XƏBƏR LENTİ

14 Avqust 2020
13 Avqust 2020

Digər Xəbərlər

17 Oktyabr 2019 - 22:10

ƏRDOĞANLA PENS RAZILAŞDI: TÜRKİYƏ “BARIŞ PINARI” ƏMƏLİYYATINI DAYANDIRDI, YPG GERİ ÇƏKİLİR –İlk rəsmi açıqlamalar

Bu gün Ankarada Türkiyə Prezidenti Ərdoğanla təkbətək və heyətlərlə birgə ümumilikdə 4 saat 20 dəqiqə çəkən görüşdən sonra ABŞ-ın vitse-prezidenti Maykl Pens Amerikanın bu ölkədəki səfirliyində açıqlama verib.

Strateq.az xəbər verir ki, o, Ərdoğanla görüşdə “Barış Pınarı” əməliyyatının dayandırılması ilə bağlı razılaşdıqlarını deyib: “ABŞ və Türkiyə Suriyada atəşkəs haqqında razılaşdı. Türkiyə Suriyada keçirdiyi hərbi əməliyyatı dayandıracaq, YPG/PYD isə 120 saat ərzində Türkiyənin arzu etdiyi məsafəyə çəkiləcək.

Bundan əlavə, Türkiyə Kobaniyə hər hansı müdaxilə etməyəcəyi haqda tələbimizlə də razılaşdı”.

O, əlavə edib ki, ABŞ “Barış Pınarı” əməliyyatı zonasından YPG silahlılarının çıxarılmasına dəstək verəcək: “Razılaşma əldə edildiyinə görə, ABŞ-ın Türkiyəyə sanksiyalar tətbiq etməsi də gündəmdə olmayacaq”.

Vitse-prezident bildirib ki, razılaşmaya əsasən, ABŞ hərbçiləri Suriyanın şimalına bir daha qayıtmayacaq: “Prezident Donald Tramp da aydın şəkildə bildirdi ki, bizim hərbçilər orda olmayacaq. Biz hərbi vəziyyətlərdə bir daha iştirak etməyəcəyik”.

Pensin çıxışı ərəfəsində isə ABŞ prezidenti Donald Tramp  sosial şəbəkədə “Türkiyədən gözəl xəbərlər var, Ərdoğana təşəkkürlər, milyonlarla həyat xilas ediləcək”, – deyə yazıb.

Tramp əlavə edib ki, Birləşmiş Ştatlar Türkiyəyə qarşı yeni sanksiyalar tətbiq etməyəcək: “Artıq buna ehtiyac qalmadı. Ərdoğan mənim dostumdur. Onunla noyabrda ABŞ-da görüşəcəyəm”.

Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu isə “”Barış Pınarı”nı dayandırmırıq. Bu, atəşkəs deyil, sadəcə əməliyyata ara veririk”, – deyə qeyd edib.

Nazir deyib ki, YPG tələb olunan məsafəyə çəkilənə qədər gözləyəcəklər: “Biz tələb etdiyimiz, arzuladığımız nəticəni aldıq. Əsas məqsəd Fəratın qərbindən İraq sərhədinədək olan ərazidə heç bir terrorçunun qalmamasıdır və biz bu məqsədimizə nail olacağıq. Bu bölgədən ABŞ hərbçiləri çəkiləcək və şərtlərimiz daxilində terrorçular bütün silah-sursatlarını ərazidə qoyub getməlidir. Bu halda biz atəşkəs elan edəcəyik”.

Çavuşoğlu Suriyanın digər bölgələrində isə İŞİD-ə qarşı əməliyyatı davam etdirəcəklərini bildirib.

Ərdoğanla Pensin görüşündən ilk video ilə tanış olun: