XƏBƏR LENTİ

05 İyul 2020
04 İyul 2020

Digər Xəbərlər

03 Oktyabr 2019 - 23:44

TÜRKMƏNİSTANDA KONSTİTUSİYA VƏ PARLAMENTİN STRUKTURU DƏYİŞİR- Qurbanqulu Berdiməhəmmədov hakimiyyəti oğluna ötürür?

“Deutsche Welle”,

(Almaniya)

Türkmənistan parlamenti ikipalatalı olacaq. Prezident Qurbanqulu Berdiməhəmmədov bugünlərdə Türkmənistan Xalq Şurasının (Xalq Məsləhəti də adlanır-red:) iclasında belə bir təkliflə çıxış edib. Yerli KİV-lərin məlumatına görə, Berdiməhəmmədov hazırkı Ağsaqqallar Şurasının parlamentin yuxarı, indiki Məclisin isə parlamentin aşağı palatası olmasını istəyir. Konstitusiyaya müvafiq dəyişiklikləri nəzərdə tutan layihənin icrası üçün xüsusi komissiya da yaradılacaq.

Maraqlıdır, Türkmənistan prezidenti niyə əhalisi 6 milyondan azacıq çox olan bir ölkədə konstitusiyanı dəyişmək və parlamenti ikipalatalı etmək qərarına gəlib? Son dəfə ölkədə əhalinin siyahıya alınması 2012-ci ildə olub, lakin nəticələri nədənsə açıqlanmayıb. Halbuki 2003-cü ildə Türkmənistanın rəsmi KİV-ləri ölkənin 6 milyonuncu sakininin dünyaya gəlməsini təntənəli şəkildə işıqlandırmışdılar.

Lakin həmin vaxt məlumatlı dairələr bu rəqəmin birinci prezident Saparmurad Niyazovun təbliğat əfsanələrindən biri olduğunu, əhalinin real sayının 5 milyondan da az ola biləcəyini qeyd etmişdilər.

Türkmənistanın Respublikaçılar Partiyasının mühacirətdə olan lideri Nurməhəmməd Xanamov hesab edir ki, Türkmənistan kimi kiçik ölkə üçün ikipalatalı parlamentə ciddi ehtiyac yoxdur: “Türkmənistan çox sayda vilayətlərin olduğu və qubernatorların yuxarı palatada toplandığı Rusiya deyil ki… Üstəlik ölkədəki Ağsaqqallar Şurası da lazım olduğu kimi fəaliyyət göstərmir. Əslində hər bölgədən Şuraya nümayəndələr seçilməlidir. Bunlar xalqın hörmət etdiyi, inandığı şəxslər olmalıdır. Türkmənistanda isə bu quruma siyasi cəhətdən hədsiz loyal olan və xüsusi xidmət orqanlarının “ələyindən” keçən şəxslər seçilir”.

“İnsan Haqları üzrə Türkmən Təşşəbbüsü” təşkilatının sədri Fərid Tuxbatullin isə ikipalatalı parlamentin faydalı ola biləcəyini düşünür: “Türkmənistan üçün belə bir parlament çox aktualdır. Qəbilə nifaqı sovet hakimiyyəti illərində belə, aradan qalxmadı və indi daha da pisləşib. Bir qəbilə digərlərini əzir. Məsələn, bu gün Aşqabad nümayəndələri demək olar ki, bütün bölgələrə hakim təyin olunur. Bu baxımdan nümayəndələr palatasının fərqli bölgələrdən və millətlərdən olan insanlardan ibarət olması faydalı olardı”.

Lakin Tuxbatullin əmindir ki, reallıqda Türkmənistanın ikipalatalı parlamenti elə birpalatalı parlament kimi olacaq. Yəni yekdilliklə prezidentin qərarlarını dəstəkləyəcək: “Qurbanqulu Berdiməhəmmədov yuxarı palatanın səmərəliliyi barədə heç düşünməyib də. Çünki onu ayaqda alqışlayacaq və lazım olanda səs verəcək insan qruplarına öyrəşib”.

Xalq Məsləhəti ali nümayəndəlik orqanı kimi hələ birinci prezident S.Niyazovun dövründə yaradılıb.

