XƏBƏR LENTİ

16 Noyabr 2019
15 Noyabr 2019

Digər Xəbərlər

24 Oktyabr 2019 - 18:24

İŞİD VƏ YPG ABŞ ORDUSUNUN ORTA ŞƏRQDƏ QALICILIĞINI NECƏ TƏMİN EDİR? –"Böyük anlaşma" əldə edilənədək savaş sürəcək - ARAŞDIRMA

Ərgün Dilər

“Takvim”, Türkiyə, 24 oktyabr 2019-cu il

 

Tezis və antitezisi birlikdə düşünsək, ABŞ-ın beynində nəyin olduğunu tapmaq çətin olmaz. ABŞ və onun Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) bir problemi kəskinləşdirər və gözlənilməz bir şəkildə həll edər. Dünənədək avtobusa, yeməkxanaya buraxmadıqları “qaralar”dan özlərinə prezident seçdikləri kimi…

Pentaqonun Suriyada Türkiyəyə qarşı əlində olan ən güclü arqumenti İŞİD-dir. Bu, dünən üçün də, bu gün üçün də belədir. Bu önəmli kozırdan hələ uzun müddət ərzində istifadə etmək istəyirlər. Ancaq Prezident Trampın hərdənbir İŞİD-in bitdiyinə dair açıqlamalar verməsi, bu təşkilatı Barak ObamaHillari Klintonun qurduğunu söyləməsi Pentaqonun planlarında bəzi axsamalara səbəb olur.

Yeri gəlmişkən, Cim Mettisdən sonra ABŞ Müdafiə naziri olan Patrik M. Şanahan bir vəzifəli türklə görüşərkən irəli sürülən “İŞİD-i siz qurdunuz. Prezidentiniz belə söyləyir” fikrinə cavab verə bilmədi. Məsuliyyət daşıyanın Obama olaraq göstərilməsi həm o toplantıda, həm də Pentaqonda narahatlığa səbəb oldu. Bu mövzu Trampın başı çəkməsiylə müzakirəyə açılarkən, dövrəyə xüsusi prokuror Müller girdi. Və Trampı küncə sıxışdıracaq həmlələr gəldi.

Əslində, Tramp yalan söyləmirdi. İŞİD-in qurulma mərhələsində Pentaqon mərkəzi rol oynayırdı. Əgər İŞİD qurulmasaydı, bu gün ABŞ nə İraqda, nə də Suriyada bu qədər təsirli ola bilməzdi. Doğrusu, heç çox araşdırma aparmağa ehtiyac da yoxdur.

İŞİD YPG-nin Suriyada mövcud olmasını və ABŞ-ın bölgədə ən təsirli ünsür olmasını təmin etdi. Tezis və antitezis iç-içə idi. ABŞ İŞİD-i meydana gətirir, qarşısına YPG-ni qoyur və bölgədə kök salırdı.

İŞİD də, YPG də Vaşinqtonda quruldu. 2004-cü ildə PKK adını ləğv edib, YPG kimi səhnəyə çıxan təşkilatın lider kadrları “Vest Point”də (ABŞ Hərbi Akademiyası – tərc.) qəbul edildi. Ad çəkmək istəmirəm, ancaq aralarında general-mayor və vitse-admiral rütbələrində olan və hamının tanıdığı şəxslərlə yan-yana gəldilər. Türkiyə Silahlı Qüvvələri (TSQ) daxilində olan bu heyət YPG ilə birlikdə işləmək üçün hazırlıq keçirdi. Əgər ABŞ-ın istədiyi plan uğurla getsəydi, TSQ ilə YPG bir çox məsələdə ortaqlıq edəcəkdi. Bunun üçün 200 səhifəlik bir “qırmızı kitab” da hazırlanmışdı. Bu strateji həmlə bölgəyə yeni bir nizam gətirərkən, əlbəttə, Rusiyanı da önəmli ölçüdə kənara itələyəcəkdi.

TSQ-də bu plana sadiq qalan şəxslərin ölkədən qaçması və neytrallaşdırılması ilə birlikdə, ABŞ-ın Türkiyə ilə hərbi ortaqlığı zərər gördü. Bəlkə də bitdi.

