XƏBƏR LENTİ

13 Dekabr 2019
12 Dekabr 2019

Digər Xəbərlər

26 Noyabr 2019 - 17:03

QƏRB MEDİASI YENƏ PUTİNİN QIZINDAN YAZDI…-Təhlükəsizlik qüvvələri Fizika İnstitutuna niyə basqın edib? - TƏHLİL

Nina Xruşşova

“Project Syndicate”, 22.11.2019

 

2014-cü ildə nəşr olunmuş “Putinin kleptokratiyası” kitabında mərhum Karen Davişa iddia edirdi ki, Vladimir Putin Rusiyasını anlamağın açarı – puldur. Davişa qeyd edirdi ki, Rusiyanın qlobal nüfuzunun bərpası ilə xalqın başına corab hörərkən, Putin və yaxın dostları böyük sərvət toplayıblar. Avtoritar, millətçi və ya revanşistdən daha çox Putin, onun fikrincə, dələduz kimi tanıdılmalıdır.

O zamanlar mən bu rəylə razılaşmadım: pul, şübhəsiz ki, Putin rejimini başa düşmək üçün vacib olsa da, qlobal nüfuz məsələsi kənara atılmamalı idi. Amma təhlükəsizlik qüvvələrinin keçən ay Moskvada Lebedev adına Fizika İnstitutuna (FİAN) basqınının ardınca fikrimi dəyişdim.

On illərdir ki, FİAN Rusiya elmi-texnoloji tərəqqisinin cəbhəsindədir. Beləliklə, zahirən institutun Putinin 2018-ci ilin mayında təyin etdiyi strateji prioritetlərin inkişafında mərkəzi rol oynamağa ideal şəkildə uyğun olduğu görünür: elm, texnoloji yenilik və ixrac yönümlü istehsal.

Lakin keçən ay Rusiya təhlükəsizlik qüvvələri FİAN-ın binalarında ofis icarəyə götürən və Almaniyaya optik pəncərə növü ixrac edən “Trioptics” şirkətinin direktoru Nikolay Kolaçevskinin tapılması, tutulması və sorğulanması üçün instituta soxulub. Pəncərənin kosmosda və ya hərbi fəaliyyətlərdə tətbiq oluna biləcəyinə istinad edən səlahiyyətlilər onun ixracının milli təhlükəsizliyə xələl gətirə biləcəyini iddia edirlər.

Niyə Rusiyanın təhlükəsizlik aparatçıları Kremlin bəyan etdiyi siyasi məqsədlərə zidd hərəkətlər edirlər? Bəziləri iddia edirlər ki, onlar sadəcə Putinin nəzarətindən çıxıb. 20 ildir Putin keçmiş KQB həmkarlarını və dostlarını Rusiyanın təhlükəsizlik və hərbi aparatında güclü mövqelərə yerləşdirir. Bu “silovik”lər və ya “güclü adamlar” o qədər qudurublar ki, kefləri istədiklərini edirlər? Hətta Putin Rusiyasını tərəqqi yoluna qoymaq cəhdlərini ləkələmək üçün…

Bu mümkündür, amma ehtimal olunmur. Həqiqətə daha yaxın izah Putinin özü ilə ziddiyyət təşkil etməsidir. Rusiyanın elm və innovasiya sahəsində qazandığı uğurları diqqətə çatdırmaq istəsə də, özünü mümkün qədər zənginləşdirmək istəyir. Davişanın müşahidə etdiyi kimi, seçim olduqda, o, pula üstünlük verəcək.

FİAN-a gəldikdə, deyəsən, Putinin maddi marağı dövlət hesabına maliyyələşən bir institut – qızı Katerina Tixonovanın rəhbərlik etdiyi “İnnopraktika” ilə bağlıdır. “İnnopraktika” Moskva Dövlət Universitetinin tərkibindədir, onun rektoru Viktor Sadovniçi çoxdan bəri hakimiyyətin xidmətindədir.