Niyazovun ölümündən sonra hakimiyyətə gələn Qurbanqulu Berdiməhəmmədov 2008-ci ildə bu orqanı ləğv etdi və onu, tərkibi və rolu baxımından xeyli kiçik olan Ağsaqqallar Şurası ilə əvəzlədi. Lakin 2017-ci ildə Xalq Şurası canlandı – yeni konstitusiyada Ağsaqqallar Şurası Xalq Məsləhəti olaraq dəyişdirildi. 2019-cu ilin sentyabr ayının sonunda yenidən qurulan orqanın ikinci iclasında Berdiməhəmmədov yeni bir dəyişikliyin anonsunu verdi.

Nurməhəmməd Xanamovun fikrincə, bu planda gələcəyə hesablanan niyyət var: “Bir vaxtlar Niyazov Xalq Şurasına parlamentdən daha yüksək status vermişdi. Yəni Xalq Şurası həm qanunverici qolu, həm də icra qolunu mənimsəmişdi. Şuraya Niyazovun özü rəhbərlik edirdi. Bununla da məclisin müstəqil fəaliyyət göstərmək imkanın qarşısı alınmışdı. İkinci prezident isə fərqli yolla getdi. Daha dəqiqi, Qazaxıstan modelini əsas götürdü. Qazaxıstanda hakimiyyətin keçidində siyasi kombinasiya var. Hakimiyyət iki qüvvə – prezidentlə Təhlükəsizlik Şurası və hakim partiyaya rəhbərlik edən millət atası arasında bölünüb. Senatın sədri isə millət atasının qızıdır. Mən hesab edirəm ki, Türkmənistan prezidenti Qazaxıstana baxır və gələcəyini düşünərək ikipalatalı parlament hazırlayır”.

Xanamov deyir ki, Berdiməhəmmədov son addımları ilə növbəti seçkiyə qədər özü və ailəsi üçün rahat və təhlükəsiz mövqe hazırlayır: “İkipalatalı parlamentə keçəndən sonra indiki Ağsaqqallar Şurası yuxarı palataya daxil ediləcək. Hazırkı prezident bugünlərdə parlament tərəfindən xalqın fəxri ağsaqqalı seçildi. O yuxarı palataya güc strukturlarını da yığacaq və Təhlükəsizlik Şurasına bənzər bir qurum yaradacaq. Hakim Demokrat Partiyasına isə onsuz da özü rəhbərlik edir. Sonra o, prezident vəzifəsinə kimisə seçəcək. Və dövlət işlərini prezidentin üzərinə atıb, fəxri kürsüdən onu istədiyi kimi idarə edəcək”.

Sərdar Berdiməhəmmədov

Xanamov deyir ki, hakimiyyətin irsən ötürülməsi variantını da istisna etmək olmaz: “İkinci prezident artıq konstitusiyanı dəyişdirərək prezidentlik müddətini yeddi il etdi. Deməli, hələ 2024-cü ilə qədər vaxtı var. Lakin bu il onun sağlamlıq problemləri ilə bağlı davamlı şayiələr yayıldı. Bu vəziyyəti nəzərə alaraq Berdiməhəmmədovun hakimiyyətin keçidinə əvvəlcədən hazırlaşdığını da istisna etmək olmaz. Ən azı məlumdur ki, oğlu Sərdarı hər vəhclə idarəetməyə cəlb edir. Ona xarici işlər nazirinin müavini vəzifəsində qalmaq imkanı yaratdı. İndi də hakim kimi çalışır. Atası onu varisə ehtiyac yaranacağı zamana hazırlayır”.

Fərid Tuxbatullin də əmindir ki, məlum layihə hakimiyyətin keçidinə hazırlıq məqsədi daşıyır: “Təcrübəmdən çıxış edərək deyirəm ki, kompleks addımlar hazırlanır. Bunlardan biri demokratik addım kimi görünməlidir, qalanları isə o qədər də yox. Lakin vurğu həmin o demokratik addıma olacaq və qalanları da bu altında təqdim olunacaq. İkipalatalı parlament beynəlxalq birliyə demokratiyaya doğru addım atıldığını göstərmək üçündür. Əslində isə varis üçün zəmin hazırlanır. Ola bilsin ki, zamanla vitse-prezident postu yaradılacaq. Və ölkə başçısı üçün tələb olunan yaş həddi ilə bağlı dəyişiklik ediləcək ki, Berdiməhəmmədovun oğlu prezident postunu atasından təhvil ala bilsin”.

Tərcümə etdi:G.Hüseynova

Strateq.az




Yuxarı Əvvələ Ana Səhifə