XƏBƏR LENTİ

16 Noyabr 2019
15 Noyabr 2019

Digər Xəbərlər

09 Noyabr 2019 - 15:25

8 TRİLYONLUQ SƏRVƏT UĞRUNDA BAŞLAYAN SAVAŞ… –ABŞ-Rusiya tandeminin, yoxsa Avropanın yanında yer almalı? - ARAŞDIRMA

Ergün Diler

“Takvim”, Türkiyə, 08 noyabr 2019-cu il

 

Neçə gündür yazdıqlarımı Fransa Prezidenti Makron dünən sanki təsdiq etdi. Altına imza atdı.

Makron, Yelisey sarayında The Economistə verdiyi müsahibədə təxminən belə dedi: “NATO-nun gerçəkliyini, ABŞ-ın bağlılığı çərçivəsində, yenidən dəyərləndirməli olduğumuzu düşünürəm. ABŞ və NATO üzrə müttəfiqləri birlikdə strateji qərarlar ala bilmirlər. Bu anda təcrübə etdiyimiz şey NATO-nun beyin ölümü keçirməsidir. Avropa oyanmalıdır. Özünü bir geopolitik ortaq kimi düşünmədiyi müddətcə silinməyə məhkumdur. Bölgəmiz “Brexit” planı ilə yetərincə zərər gördü. ABŞ Prezidenti Donald Tramp da Avropa Birliyi fikrini mənimsəyən biri deyil. ABŞ Avropaya arxasını çevirmiş durumdadır. Bir an öncə Avropa öz ordusunu qurmalıdır…”

Təbii ki, Makron sözü Türkiyəyə də gətirdi. Və “Digər NATO müttəfiqimiz Türkiyə marağımız olan bir bölgədə xəbər vermədən hərbi əməliyyatlar həyata keçirir” dedi.

Bundan öncə də Prezident Ərdoğan Macarıstana uçdu. Gedərkən söylədiyi fikirlər həddindən çox önəmli idi. Ərdoğan dedi: “Biz bütün bu terrorçuların çıxarılması ilə əlaqədar bir memorandum mətnini müzakirə etmiş və anlaşmışdıq. Təbii, bu an durum, təəssüf ki, belə deyil. Bu anda terrorçular hələ də Suriya Milli Ordusuna hücum edirlər…”

Həm Makronun, həm də Ərdoğanın sözlərini çox yaxşı oxumaq lazımdır.

Fransa Prezidenti Makron açıqca “Bizim YPG daxilində gücümüz var. Doğrusu, “La Farge” kimi şirkətlərimizlə oradayıq. YPG-nin yanındayıq. Ölkəmizdə də PKK-nın bütün fəaliyyətlərini idarə edirik. Çox sayda üst səviyyəli PKK-çıya pasport verdik. Türkiyə ilə qarşı-qarşıyayıq” deyə bilmədiyi üçün diplomatik ifadələrlə bunları söylədi.

Yaxşı, bəs Ərdoğanın sözləri nə anlama gəlirdi? Prezident Ərdoğan təxminən bunları söyləyirdi: “Həm ABŞ-la, həm də Rusiya ilə anlaşdıq, lakin sözlərini tutmadılar. Terrorun arxasındadırlar. Hücumlar davam edir. Cavab versək də, yenə gəlirlər…”

Uzağa çəkilib mənzərəyə baxaq. Avropa Birliyinin iki önəmli faktorundan biri olan Fransa ABŞ-a və onun idarə etdiyi NATO-ya qarşıdır. Eyni zamanda Türkiyəyə də qarşıdır. Türkiyə isə ABŞ-Rusiya ittifaqı ilə birlikdə Avropaya qarşıdır.

YPG-PKK da hər kəsin kölgəsinin olduğu bir sahədir. Bu səbəblə, Türkiyənin apardığı mübarizə çox yaxşı anlaşılmalıdır. Yeni güc balansı qurulanadək ağrı və sancı böyük olacaq.

Davam edək, Suriyadan Liviyaya keçək. İndi yeni dövrdə Aralıq dənizinin sahilindəki ən önəmli ölkələrdən biri olan Liviya çox ön planda olacaq. Liviyanı çox dəyərli hala gətirən yeraltı qaynaqları və Aralıq dənizinin sahilində olmasıdır.

