Türkiyədən böyük insan kütlələri Şərqi Ermənistana köçürüldü. Rusiyanın təşəbbüsü ilə həyata keçirilən bu prosesin başlıca hərəkətverici qüvvələri aşağıdakılar idi: erməni əhalisinin sayının artırılması regiondakı demoqrafik vəziyyəti kompensasiya etməli (yəni, süni şəkildə dəyişdirməli – tərc.),  artmaqda və həndəsi silsilə ilə çoxalmaqda olan çoxsaylı müsəlman əhalisini balanslaşdırmalı idi. Bu, həqiqətən haqlı bir addım idi.

Artıq XX əsrin başlanğıcında həmin Rusiya erməni-tatar (“tatar” dedikdə Azərbaycan türkləri nəzərdə tutulur – tərc.) qarşıdurmalarını başlatdı. Bunun sayəsində çar hakimiyyəti həm hər iki tərəfin hərbi-siyasi dairələrini nəzarət altında, həm də əhalisini imperiyanın bütün ərazisində geniş vüsət alan inqilabi əhvali-ruhiyyədən kənarda saxlaya bildi.

Bu siyasətin ən yaxşı sübutu Qarabağ problemidir. Bu problem sovet hakimiyyəti tərəfindən qoyulan süni mina idi. Bu mina uzunmüddətli perspektivdə “qırmızılar”a və onların nəsillərinə regiondan ayrılmamaları üçün kömək etməli idi.

Onu da qeyd edək ki, bu siyasət yalnız Rusiyaya xas deyil. Məsələn, Britaniya imperiyası da onu dəfələrlə böyük uğurla istifadə edib. Bunun ən yaxşı sübutu Hindistan və Pakistan arasındakı münaqişədir.

İndi həmin şey, artıq qeyd etdiyimiz kimi, daha kiçik məkanda – ER-in daxili siyasi sistemində yaradılır. Bax, Kremlin fayda və maraqlarına xidmət etmək üçün həbsxanadan effektiv mübarizəyə təşəbbüs göstərə bilməyən Koçaryanın azad edilməsi buna görə Putin üçün mühümdür.

Tərcümə Strateq.az-ındır