XƏBƏR LENTİ

22 Noyabr 2019
21 Noyabr 2019

Digər Xəbərlər

19 Oktyabr 2019 - 14:01

AVROPA İTTİFAQININ DİPLOMATİYASI:Emmanuel Makronun “qarın ağrısı” nədir?

Dünən tamamlanan Avropa İttifaqı ölkələrinin liderlər sammitinin gündəm mövzularından biri də Türkiyənin “Barış pınarı” əməliyyatı idi.

Strateq.az xəbər verir ki, Qərbi Avropa ölkələrinin bu əməliyyata kəskin qarşı çıxmasına baxmayaraq, sammitdən arzuladıqları qətnaməni çıxara bilməyiblər. Belə ki, sammitdən öncə istər Fransa, istər Almaniya, istərsə də Hollandiya və Belçika kimi dövlətlər Avropa İttifaqının Türkiyəyə qarşı silah embarqosu qoyulmasını istəyirdilər. Sammitdən gələn xəbərlər isə liderlərin bu məsələdə xeyli ehtiyatlı davrandıqlarını və ölkələrinə əliboş döndüklərini göstərir.

Baxmayaraq ki, zirvə toplantısından sonra mətbuat konfransı keçirən Fransa prezidenti  Emmanuel Makron tamamilə başqa cür düşünürdü. Onun jurnalistlərə verdiyi açıqlamaya görə, liderlər Türkiyə məsələsində ortaq qərara gəliblər: “Türkiyəyə silah ixracını dayandırmışıq. Merkel və Conson ilə gələcək həftələrdə Prezident Ərdoğanla görüşməyə qərar verdik. Yəqin ki, Londonda görüşəcəyik”.

Xatırladaq ki, Qərbi Avropa dövlətləri Türkiyəyə silah satışını dayandırmaq barədə qərarlarını zatən sammitdən əvvəl vermişdilər. Makronun sözlərinə bu faktı nəzərə alaraq baxanda aydın olur ki, sammitdə sadəcə Türkiyə prezidenti ilə görüşmək qərara alınıb. Görüşün vaxtı isə müəyyən deyil. Çünki “gələcək həftələr” – sonsuz zaman anlayışdır. “Gələcək həftələr” gələnə qədər “Barış pınarı” əməliyyatı onsuz da tamamlanmış olacaq. Deməli, sözügedən 4 dövlətin liderlərinin Londonda görüşündə “Barış pınarı” əməliyyatının dayandırılması yox, nəticələri müzakirə olunacaq.

Əslində Avropa liderlərinin Türkiyə məsələsində hər hansı yekun qərara gəlməyəcəyi əvvəlcədən bəlli idi. Zirvə toplantısından əvvəl mətbuata açıqlama verən Avropa Xarici Əlaqələr Şurasının (ECFR) Berlin ofisinin direktoru İosif Janninq sammitdən hər hansı konkret nəticə gözləmədiyini açıq şəkildə bəyan edərək demişdi: “Mən ABŞ və ya Aİ-nin Türkiyəyə bu məsələdə təzyiq edəcəyini düşünmürəm. Bir vaxtlar “Əsəd getməlidir”, deyən Türkiyənin indi müəyyən şərtlər müqabilində Rusiyanın vasitəçiliyi ilə Əsəd rejimi ilə müqavilə bağlaması ehtimalı daha güclüdür”.

Janninqin bu sözlərindən aydın olur ki, o da əksər Qərb diplomatları kimi, öz müttəfiqləri tərəfindən incidilmiş Türkiyənin əks qütbə yönələcəyindən ehtiyatlanır. Alman diplomatının bu nigaranlığı, Türkiyənin irəli sürdüyü bəzi arqumentlərə haqq verməsində də özünü bariz şəkildə göstərir: “Təəssüf ki, Türkiyənin həqiqətən də son iki ildə qaçqınlar mövzusundakı yükünün artdığı inkaredilməz bir həqiqətdir”. Diplomatın bununla nə demək istədiyini anlamaq üçün “Barış pınarı” əməliyyatının əsas hədəfinin Şimali Suriyada təhlükəsiz zona yaradaraq, bu ölkədən qaçan milyonlarla didərgini həmin ərazilərdə yerləşdirmək olduğunu xatırlamaq kifayətdir.

Üstəlik, diplomat Şimali Suriyada indiki ağır vəziyyətin yaranmasının səbəbkarı kimi Türkiyəni də görmür. Onun fikrincə, Şimali Suriyadakı indiki vəziyyətin meydana gəlməsinin bir günahkarı var – ABŞ:

“ABŞ-ın riyakarlığı inanılmaz ölçüdədir. Əvvəl kürd silahlılarından öz əməliyyatının piyadası kimi istifadə et, qan tökmə işini onlara tapşır, sonra Ərdoğan ilə müqavilə bağla və əməliyyata yaşıl işıq yandır, nəhayət, buna icazə verməmiş kimi, bir də Ərdoğana sanksiya tətbiq et. Bütün bunlar tam bir rəzalətdir”.  

