XƏBƏR LENTİ

17 Noyabr 2019
16 Noyabr 2019

Digər Xəbərlər

08 Noyabr 2019 - 21:30

TRAMP YOXSULLARDAN MOBİL TELEFONLARI GERİ ALIR- Obamanın “mirasına" qarşı savaş, yoxsa seçkiyə hesablanan gediş?

ABŞ-dakı sosial dəstək proqramlarının əleyhdarı kimi tanınan prezident Donald Tramp onlardan daha birini “tarixə” qovuşdurmaq niyyətindədir. Söhbət, ABŞ Federal Rabitə Komissiyası tərəfindən illərdir həyata keçirilən “Lifeline” proqramından gedir. Bu proqrama əsasən, yoxsul vətəndaşlar içərisində danışıq dəqiqələri olan pulsuz mobil telefonlarla təmin olunurlar. Tramp hakimiyyətə gələndən həm proqram iştirakçılarının sayı, həm də ayrılan maliyyənin həcmi kəskin şəkildə aşağı düşüb.

“Lifeline” proqramı Birləşmiş Ştatlarda 1985-ci ildən tətbiq olunur. Həmin ildən ABŞ Federal Rabitə Komissiyası aztəminatlı vətəndaşlar üçün ev telefon xətlərinə subsidiya verməyə başlayıb. Məqsəd, həmin vətəndaşların zəruri hallarda polisə, təcili yardıma və s. müraciət edə bilmələrini təmin etməkdir. 2005-ci ildə proqrama pulsuz mobil telefonların verilməsi də daxil edildi.

Hazırda bu cür zənglər üçün yoxsul vətəndaşlara hər ay pulsuz 250 dəqiqə ayrılır. Proqramın səmərəli olduğu təcrübədə təsdiqini tapıb. Pulsuz mobil telefon və danışıq dəqiqələri hesabına istər polisə, istər təcili yardıma vaxtında müraciət edərək həyatlarını qurtaran saysız insan var.

Proqram federal hökumət tərəfindən maliyyələşdirilir. Müşahidəçilər qeyd edirlər ki, son illərdə onun büdcəsi azalmaqdadır və hazırda 1 milyard dollardan bir qədər çoxdur. Nəticədə “Lifeline”dan dəstək alanların sayı da azalmaqdadır. Son iki ildə bu rəqəm 21 faiz azalaraq 10,9 milyondan 8,6 milyon nəfərə düşüb.

Çoxları bunu 2018-ci ildə proqrama qoşulmuş yeni istifadəçi təsdiqləmə sistemlərinin tətbiqi ilə əlaqələndirir.

Federal Rabitə Komissiyasının iddiasına görə, “Lifeline”nın icra olunduğu illər ərzində bir çox fırıldaqçılıq hadisəsi qeydə alınıb. Belə ki, əslində buna hüququ olmayan insanlar pulsuz ünsiyyət imkanı əldə edblər. İndi isə proqramda iştirak etmək istəyənlərlə bağlı daha dərin yoxlama aparıldığı üçün abunəçilərin sayı azalıb.

Eyni zamanda başqa bir vacib məqam da var. Oğul Buşun prezidentliyi dövründə bir çox respublikaçılar pulsuz mobil rabitə ilə təminetmə proqramını tənqid edərək, bunu pul itkisi adlandırmışdı.

Əhalinin aztəminatlı kəsiminə xüsusi diqqət ayıran Barak Obamanın rəhbərliyi dövründə “Lifeline” daha da inkişaf etmişdi. Bu baxımdan bəzi dairələrdə proqrama hətta “Obama Telefon” adını vermişdilər.

Donald Tramp sələfi Obamanın islahatlarına qarşı davamlı hücumları və iradları ilə tanınır. Bundan əlavə, ABŞ-ın hazırkı prezidenti cəmiyyətin həssas təbəqələrini dəstəkləmək üçün hazırlanmış bir sıra təşəbbüslərə hər zaman qarşı çıxıb.

Məsələn, o, Obamanın dövründə fəaliyyətə başlayan DACA proqramının ləğvini tələb edib. Bu proqram 16 yaşında ABŞ-a qanunsuz girən uşaqları məcburi deportasiyadan qoruyur. Tramp Obamanın miqrasiya siyasətini və həyata keçirdiyi tibbi islahatı da davamlı olaraq tənqid edib.

Tramp prezident kürsüsünə oturan kimi 2010-cu ildə Barak Obama tərəfindən imzalanmış “Pasiyentlərin müdafiəsi və əlçatan tibbi xidmət haqqında” qanunun təşkilatlar tərəfindən tənzimlənməsinin aşağı salınması (Konqres tərəfindən ləğv edilənə qədər) haqqında fərman imzalamışdı.

Həmin qanuna əsasən aztəminatlı amerikalılar tibbi sığortaya görə subsidiya alırlar. Qanunun qəbuluna qədər 40 milyonadək amerikalının tibbi sığortası olmamışdı. 

“Obamacare” adı ilə tanınan qanun bütün amerikalıların üzərinə minimal tibbi sığorta haqqını ödəmək öhdəliyini qoyur. Tibbi sığorta almaq istəməyən amerikalılar əməkhaqqının məbləğindən asılı olaraq ildə 300-900 dollar civarında cərimə ödəməlidirlər.

“Lifeline”a gəlincə, tamamilə mümkündür ki, proqramın büdcəsindəki, həmçinin ondan istifadə edən insanların sayındakı azalma Tramp administrasiyasının məqsədli siyasətinin və Federal Rabitə Komissiyasına təzyiqinin nəticəsidir.

“Onların (Federal Rabitə Komissiyası) proqramı yox etməyə çalışdıqları çox açıqdır. Bu, yoxsulluq içində yaşayan insanlara qəsdən edilən iyrənc bir hücumdur”, – deyə Nebraska Demokratik Xidmət Məsələləri üzrə Komissiyanın üzvü Kristal Rouds bildirir.

Sosial proqramları məhdudlaşdıran (birbaşa və ya dolayı) Tramp təkcə Obamanın “mirasına” qarşı mübarizə aparmır, həm də seçicilərinin gözləntilərinə hesablanan gedişlər edir.

Mövcud prezidentin elektoratı (əsasən işçi sinfinin ağ nümayəndələrindən ibarətdir) hakimiyyətin qeyri-qanuni mühacirlərə və işsizlərə federal maliyyələşdirməni azaldan istənilən addımını həvəslə qarşılayır.

Tramp hələ seçki kampaniyası dövründə bəyan etmişdi ki, ilk növbədə Amerikada işçilərin maraqlarını müdafiə edəcək. Buna görə “Lifeline” proqramındakı “qayçılanmalar” yeni seçki yarışında onun mövqeyinə ciddi təsir göstərə bilməz…

Tərcümə Strateq.az-ındır




Yuxarı Əvvələ Ana Səhifə