XƏBƏR LENTİ

16 Dekabr 2019
15 Dekabr 2019
14 Dekabr 2019

Digər Xəbərlər

14 Noyabr 2019 - 22:48

LUKAŞENKO UZUN FASİLƏDƏN SONRA AVROPA İTTİFAQINDA…- Belarus lideri onu "süngü" ilə qarşılayan Qərb jurnalistlərinə nə cavablar verdi?

Fərdi sanksiyaların ləğvindən sonra Belarus prezidenti Aleksandr Lukaşenkonun ilk səfəri Avstriyaya oldu. Bəzi ekspertlərin fikrincə, bu, tarixi səfərdir. Qərbdə “Avropanın son diktatoru” adlandırılan Lukaşenko Avstriyaya bu ölkənin prezidenti Aleksandr Van der Bellenin dəvəti ilə getdi. Bu, son 10 ildə Lukaşenkonun Avropa İttifaqına (Aİ) ikinci səfəri idi. Səfər Belarusla Rusiya arasında iqtisadi və siyasi inteqrasiyanın yubanmasına görə yaranmış gərginlik fonunda baş tutdu.

Noyabrın 11-də Vyanada olan Lukaşenko Avstriya prezidentilə, federal kansler Sebastyan Kurtsla və parlamentin sədri Volfqanq Sobotka ilə rəsmi görüşlər keçirdi.

Lukaşenko Qərbdə əvvəllər də olmuşdu. Konkret olaraq İtaliya və Vatikanda. Lakin bu, Aİ üzvlərinin ona və Belarus hökumətinin digər nümayəndələrinə qarşı fərdi sanksiyaları ləğv etməsindən sonra baş tutan ilk səfər idi.

Lukaşenkoya Fransa, Belçika, Polşa və Latviya da dəvət göndərmişdi. Lakin o, Avstriyanı seçdi. Yəqin ona görə ki, Avstriya Belarusa, Rusiyaya və avtoritarizmə meylli digər keçmiş sovet ölkələrinə ən loyal münasibətdə olan Aİ ölkəsidir. Həmçinin neytral mövqe tutaraq NATO-ya daxil olmayıb.

Bundan əlavə, iki ölkə arasında sıx iqtisadi və siyasi əməkdaşlıq mövcuddur. Məsələn, Kurts martın sonlarında Minskə gəlmişdi. Üstəlik Avstriya kanslerinin komandasından bir siyasətçi Belarusla Litva arasında nüvə stansiyasının inşasına dair yaranmış mübahisənin tənzimlənməsi ilə məşğul olur.

Bir çox analitiklər Lukashenkonun səfərini gələn il keçirilməsi nəzərdə tutulan prezident seçkiləri ilə əlaqələndirir. Yəni Belarus lideri göstərmək istəyir ki, köhnə Avropa onu ən yüksək səviyyədə qəbul edir.

Görüşdə ölkələr arasında münasibətlərin yaxınlaşması ilə bağlı məsələlər qaldırıldı. Lakin Belarus və Avstriya prezidentlərinin birgə mətbuat konfransı heç də rahat keçmədi.

Jurnalistlər Lukaşenkoya ölüm hökmü və insan haqları ilə bağlı suallar ünvanladılar. Bu mövzular da adətən Lukaşenkoda qıcıq yaradır.

“Belarusda insan haqları ilə bağlı nəyi bəyənmirsiz?”, – deyə Lukashenko narazı şəkildə soruşdu: “Yaşamaq hüququ, işləmək hüququ, vətəndə və ya xaricdə işləmək imkanı, üstəlik pulsuz təhsil və pulsuz səhiyyə. Mənə belə bir sosial təminata nail olan bir Avropa İttifaqı ölkəsi göstərin!”.

Ölüm hökmü ilə bağlı jurnalistin sualına cavabında Lukaşenko “bax, sizin demokratiyanızın mahiyyəti budur. Kimdənsə ölüm cəzasını ləğv etməsini tələb etməzdən əvvəl cəmiyyətin bu məsələ barədə nə düşündüyünü bilməlisiniz”.

