XƏBƏR LENTİ

13 Dekabr 2019
12 Dekabr 2019

Digər Xəbərlər

22 Noyabr 2019 - 11:45

AMERİKALILARIN ÇƏKİLDİYİ HƏRBİ BAZADA RUSLAR MÖHKƏMLƏNİR –Rusiya, ABŞ və Türkiyənin yeni platformada müzakirəsinə ehtiyac yaranıb - TƏHLİL

Kirill Semyonov

“Əl-Monitor”, 21.11.2019

 

Noyabrın 15-də Rusiya hərbi polisinin rəsmi olaraq Ayn əl-Ərəb kimi tanınan Kobanidən 30 kilometr cənubda, Sarrin yaxınlığındakı Metras hərbi aerodromunu nəzarətə götürdüyü bildirilib. Hava bazası ABŞ-ın İŞİD, Rusiya və Əsəd qüvvələrindən müdafiə edəcəyini vəd etdiyi neft yataqlarının qərbində yerləşir. Bu yaxınlaradək aerodrom, Əyn əl-Ərəb və Tell Abyad arasında yerləşdirilən Əsəd tərəfdarları və rus qüvvələrinin Suriya-Türkiyə sərhəddinə qədər uzanan yerüstü rabitə xətlərini izləyə bilən Amerika qoşunları tərəfindən istifadə olunub.

Beləliklə, ABŞ tərəfindən boşaldılmış bazanın ələ keçirilməsi Rusiyanın kütləvi informasiya vasitələri tərəfindən uğur kimi qeyd olunub. Daha kritik qiymətləndirmə isə Rusiya əməliyyatının hələ də bir çox yeni risklərlə üzləşdiyini göstərir.

Rusiya, eyni zamanda, ABŞ-ın Mənbic və Tabqadakı 2 keçmiş bazasından istifadə etməkdən də zövq alır, Rusiya hərbi polisinin Sarrin bazasını ələ keçirməsi isə strateji M4 magistralına nəzarət imkanı verir. Buna görə də, baş verənlərin sövdələşmə məhsulu, bir növ, ABŞ-Rusiya razılaşması olub-olmadığı barədə fərziyyələr doğur.

Birləşmiş Ştatların qüvvələri oktyabrın sonlarında Sarrin bazasını tərk etdikdən sonra o, bir müddət boş qalıb. Noyabrın 1-də Suriyanın şərqində yeni hərbi dayaq nöqtələrinin yaradılması, lazımi təchizatı çatdırmaq üçün hava limanından istifadə etmək məqsədi ilə, ABŞ qoşunlarının bazaya geri qayıtdığı görünüb. Daha sonra Rusiya hərbi polisi əraziyə gəlməsindən əvvəl ABŞ hərbi qüvvələri yenidən obyekti tərk ediblər.

ABŞ Suriyanın şimal-şərqindəki vəziyyəti izləməkdə davam edir, başqa obyekt və əraziləri Rusiya və Türkiyə də daxil olmaqla, digər aktyorlara təhvil verə biləcəyini düşünür. Lakin tələb olunursa, amerikalılar bəzi bazaları yenidən ələ keçirir və bununla da yerlərdə varlıqlarını bərpa edirlər. Regional səviyyədə bu, rus qoşunlarını və suriyalı müttəfiqlərini həssas və müəyyən dərəcədə ABŞ-dan asılı vəziyyətə gətirir.

Rusiyanın 3 hərbi polis bölməsinə – Türkiyə qüvvələri ilə birlikdə – bütün sərhəd bölgəsini Türkiyənin təhlükəsiz zonasından 10 kilometr (6 mil) şərqdə və qərbdə patrul etmək tapşırılıb. Buna baxmayaraq, lazımi hava örtüyü yoxdur, bu, yerlərdə Rusiya və Suriya qüvvələrini müxtəlif təxribatlara və yerli qruplarla qarşıdurmalara qarşı həssas vəziyyətə gətirir.

Hücum helikopterləri Qamışlıya enərkən, əməliyyat bölgəsi Rusiya və Türkiyənin birgə nəzarət etdiyi sərhəd boyu zolaqla məhdudlaşır. Eyni zamanda, amerikalılar ölkənin şimal-şərqinə hava məkanını kimin üçün açması barədə qərar verməyiblər.

Suriyanın şimal-şərqində Rusiya yalnız Qamışlıdakı hərbi bazaya etibar edə bilər. Bu, şəhərin xüsusi statusu sayəsində mümkündür, çünki Qamışlı və hava limanı vətəndaş müharibəsi boyu rejim qüvvələrinin fasiləsiz nəzarətində olub. Buna görə də, Qamışlı ya ABŞ-Türkiyə, ya da Rusiya-Türkiyə razılaşmaları ilə əhatə olunmur və ortaq Rusiya-Türkiyə patrul xidmətini görməyəcək. Rus hücum helikopterlərinə gəlincə, onların yerləşdirilməsi digər maraqlı tərəflərlərdən təsdiq tələb etməyib.

