XƏBƏR LENTİ

17 Noyabr 2019
16 Noyabr 2019

Digər Xəbərlər

22 Oktyabr 2019 - 20:54

NETANYAHU “0”, HANTS “1”…- İsrail baş nazirini "tarixə çevirmək" üçün rəqibinin 28 gün vaxtı var

İsrailin baş naziri Binyamin Netanyahu Knessetdə (parlamentdə) hakim koalisiyanı formalaşdıra bilmədiyini rəsmən elan etdi. Oktyabrın 22-dən etibarən koalisiyanı formalaşdırmaq üçün mandat Netanyahunun əsas və barışmaz rəqibi, sol mərkəzçi “Kahol-Lavan” blokunun lideri Benni Hantsa keçdi.

Knessetə son seçkilərin nəticələrinə görə, heç bir partiya həlledici qələbəyə nail ola bilməmişdi. Əsas rəqabət baş nazir Benyamin Netanyahunun “Likud” sağ mərkəzçi partiyası ilə Benni Hantsın sol mərkəzçi partiyası arasında getmişdi.

İndi mandat Hansta keçsə də, onun da Knessetdə müttəfiq tarmaq şansları çox deyil. İsrailin bəzi analitikləri ehtimal edirlər ki, ölkə qəti addımlarla növbəti (il ərzində üçüncü) parlament seçkilərinə gedir.

Siyasi çıxmazın yaranmasından ehtiyat edən prezident Reuven Rivlin hələ bir ay əvvəl tövsiyə etmişdi ki, hökumətə həm Hantsın 33 mandata sahib “Kahol-Lavan” partiyası, həm də Netanyahunun 31 deputat yeri qazanan “Likud” partiyası daxil edilsin. İsrail prezidenti bu il üçüncü ümumxalq seçkisinə getməmək üçün əlindən gələn hər şeyi edəcəyini də demişdi.

Koalisiyanı formalaşdırmaq üçün Netanyahunun vaxtı sabah başa çatdırdı. Lakin baş nazir sabahı gözləmədən – oktyabrın 21-də məlum qərarını elan etdi. Maraqlıdır ki, həmin gün Netanyahunun ad günü idi və 70 yaşı tamam olurdu. Üstəlik İsraildə Simha Tora bayramı qeyd olunurdu.

Netanyahu və Hants

“Nazirlər onsuz da Netanyahunun bayram tətildən qayıtma anlarından qorxurdu. Həmin müddət ərzində o, demək olar ki, heç bir siyasi müttəfiqi, həmçinin məsləhətçiləri ilə ünsiyyət qurmur”, – deyə “Haaretz” nəşri yazır.

Son 12 ildə ilk dəfə olaraq hakim koalisiyanı formalaşdırmaq üçün mandatı Netanyahu yox, Benni Hants alıb. Rəqibinin edə bilmədiyini etmək üçün Hantsın 28 gün vaxtı var. Son seçkilərin nəticələrinə görə, onun Kahol-Lavan bloku Knessetdə 33 yer qazandı. Bu, Netanyahunun Likud partiyasının qazandığı mandat sayından daha çoxdur.

Amma Hanst da digər siyasi qüvvələrlə razılığa gəlməyə bilər. 54 deputat ona dəstək verəcəyini bəyan edib. Knessetdə çoxluğu ələ keçirmək üçün isə 61 mandata ehtiyac var.

Belə olan halda Hanst böyük ehtimalla kompromisə getməyə hazır olacaq. Bu gün səhər saatlarında məlumat yayıldı ki, koalisiyaya qoşulmaları üçün danışıqlara dörd partiyanın təmsil olunduğu ərəb alyansı (“Birləşmiş Ərəblər Siyahısı”) dəvət ediləcək.

İsrail ərəblərinin partiyası olan “Birləşmiş Ərəblər Siyahısı” son seçkilərdə 13 yer qazanıb və ilk dəfə olaraq ölkədə üçüncü siyasi qüvvə olub. Onların təmsilçiləri hökumətin başında yenidən Netanyahunun olmasını istəmirlər. Ərəb siyasətçilər 92-ci ildən bu yana ilk dəfədir ki, ortaya belə bir mövqe qoyurlar.

“Birləşmiş Ərəblər Siyahısı”nın lideri Ayman Odeh prezident Rivlinə bildirib ki, alyansın əsas vəzifəsi Netanyahunun növbəti müddətə buraxmamaqdır. O bildirib ki, Hants və onun siyasətinə “yaşıl işıq” yandırmasa da, Benyamin Netanyahunun növbəti müddətə baş nazir olmaması üçün hər şey etməyə hazırdır.

Odehin sözlərinə görə, İsrailin gələcəkdə fələstinlilərin ölkənin siyasi həyatında tam iştirakına ehtiyacı var. Fələstinlilərin Qərb sahilində, Şərqi Yerusəlimdə və Qəzza sektorundakı seçkilərdə iştirak imkanı olmayıb. Onlar İsrailin səsvermə hüququ olan ərəb əhalisinin siyasi iradəsindən asılıdırlar.

“Kahol-Lavan” lideri yəhudi dini partiyaları ilə danışıqlar aparmağa hazır deyil, amma “Likud”la koalisiyaya girə bilər. Bir şərtlə ki, bu partiya Netanyahunun liderliyindən və dini partiyalarla ittifaqdan imtina etsin.

Prezident Reuven Rivlin tərəfindən təklif olunan bir variant da var. Bu varianta görə, Netanyahu və Hants baş nazir postunu növbə ilə tutacaqlar. Məsələn, hazırda Netanyahu ilə bağlı korrupsiya araşdırması getdiyi üçün o, məhkəmə istintaqı boyunca səlahiyyətlərini Hantsa təhvil verəcək. Və bəraət alacağı təqdirdə, səlahiyyətlərini geri alacaq. Hələ ki tərəflərdən heç biri belə kompromisə getmək istəyini dilə gətirməyib. Lakin siyasi böhran dərinləşərsə, mövqelərini dəyişə də bilərlər.

Və nəhayət, böhrandan çıxış yolu tapılmasa, İsrail vətəndaşları növbəti dəfə seçki məntəqələrinə getməli olacaqlar. Proqnozlara görə, növbəti seçki olarsa, «Likud»un nəticələri əvvəlki iki seçkidə olduğundan daha pis olacaq. Belə olan təqdirdə də partiya nəhayət liderini dəyişməyə razılaşar və “Kahol-Lavan”la koalisiya qurmaq mümkün olar.

“Mümkün ssenarilərdən hansının gerçəkləşəcəyini söyləmək hələ tezdir. Lakin onların hamısının ortaq nöqtəsi var: artıq Netanyahu son 10 ildə olduğu kimi, siyasi həyatda hakim olmayacaq”, – Vaşinqtonun Yaxın Şərq Siyasəti İnstitutunun tədqiqatçısı Duvid Makovski deyir…

Tərcümə Strateq.az-ındır




Yuxarı Əvvələ Ana Səhifə