Nobel Sülh Mükafatının builki qalibi Efiopiyanın baş naziri Abiy Əhməd Əlidir. O, bu mükafata sülh və beynəlxalq əməkdaşlığa dair səylərə, xüsusən də qonşu Eritreya ilə münaqişənin həllində nümayiş etdirdiyi qətiyyətə görə layiq görülüb. Eritreya ilə Efiopiya arasında 1998-ci ildən 2000-ci ilədək mübahisəli sərhəd əraziləri ilə bağlı silahlı münaqişə olub. 9 iyul 2018-ci ildə tərəflər arasında qarşıdurmaya faktiki son qoyan Barışıq və Dostluq Bəyannaməsini imzalanıb.
Norveç Nobel Komitəsi hesab edir ki, Abiy Əhməd ölkəsinin insanlarına parlaq gələcəyə dair ümidlər verən əhəmiyyətli islahatlar başladıb. Və onun səylərinə qiymət və dəstək verilməlidir.
“Mükafat məni çox mütəəssir etdi. Bu, bütün Afrikaya, bütün Efiopiyaya verilən bir mükafatdır. Ümid edirəm ki, bu mükafat digər Afrika liderləri tərəfindən müsbət qarşılanacaq və onları qitəmizdə sülh prosesləri üzərində işləməyə təşviq edəcək”, – A.Əhməd mükafatla bağlı təəssüratlarını bölüşərkən deyib.
Abiy Əhməd Əli 15 avqust 1976-cı ildə Efiopiyanın qərbindəki Oromiya əyalətində yerləşən Aqaro şəhərində dünyaya gəlib. Atası müsəlman, anası xristiandır. Ailə Efiopiyanın ən böyük ormo etnik qrupuna (əhalinin 34 faizini təşkil edir) aiddir. Abiy orta məktəbi adıçıkilən əyalətin Cimma şəhərində başa vurub.
2001-ci ildə ölkənin paytaxtı Əddis-Əbəbədəki İnformasiya Texnologiyaları Kollecində Kompüter Mühəndisliyi üzrə təhsil alıb. 2011-ci ildə Efiopiyadakı Liderlik İnstitutu ilə ortaq proqram çərçivəsində Qrinviç Universitetində (Böyük Britaniya) Biznes Məktəbində magistr dərəcəsinə sahib olub.
2013-cü ildə Addis Ababa kolleci və Ashland Universitetinin (ABŞ) ortaq proqramı ilə biznes və idarəetmə üzrə magistr dərəcəsinə yiyələnib. 2017-ci ildə Addis Ababa Universitetində sülh və təhlükəsizlik problemləri mövzusunda dissertasiya müdafiə edib.
Yeniyetməlik dövründə A.Əhməd Efiopiya Xalqlarının İnqilabi Demokratik Cəbhəsi (RDFEN) üsyançı blokunun tərkibində olan, podpolkovnik Mengistu Hayle Mariam rejiminə qarşı mübarizə aparan Oromo Xalqının Demokratik Təşkilatına qoşulur. 1991-ci ildə rejimin süqutundan sonra siyasi partiyalar koalisiyasına çevrilən RDFEN iqtidara gəlir. Həmin dönəmdə Abiy Əhməd islahat aparılmış silahlı qüvvələrdə hərbi xidmətdə qalır. BMT-nin Ruandaya Yardım Missiyasının tərkibində yer alır. Efiopiya-Eritreya müharibəsi zamanı (1998-2000-ci illərdəki sərhəd münaqişəsi) kəşfiyyat orqanlarında xidmət edir.
2007-ci ildə Efiopiya İnformasiya Şəbəkəsi Təhlükəsizliyi Agentliyini təsis edir və 2010-cu ilə qədər orada direktor vəzifəsini tutur. Məlumat təhlükəsizliyi və rabitə təminatına cavabdeh olan bir sıra dövlət qurumlarının işində iştirak edir. 2011-ci ildə elə həmin il yaradılan Elm və Texnologiyalar üzrə Federal İnformasiya Mərkəzinə – elmi araşdırmalara dəstək verən dövlət qurumuna rəhbər təyin olunur.
