XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

19 October 2019 - 17:35

MİLLİ ŞURA BAKIDA İCAZƏSİZ AKSİYA KEÇİRMƏYƏ CƏHD ETDİ, POLİS QARŞISINI ALDI- ƏLİ KƏRİMLİ VƏ TƏRƏFDARLARI SAXLANILDI (FOTO/VİDEO)

Polis Milli Şuranın bu gün saat 15:00-a “28 may” metrostansiyasının qarşısına təyin etdiyi razılaşdırılmamış mitinqin keçirilməsinə imkan verməyib.

Strateq.az xəbər verir ki, AXCP sədri Əli Kərimli mitinqdə iştirak etmək üçün saat 14:50-də evindən çıxıb və “28 may” metro stansiyasının önündəki meydana doğru irəliləyib.

Bu zaman əvvəlcə onun ətraflndakı tərəfdarları, daha sonra isə Əli Kərimli özü polis tərəfindən saxlanılıb.

AXCP sədrinin həbsindən az sonra isə icazəsiz aksiya tamamilə başa çatıb.

Bakı Şəhər Baş Polis İdarəsi  aksiyadan dərhal sonra rəsmi məlumat yayıb.

Məlumatda bildirilir ki, özünü Demokratik Qüvvələrin Milli Şurası adlandıran qurumun üzvləri 2019-cu il oktyabr ayının 19-da paytaxtın mərkəzi ərazilərindən birində mitinq keçirmək barədə Bakı Şəhər İcra Hakimiyyətinə müraciət ediblər:

Müraciətə baxılaraq “Sərbəst toplaşmaq azadlığı haqqında” qanunun müvafiq tələblərinə əsasən ictimai asayişin pozulmasının qarşısının alınması, iğtişaş və cinayətlərin baş verməməsi, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə aksiyanın şəhərin mərkəzi hissəsində keçirilməsi onun yerinin dəyişdirilməsi formasında məhdudlaşdırılaraq Qaradağ rayonunun Lökbatan qəsəbəsindəki “Neftçi” idman klubunun təlim bazası təklif olunub. Bu barədə müraciətin müəlliflərinə rəsmi məlumat verilmiş və onlar müəyyən edilməmiş yerlərdə keçiriləcək mitinqin qarşısının alınacağı, baş verə biləcək ictimai qayda pozuntularına görə məsuliyyət daşıyacaqları barədə Bakı şəhər Baş Polis İdarəsi və Prokurorluğu tərəfindən rəsmi xəbərdar ediliblər.

Buna baxmayaraq, aksiyanın təşkilatçıları oktyabrın 19-u saat 15:00-dan başlayaraq ümumi sayı, təxminən, 220 nəfərədək olan bir neçə qrupla müxtəlif istiqamətlərdən metronun “28 May” stansiyasının önündəki meydana daxil olmağa cəhd göstəriblər.

Görülmüş tədbirlərlə hüquqazidd hərəkətlərin genişlənməsinin qarşısı alınıb, qanunsuz aksiyanın təşkilatçıları və fəal iştirakçıları da daxil olmaqla 60 nəfər saxlanılıb. Onlardan 18 nəfərin əməlləri ərazi polis qurumlarında müvafiq qaydada sənədləşdirilərək toplanmış materiallar qanunla müəyyən edilmiş tədbirlərin görülməsi üçün məhkəmələrə göndəriləcək. İzahatları alınmış daha 42 nəfər hüquqazidd hərəkətlərin yolverilməzliyi barədə rəsmi xəbərdarlıq edildikdən sonra buraxılıblar”.

Onu da qeyd edək ki, mitinq ərəfəsində Azərbaycan Xalq Cəbhəsi Partiyasının 10-dan çox fəalı 5 sutkadan 60 sutkayadək inzibati həbsə məhkum edilib. Onların arasında AXCP sədrinin müavini, keçmiş siyasi məhbus Seymur Həzi (15 sutka), AXCP Rəyasət Heyətinin üzvləri İlham Hüseyn (60 sutka) və Fuad Qəhrəmanlı da var.

Bu barədə “Amerikanın Səsi”nə AXCP-dəki mənbələrdən məlum olub.