“Ərəb baharı”nda Qəddafi Vaşinqtonun təklifini qəbul etsəydi, bu gün hələ də ölkəsini idarə edən və diktator olmayan bir lider olacaqdı. Qəbul etmədi və ABŞ xüsusi təyinatlıları tərəfindən ortadan qaldırıldı.

Liviyanın enerji zənginliyi nə səviyyədədir? Liviyanın 48 milyard barrel təsdiq olunmuş neft ehtiyatının olduğu məlumdur. Ancaq bunun daha çox olması haqqında hesabatların olması da məlumdur. Ayrıca, 59 trilyon m3 təsdiq olunmuş təbii qaz ehtiyatı da nəzərə alınarsa, Liviyanın əlindəki enerji qaynaqlarının dəyəri 8 trilyon dolları aşar. Bu da həm ABŞ-ın, həm də Rusiyanın iştahını qabardır.

Ancaq onlar Suriyadan sonra burada da gizli ortaqlıq qurdular. Liviyanın şərqindəki silahlı güclərin lideri olan Həftar, hərdənbir geri püskürdülsə də, paytaxt Trablusu ələ keçirmək üzrədir. Rusiya və ABŞ son texnologiyalı silahları Həftara çatdırdı. Rusiyanın xüsusi seçilmiş 200 snayperi də Həftara dəstək üçün ötən həftə Trablusa göndərildi. Sadəcə 4 gündə xüsusi hədəf olan 17 şəxs vuruldu. ABŞ-la Rusiya Trablusun 70 km uzaqlığında olan bir bölgədəki eyni qərargahdan istifadə etməyə başladı.

Bölgədə bunların qarşısnda olan isə yenə Türkiyədir.

Fransa da Liviyada eynilə təsirlidir. Fransa Liviyada İtaliya ilə gizli ortaqlıq qurdu. Ardınca Almaniya da bu ittifaqa qoşuldu. Yəni, Liviya nefti üçün müharibə başladı.

8 trilyon dollar üçün başlayan müharibə daha da şiddətlənəcək. Bu məsələyə sadəcə 8 trilyon dollar olaraq da baxmamaq lazımdır. Aralıq dənizində Liviyaya aid olan 20 min km2-lik sahə Rusiya və ABŞ arasında bölündü. Çox dəyərli olan bu sahədə Rusiya və ABŞ gəmiləri bayraq göstərirlər. Fransa və İtaliya gəmiləri isə bu sərhədləri keçə bilmirlər. Buralara girə bilmirlər.

Qəddafi dövründə Liviyada olan ən böyük güclər İtaliya və Fransa idi. İki ölkə də enerji ehtiyaclarının önəmli bölümünü Liviyadan təmin edirdi. İndi əllərindəki gücü ABŞ və Rusiyaya qapdırmanın sıxıntısını yaşayırlar.

Avropa ABŞ-Rusiya tandemi tərəfindən mühasirəyə alınmaqdadır. Ortada olan hər iki ittifaqla toqquşan isə Türkiyədir. Çünki hər iki ox da yuxusunda YPG-PKK və “müsəlman kartı” vasitəsilə bizi bölgədə neytrallaşdırmağı xəyal edir.

Əlbəttə, Türkiyə tərəflərdən birinin yanında olacaq. Nə zaman olacağı isə məlum deyil. Ancaq Türkiyənin ortada durduğu matç bitməz. Halbuki bitməsi istənilir. Hadisələrin inkişafına bundan sonra belə baxmaqda fayda vardır. Ankara masada güclü olsun deyə, addım atacaq, eyni anda hər tərəfdən təzyiq ediləcək. Bu, bilək güləşidir.

Yaxında tərəflər dəqiqləşəcək. Ancaq Türkiyə dövlətinin apardığı mübarizə yaxşı anlaşılmalıdır. Terror təşkilatları vasitəsilə yaradılan bu gərginlik çox davam etdirilə bilməz. Nə Suriyada, nə Liviyada, nə də Aralıq dənizində…

Bir yerdən qığılcım çıxacaqdır. Ya Avropa, ya da ABŞ-Rusiya ittifaqı gedən savaşı böyüdəcəkdir.

Tərcümə Strateq.az-ındır




Yuxarı Əvvələ Ana Səhifə