Bu gün belə, bəzi ortaqlıqların olmasının iddia edilməsi tamamilə həqiqətdən kənardır. Türkiyə ABŞ ordusunun hədəfindədir. Bunu da hərdənbir cümlələrin arasına sıxışdırılan mesajlardan görürük. Bu, yaxın zamanda da dəyişməyəcək. Çünki ABŞ-ın Türkiyədəki 1980-ci il çevrilişindən sonra günbəgün inkişaf etdirdiyi plan 15 İyul çevriliş təşəbbüsü ilə birlikdə çökdü. Hələ də türk ordusu içində bu plana sadiq qalan şəxslər olsa da, təsirli olub-olmamaları mübahisəlidir. Bəziləri bu plandan kənara, bəziləri də təqaüdə çıxdı. Yəni, ABŞ-ın TSQ-də bir daha güclü olması üçün, ən azı, 40 ilə ehtiyacı var. Bu sistemin tamamlanması üçün Ankarada təsirə malik olan güclü bir Vaşinqtonun olması da şərtdir. Bu səbəblə, ABŞ Türkiyəyə qarşı iqtisadi həmlələrdən istifadə etdi. Elə tam bu mərhələdə dövrəyə, yazdığım kimi, Berat Albayraq girdi. ABŞ-a keçid vermədi.

İqtisadi həmlələr hər iki ölkə üçün də risk daşıyır. Supergüc olaraq tanınan Rusiya belə, ABŞ-ın bir neçə iqtisadi sanksiyası qarşısında pul vahidinin 50% dəyər itirməsinə mane ola bilmədi. Hələ ABŞ Rusiyanı iqtisadi baxımdan bitirmək üçün heç bütün kozırlarının hamısından istifadə etməmişdi.

Türkiyəyə yönəlik iqtisadi əməliyyatlar da bir neçə mərkəz vasitəsilə həyata keçirildi. Türkiyədəki önəmli iş adamlarının da bu əməliyyatda yer aldığını unutmamaq lazımdır. Həmin şəxslərin adları önəmli deyil.

Rusiyaya yönəlik iqtisadi əməliyyatlarda da bəzi oliqarxlar eyni qaydada ABŞ-ın yanında yer aldı. 12 oliqarx tam olaraq ABŞ-la birgə hərəkət etdi. Ancaq həmin oliqarxlardan sadəcə 6-sı qara siyahıya salındı. Bu, Rusiyanın o oliqarxları müəyyən etməsini əngəllədi.

Görünən tabloda ABŞ-ın təsirli olmadığı heç bir ölkə yoxdur. Ən çox Türkiyədə çətinliyə düşdülər. Ancaq iş adamları ilə bağlı ən kiçik ölkələrdə belə, işlədikləri sərmayə qrupları vardır.

ABŞ II Dünya Müharibəsindən sonra Avropa, Asiya, Afrika və xüsusilə Orta Şərqdə təsirini artıracaq həmlələr etdi. ABŞ-ın Orta Şərqdə təsirini artıran ölkə həmişə Türkiyə oldu. Ancaq 2011 və ya 2012-ci ildən etibarən (“Ərəb baharı” nəzərdə tutulur – tərc.) başlayan gərginlik ABŞ-ın Orta Şərqdəki mövcud təsirində gözlə görünən bir azalmaya səbəb oldu. Pentaqondakı önəmli şəxslər İraq hərəkatında onlara dəstək verməyən Türkiyəyə mütləq cəza verilməsini 2003-cü ildən bəri istəyirdi. Doğrusu, qopma elə belə başladı. ABŞ Rusiya, Əsəd, YPG, İŞİD, bəlkə də başqa bir alət vasitəsilə bölgədə mövcud olmaq istəyəcəkdir. Əsla getməzlər.

Türkiyə də öz gücü hesabına zərər görə biləcəyi sahələri təmizləyəcək. Bu, ta ki “Böyük anlaşma” əldə olunanadək davam edəcək.

Hazırda NATO daxilindəyik, ancaq qarşı-qarşıyayıq. Bu durum sabah bitənə də oxşamır. Suriya məsələsinə baxın, kiminlə otururuq? Bölgədən Fransa, Almaniya və İngiltərəni uzaqlaşdırmaq istəyən ABŞ və Rusiya ilə. Mübarizə onların arasında gedir, ancaq məcburən biz də içindəyik.

Fransız mediasına baxın, Ərdoğana hücum edirlər. Nə üçün? YPG geri püskürdüldüyü üçün. Yaxşı, bu, kimin YPG-sidir? Fransanın.

Və bir də heç ağlımızdan çıxarmayaq, Orta Şərq masada həll ediləcək bir iş deyildir. Gücü olan, Türkiyə kimi, meydanda olar. Geri qalanı nağıldır… Durum belədir.

Tərcümə Strateq.az-ındır

 




Yuxarı Əvvələ Ana Səhifə