Bununla yanaşı, Qamışlının tamhüquqlu, uzunmüddətli hava bazası olması barədə şayiələr əsassızdır. Rusiya hava qüvvələrinin hərəkət sərbəstliyi yoxdur. Hazırda şəhərdə Rusiya hərbi infrastrukturunun yerləşdirilməsi Türkiyə ilə sərhəd zolağında patrul məqsədi ilə birgə əməliyyatlar aparmaq üçün vacibdir. Sərhəd boyu digər qurğular, o cümlədən rejim tərəfindən qurulmuş yol blokları müvəqqətidir və Rusiya hərbi polisinə sərhəd ərazilərinə nəzarət etmək üçün kömək edə bilməz.

Rus patrullarını təmin etmək üçün magistral yolların istifadəsində bəzi çətinliklər var. Xüsusilə, sərhəd bölgəsində, məsələn, Suriya sərhədçilərinin yerləşəcəyi Əl-Malikiyə ətrafında ABŞ hərbi karvanları tez-tez görünür. ABŞ konvoylarının şütüdüyü M4 şossesi rejim qüvvələri üçün əsas arteriyadır. Amma razılığa gəlinməyincə, ABŞ qüvvələri hökumət qüvvələrinin hərəkətlərini və nəqliyyat axınlarını izləməkdə davam edəcək.

Üstəlik, Tell Tamrın ətrafında olduğu kimi, Türkiyənin dəstəklədiyi “Suriya Azadlıq Ordusu” ilə Əsəd ordusu arasında da yeni qaynar nöqtələrn və birbaşa qarşıdurmalar təhlükəsi qalmaqdadır. Şəhərin şimalındakı bəzi mübahisəli ərazilər uğrunda şiddətli döyüşlər gedib. Lakin Türkiyə qoşunları və “Suriya Azadlıq Ordusu”nun mövqeləri Türkiyəyə yaxınlığa görə nisbətən sabit görünür.

Noyabrın 20-də Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun açıqlamasına baxmayaraq, Ankara Suriyada yeni hərbi əməliyyat istəmir, bununla bağlı Moskvanı əmin edib. Xatırladaq ki, noyabrın 18-də Çavuşoğlu, Ankaranın terror qruplaşması hesab etdiyi SDF-in təmizlənməyəcəyi təqdirdə, Türkiyənin Suriyanın şimal-şərqində yeni bir hərbi hücum başlaya biləcəyini söyləyib.

Mövcud çətinliklər tam şəkildə həll edilə bilər. Rusiya ordusu Suriyada işləmək üçün kifayət qədər təcrübə qazanıb. Məsələn, kürd gənclərindən ibarət qruplar patrullara daş atıb və s. Rusiya qoşunları mümkün hadisələrin qarşısını almaq üçün türk və amerikalı həmkarları ilə əlaqə saxlayır.

Dəməşq bölgə ilə əlaqəli əksər problemlərin həll edilməsindən kənarda qalmaqdan narazıdır. Əsəd ordusunun iştirak etdiyi Tell Tamr yaxınlığında gedən döyüşləri Rusiyanın deyil, rejimin təşəbbüsü kimi görmək olar. Həqiqətən, rejimin Rusiyanın bölgədəki ümumi planlarına xələl gətirə biləcək daha çox addım atacağını gözləmək olar.

Üstəlik, Trampın geri çəkilmə ilə bağlı əvvəllər verdiyi açıqlamalara zidd olaraq, ABŞ hərbi mövcudluğunu yerlərdə saxlayır. Odur ki, Əsədin şərqdə müvəffəqiyyəti gözləniləndən daha təvazökar olacaq. Həm də Moskva Dəməşq-SDF dialoqu tərəfdarı olacaq.

Bütövlükdə, mənzərə şərqdə dəyişir və bu, Suriya münaqişəsinə təsir edəcək. Hər qərar üç tərəf – Rusiya, ABŞ və Türkiyə tərəfindən razılaşdırılmalıdır. Suriyanın şimal-şərqində üçlüyün olması tərəflərə bu bölgədə yarana biləcək problemləri üçtərəfli müzakirə etmək üçün platformanın olmaması halında əlavə risklərlə müşayiət olunur. Belə bir platformaya çoxdan ehtiyac yaranıb.

Tərcümə: Strateq.az




Yuxarı Əvvələ Ana Səhifə