Alman mətbuatının yazdığına görə, bu, təkcə İosif Janninqin də fikri deyil. Rəsmi Berlinin ən balaca nazirindən tutmuş Merkelə qədər hamısı bu cür düşünür. Maraqlıdır ki, Türkiyəyə silah embarqosu tətbiq edilməsinin ən atəşli tərəfdarı Fransa prezdenti Makron da təxminən eyni düşüncədədir. Onun ötən gün keçirdiyi məlum brifinqdə səsləndirdiyi fikirlər də bunu təsdiqləyir:

“Fransa, ABŞ və Türkiyə NATO-nun müttəfiqləridir, amma biz ABŞ-ın əsgərlərini Suriyadan geri çəkdiyini Twitter üzərindən öyrəndik. NATO-nun digər müttəfiqi isə İŞİD-ə qarşı beynəlxalq koalisiyanın ortağı olan Demokratik Suriya Güclərinə (DSG) hücum etməyə qərar verib. İŞİD-ə qarşı mübarizə aparan DSG-çilər PKK-çı deyillər. Beləliklə, son günlərdə baş verənlər Qərb və NATO-nun ağır xətasıdır”.

Emmanuel Makronun daşı həm də Türkiyənin bağçasına atmasına baxmayaraq, bir çox Qərb diplomatının fikrincə, bu, sadəcə kürd separatçılarına şirin görünmək xətrinədir. Hardasa bütün Avropa ölkələri əslində Türkiyənin bu əməliyyatından daxilən narazı deyillər. Çünki onları narahat edən ortaq problem var. Bu da hər gün dəstə-dəstə Avropaya axışan və qitəyə özüylə bərabət terrorçu daşıyan köçkün dalğasıdır. Hansı ki, bu dalğa təkcə Qərbin mədəni vizyonunu dəyişdirmir, həm də qitəni narazılar üsyanına, müxtəlif terror aksiyalarına sürükləyir. Türkiyənin bu əməliyyatı isə qaçqınlara sığınacağı öz məmləkətlərində təmin edəcəyindən, prinsipcə, bütün Qərb dövlətlərinin marağına uyğundur.

Yeri gəlmişkən, Avropa İttifaqının XİN-i sayılan qurumun alman yetkilisi İosif Janninqin haqqında bəhs etdiyimiz mətbuat açıqlamasında da bu xüsus özünü aydın şəkildə büruzə verir. Bəzi AB ölkələrinin Türkiyəyə göstəriləcək çox sərt reaksiyanın yeni qaçqın axınına yol açmasından narahat olduğunu söyləyən diplomat məhz bu səbəbdən Suriyanın şimalında yaradılan “təhlükəsiz bölgə” təklifinə etirazlarının olmadığını  bildirmişdi.

Bəs həmin bəzi dövlətlər hansılardır?

Məlumatlara inansaq, Aİ-da Türkiyənin mövqeyini ən çox dəstəkləyən Şərqi Avropa dövlətləridir. Evronews-in xəbərinə görə, bazarertəsi günü Lüksemburqda toplanan Avropa Birliyi Xarici İşlər nazirləri məhz onların müxalifliyi səbəbindən Türkiyəyə silah embarqosu məsələsində razılığa gələ bilməyiblər. Macarıstan Xarici İşlər Naziri isə daha da irəli gedib. O, sammitin kritik toplantısı keçirilərkən Lüksemburq yerinə Bakıya gəlməyə, Türk Şurasına qatılmağa  üstünlük verib.

Macarların “türk damarı”nın liderlərin sammitində də tutacağı istisna edilmirdi. Janninq sammit öncəsi verdiyi açıqlamasında bildirirdi: “Macarıstan Türkiyənin qaçqınlar məsələsində ağır bir yük altında olduğunu söyləyərək, “Haqlıdırlar, Suriyanın şimalında təhlükəsizlik zonası yaradıb bu yükü yüngülləşdirəcəksə, qoyun, bunu etsin” deyir”.

Amma tək Şərqi Avropamı belə düşünür? Fransa prezidenti Makronun dünənki çıxışında dilə gətirdiyi bəzi fikirlər, prinsipcə, onun da fərqli düşünmədiyindən xəbər verir. Makron həmin çıxışında deyib ki, əcnəbi terrorçular əgər Avropaya gəlmək istəyəcəklərsə əvvəl Türkiyəyə, sonra Türkiyədən Fransaya keçəcəklər: “Başqa yollarla Fransaya gəlmələri mümkün deyil. Bu vəziyyətdə Türkiyənin illərdir etdiyi kimi, yenə bu barədə bizi məlumatlandırması lazımdır”.

Bu sözlər Makronun da Türkiyənin güvənli bölgə yaratmayacağı təqdirdə, Fransaya müsəlman köçünün şiddətlənəcəyindən narahat olduğunu göstərir. Onun narahatlığı isə səbəbsiz deyil. Türkiyə prezidenti güvənli bölgənin yaradılmasını istəməyən bəzi Avropa ölkələrinə qaçqınları göndərməklə onları imtahana çəkəcəyini açıqlamış və Qərbi ciddi təşvişə salmışdı. Belə görünür ki, Makron da təşviş içindədir. Onun Barış pınarı əməliyyatına bu qədər qarşı çıxmasının səbəbi isə başqa mətləblərdə gizlidir. Fransa prezidenti dünənki çıxışında bu nigaranlığının əsl səbəbini də dilə gətirdi: “Bu gün regionda gördüyüm reallıq, güc tətbiq edərək qazanan ölkələrin Türkiyə, Rusiya və İran olduğudur. Bunun Avropa və ABŞ üçün ən yaxşı strateji vəziyyət olduğundan əmin deyiləm”.

Deyəsən məsələ aydındır, axı: Makronun “qarın ağrısı” Yaxın Şərqdə tökülən qanlardan yox, Suriya piroqundan pay istəməsindən qaynaqlanana oxşayır.

Heydər Oğuz

Strateq.az




Yuxarı Əvvələ Ana Səhifə