Belarus prezidenti xatırlatdı ki, ölkəsində ölüm hökmü referendumla tətbiq edilib və yalnız referendumla ləğv oluna bilər. Həmçinin əlavə etdi ki, ABŞ-da və Çində ölüm hökmünün olması Avropa İttifaqının onlarla sıx əlaqələri davam etdirməsinə mane olmur: “Bu gün biz Şərqlə Qərb arasında sıxılırıq. Bu, bəzən bizim üçün çox çətin ola bilir. Lakin siz domokratlar zamanında Avropanı bizim üzümüzə qapatdınız və bu cür də həyatda qalmağımızı istədiniz. Biz də həyatda qalmaq üçün fərqli metodlardan istifadə etdik. Lakin onların demokratik olmadığını, xalqımızın zərərinə hərəkət etdiklərini heç kim demədi”.

Lukaşenko Belarusun avtoritar olduğunu iddia edən jurnalistə ölkəni ziyarət etməyi tövsiyə etdi: “Belarusa 90-dan çox ölkənin vətəndaşları vizasız gələ bilir”.

Səfər zamanı Lukaşenko həmçinin Avstriya-Belarus İqtisadi Forumuna da qatıldı. Tədbirdəki çıxışçılar Belarusu “Şərqi Avropanın Silikon Vadisi”, Minski isə “proqramçılar üçün cənnət” adlandırdılar.

“Çox adam mənə irad bildirir ki, sizdə avtoritarizm və diktatura var. Mən də cavab verirəm ki, iş adamlarından soruşun. Bu diktaturadan məmnundularmı?”, – deyən Lukaşenko əlavə etdi ki, investorlar ona siyasi sistemdən heç vaxt şikayət etməyiblər.

Miqrasiya böhranından danışan Belarus lideri demokratiyanın Avropanı “dəfn edə biləcəyi” barədə xəbərdarlıq etdi.

Bu arada, Lukaşenko bu səfəriylə Rusiyanı qıcıqlandırmamağa da çalışdı. Noyabrın 19-da Moskvada baş nazirlər Dmitri Medvedev və Sergey Rumasın iştirakı ilə Rusiya və Belarus İttifaq Dövləti Nazirlər Şurasının iclası planlaşdırılır. Həmin vaxta qədər tərəflər arasında 31 inteqrasiya proqramı çərçivəsində danışıqlar başa çatacaq.

Bu proqramların yarısı tam razılaşdırılıb, qalanları ilə bağlı mübahisəli məqamlar var. Prinsipial məqamlar olduğundan çox güman ki, iclasa qədər fikir ayrılıqlarını aradan qaldırmaq mümkün olmayacaq.

Mübahisə kənd təsərrüfatı, enerji, nüvə, qaz, neft bazarları və s. sahələrlə bağlıdır. Prezidentlər Vladimir Putin və Aleksandr Lukaşenko dekabrın 8-də keçiriləcək görüşdə bu məsələlərə toxunacaqlar.

Ötən həftə Belarus parlamenti büdcə layihəsini müzakirə edərkən məlum oldu ki, Rusiya neftinin gömrük rəsmiləşdirilməsi haqqında sazişin yenilənməməsi səbəbindən gələn il Minsk 423 milyon dollardan çox vəsaiti ala bilməyəcək. Bu saziş 2017-ci ildən bəri qüvvədə olub. Bununla əlaqədar Moskva Belarus üçün yüksək olan qaz qiymətini kompensasiya (6 milyon ton Rusiya neftinə gömrük rüsumu əlavə etmək imkanı verdi) etdi.

Minsk Rusiyanın neft sektorundakı vergi manevrinə görə 2020-ci ildə daha 240 milyon dollar itirəcək və bu itkilər büdcə layihəsində də qeyd olunub.

Qaz qiymətləri ilə bağlı hələlik razılığa gəlinməyib. Lakin Minskdəki mütəxəssislər qeyd edirlər ki, belaruslar daha dərin inteqrasiya tələb edən Moskvaya ümid etməməlidirlər.

“Belarus rəhbərliyi Krım ssenarisini üzərində sınadı. Buna görə də Avropa və Qərblə münasibətlərin normallaşdırılması üçün son vaxtlar Belarus diplomatiyası tərəfindən çox fəal və ardıcıl işlər görülür”, – Belarusdan olan təhlilçi Aleksandr Klaskovski deyir.

Bu arada, Kreml Belarus liderinin Qərbə səfərlərinin əleyhinə olmadığını bəyan edib. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, hətta ittifaq dövləti çərçivəsində də Rusiya və Belarus öz şəxsi əlaqələrini qura bilər. Və bu, tamamilə normal bir təcrübədir.

Tərcümə Strateq.az-ındır




Yuxarı Əvvələ Ana Səhifə