2010-2012-ci illərdə Oromo Xalqının Demokratik Təşkilatı mərkəzi komitəsinin və RDFEN-in icraiyyə komitəsinin üzvü olur. Efiopiya Xalqlarının İnqilabi Demokratik Cəbhəsi koalisiyası 1991-ci ildən iqtidardadır, Oromo Xalqının Demokratik Təşkilatı isə onun tərkibindəki 4 siyasi partiyadan biridir.
Abiy Əhməd 2010 və 2015-ci illərdə parlamentin aşağı palatasına (Xalq Nümayəndələri Şurası) seçilib. Parlament üzvü olaraq doğma torpağı olan Cimma bölgəsində konfessiyalararası qarşıdurmaların həllində iştirak edib. Müsəlman və xristian icmaları arasındakı ziddiyyətlərin həlli üçün Sülh naminə Dini Forum təsis edib.
2016-cı ildə Elm və Texnologiya naziri vəzifəsini tutub. Elə həmin il Oromiya əyalətinin rəhbəri Lemma Megersə müavin, həmçinin əyalət administrasiyasında şəhərsalma və tikinti şöbəsinin müdiri təyin olunub. O, 2017-ci ilin martında başlanan “Oromiya əyalətinin iqtisadi inqilabı” islahat proqramının müəlliflərindən biri hesab olunur.
2016-2017-ci illərdə Efiopiyanı siyasi və etnososial böhran bürüyür. Böhran Oromo kəndliləri və ölkənin ikinci böyük etnik qrupu amharanın (əhalinin 27 faizini təşkil edir) torpaqların əyalətlər arasında ədalətsiz şəkildə bölüşdürülməsi siyasətinə qarşı çıxması ilə başlayır. Sonradan etirazçıların şüarlarına sosial-iqtisadi islahatlar, siyasi məhbusların sərbəst buraxılması və dövlət aparatındakı korrupsiyanın aradan qaldırılması tələbləri də əlavə edildi.
“Human Rights Watch” beynəlxalq təşkilatının məlumatına görə, etirazların yatırılması zamanı yüzlərlə adam öldü, onminlərlə adam həbs olundu.
Abiy Əhməd və xanımı
Hakimiyyətin böhranı həll etmək səylərinə baxmayaraq, 15 fevral 2018-ci ildə baş nazir Haylemariam Desaleni hökumət başçıçı postundan və RDFEN sədrliyindən istefa verdiyini elan edir. 22 fevral 2018-ci ildə Abiy Əhməd Oromo Xalqının Demokratik Təşkilatının sədri seçilir.
A.Əhməd martın 27-də RDFEN Şurasının iclasında 180 səsdən 108-ni toplamaqla koalisiyanın sədri olur. RDFEN və ona loyal olan partiyalar parlamentin aşağı palatasında 547 yerin hamısına sahibdirlər.
Aprelin 2-də Abiy Əhməd ölkənin baş naziri vəzifəsinə təsdiq edildi. 5 oktyabr 2018-ci ildə koalisiyanın növbəti qurultayında yenidən RDFEN sədri seçildi.
23 iyun 2018-ci ildə Əddis-Əbəbədəki mitinq zamanı Abiy Əhmədə sui-qəsd təşkil olundu. Ona tərəf atılan qumbaranın partlaması nəticəsində 130-dan çox insan yaralandı, 2 nəfər öldü. Baş nazir özü xəsarət almadı.
Abiy Əhməd ailəlidir, üç qızı var. Efiopiyanın üç əsas dövlət dilində danışır: amhar, oromo və tigrinya. Həmçinin ingilis dilini bilir. Fitnesi sevir, fürsət düşdükcə çıxışlarında sağlam həyat tərzinin, idmanla məşğul olmağın faydalarından danışır…
Hazırladı:G.Hüseynova
Strateq.az