Zelenski bildirib ki, Ukraynanı ABŞ-ın daxili siyasi proseslərinə çəkməyin tərəfdarı deyil: “ABŞ-a və Amerika siyasətinə hörmətlə demək istəyirəm ki, biz Birləşmiş Ştatların siyasətinin xidmət heyəti deyilik. Biz müstəqil ölkəyik. Biz münasibətləri itirmək yox, gücləndirmək istəyirik. Hesab edirəm ki, bizim müstəqilliyimiz münasibətlərimizi sadəcə möhkəmləndirə bilər”.
Zelenskidən “Xalqın xidmətçisi”nə ultimatum!
Zelenski mətbuat konfransında “Xalqın xidmətçisi” partiyasına xəbərdarlıq edib. Ukrayna prezidenti bildirib ki, mübahisələrə davam edəcəkləri təqdirdə partiyanı buraxacaq: “İnsanlar onları seçdilər. Onlar mənim və aralarında olan bəzilərinin sayəsində qalib gəldilər. Mən bu partiyanı sındırmaq istəmirəm. Onlar mənim münasibətimi bilirlər. Əgər bir-birlərini “yeməyə” başlasalar, bir il sonra partiyanı buraxacam”.
“Putinlə birbaşa danışıqlara hazıram”
Zelenski bildirib ki, Ukrayna vətəndaşı olan əsir və məhkumların azadlığa buraxılması ilə bağlı Rusiya prezidenti Vladimir Putinlə birbaşa danışıqlara hazırdır: “Əgər normand formatı hansısa səbəbdən təxirə salınsa, biz insanlarımızı geri qaytara bilmək üçün yeni format tapacağıq. Variantlardan biri də Rusiya prezidenti ilə birbaşa danışıqlardır. Açıq deyəcəm, Rusiya tərəfi bizə normand formatı olmadan bu məsələyə (məhbusların mübadiləsi-red.) gedib çıxmayacağımızı deyir. Buna görə normand formatına tələsirəm”.
Prezidentin sözlərinə görə, Ukraynaya geri qaytarmalı olduqları insanlarla bağlı böyük siyahı var: “Bu siyahıları hazırlamışıq, biz hazırıq. Onların bir hissəsi hətta Minsk formatında da müzakirə olunub. Amma hesab edirəm ki, qərar normand formatında olacaq”.
“Keçmiş hakimiyyətdə savaşı bitirmək üçün güclü istək yox idi”
Ukrayna prezidenti deyir ki, onun münaqişənin sülh yolu ilə nizamlanmasına dair siyasəti daha çevikdir: “Biz savaşı bitirmək istəyirik. Keçmiş hakimiyyətdə bu cür güclü istək yox idi. Biz Minskdə normand formatında telefon söhbəti aparmağa hazırıq. İstəyirsizsə, normand formatına başqa format da əlavə edək. Cənab Peskov deyir ki, gəlin, təkcə Minsk üzrə gedək. Mənsə belə düşünmürəm. Hələ ki Minskdir. Normand formatı növbəti addımdır”.
Zelenski deyir ki, savaşı bitirməklə bağlı seçkiöncəsi vədini yerinə yetirməkdə qərarlıdır: “Mənim vaxtım yoxdur. Biz bunu etməliyik. Əgər biz bunu edə bilməsək, mənim yerimə başqaları gələcək”.
“Ukrayna öz ərazisini və müstəqilliyini heç vaxt verməyəcək!”
Zelenski hesab edir ki, Rusiya Donbasdakı müharibədən yorulub. Və bu da savaşı bitirmək üçün şans yaradır: “Şans var. Rusiya tərəfi də bu prosesdən yorulub. Hamı başa düşür ki, Ukrayna öz ərazisini və müstəqilliyini heç vaxt əlindən verməyəcək”.
Zelenski həmçinin şəxsi populyarlığının da rol oynayacağını düşünür: “Əvvəl belə bir informasiya siyasəti var idi ki, biz faşistlərik. Rus dilində danışmaq imkanını aradan qaldırmaq istəyirik və s. İndi Rusiyada insanların çox böyük hissəsi bilir ki, mənimlə bağlı bu hekayə keçməyəcək. Çünki siz mənim bu istiqamətdəki liberal baxışlarımı bilirsiniz. Hesab edirəm ki, Rusiya ilə normand formatında danışmaq imkanımız var”.
******
Ukrayna prezidenti Vladimir Zelenski bu gün səhər saatlarından etibarən Kiyevdə ilk böyük mətbuat konfransını keçirir.
Strateq.az Ukrayna KİV-lərinə istinadən xəbər verir ki, press-marafon formatında keçirilən mətbuat konfransında Zelenski bütün gün boyu jurnalistlərin suallarını cavablandıracaq.
Jurnalistlər mətbuat konfransına 7-10 nəfərlik qruplar şəklində buraxılacaq. Qruplar hər yarım saatdan bir dəyişəcək. Məqsəd, mətbuat konfransına qatılacaq hər bir jurnalistin öz sualına cavab tapa bilməsidir. Bundan əlavə tədbirin keçirildiyi ərazidə jurnalistlərə öz materiallarını hazırlaya bilmələri üçün press-mərkəz də yaradılıb.
“İnsanlar prezident olmağımı istəməsələr, qan tökülməyəcək”
Zelenski artıq maraqlı açıqlamalarına başlayıb. Ukrayna prezidenti bildirib ki, onun sələfi Pyotr Poroşenko öz addımları ilə və əlindəki vasitələrlə (KİV-lərlə) insanları yeni Maydana sürükləyir.
“Mən insanlarla ünsiyyətdəyəm və bunu davam etdirəcəm. Əgər insanlar mənim prezident olmağımı, komandamın davam etməsini istəməsələr, qan tökülməyəcək. Mən buna çox sakit yanaşıram. Amma insanlar nəyi seçəcəklərini bilməlidirlər… Poroşenkoya elə gəlir ki, növbəti bir Maydanın lideri ola bilər. İnanmaq istəmir ki, o, artıq prezident deyil”.
Strateq.az