İnstitutun işi beyin fəaliyyətini oxuyan cihazlarla əlaqəlidir. Ancaq eyni zamanda, Federal Təhlükəsizlik Xidmətinin (FSB) – KQB-nin varisi olan təşkilatın qərargahına və Federal Mühafizə Xidmətinə yaxın olan geniş torpaq sahəsindəki hər növ tikinti layihələrinə nəzarət edir.

Elm-pul əlaqəsini davam etdirsək, izlər ötən həftə seçki keçirən nüfuzlu Rusiya Elmlər Akademiyasına (RAN) gəlib çıxır. Təşkilatın 2013-cü il seçkilərindən sonra Kremlin dəstəklədiyi bəzi üzvlüyə namizədlər özünü yaxşı cəhətdən sərgiləməyib, odur ki, hökumət böyük islahatlar, o cümlədən RAN seçkilərinə üç illik moratorium elan edib.

Bundan sonra “ədaləti” təmin etmək üçün hökumət, akademik olmasına baxmayaraq, bütün namizədləri təsdiqləməyi qərara alıb. Bundan sonra hökumət fizik Mixail Kovalçuku – Putinin milyarderi Yuri Kovalçukun qardaşını 2017-ci ildə RAN-a prezident seçdirməyə çalışıb.

Ancaq bütün hiylələrə baxmayaraq, seçkidə fizik Aleksandr Sergeyev qalib gəlib. Sergeyev hökumətin RAN-da “islahat səyləri”ni, elmi tədqiqatlara geniş nəzarəti – gənc istedadların Rusiyadan qaçmasının səbəbini tənqid etsə də, onun beynəlxalq nüfuzu o qədər böyükdür ki, Putin qərarı təsdiqləməkdən başqa çarə tapmayıb.

Kreml Sergeyevin həmkarı Aleksey Xoxlov üçün də oxşar səy göstərməyib. Xoxlov daha sonra RAN-ın vitse-prezidenti olub.

Bu il RAN üzvləri Kremlin gündəliyinə qarşı həmləni davam etdiriblər. Seçkidən 2 ay əvvəl RAN-ın saxtakarlıq əleyhinə komissiyası 56 üzvlüyə namizədi plagiatçı və ya yalançı alim adlandırıb. Hökumət bunun qarşısını almaq istəyib (Bu mövqe heç də təəccüblü deyil: Putinin öz doktorluq dissertasiyasını 1978-ci ildə bir dərslikdən köçürdüyü iddia edilir.) Nəticədə cəmi 6 nəfər kənarlaşdırılıb.

RAN-ın müqaviməti Kremldə qəbuledilməzdir, keçən ilədək Moskva Dövlət Universitetinin prorektoru vəzifəsində çalışmış Xoxlov Sadovniçinin varisi ola bilər. Xoxlov bu mövqeyi təmin edərsə, universitet FSB ilə əlaqəli tikinti layihələrinə qapana bilər, Birinci Qızın institutu da az dəstəklənər və Kremlə yaxın adamlara saxta elmi dərəcələr vermək istəyinə maneə yaranar. FİAN-a basqın, Sergeyevin fikrincə, rus alimlərinin nüfuzunu daha da azaldıb; bu əməliyyat ümumiyyətlə, institutu məhv etmək üçün təşkil edilib.

Basqını müzakirə edərkən, Moskvadakı bir jurnalist dostum dedi: “Putin Rusiyasında fizika casusların məşğul olduğu sahədir, tarix çekistlər tərəfindən yazılıb, coğrafiyanın banisi isə əsgərlərdir”. Həqiqətən də, Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin – Rusiya Tarix Cəmiyyəti və müdafiə naziri Sergey Şoyqu – Rusiya Coğrafiya Cəmiyyətinə rəhbərlik edir.

Elm hələ də mübarizə aparır. Lakin Putin və onun ətrafının doymaz maliyyə iştahasını nəzərə alsaq, Rusiyanın vicdanlı alimlərinin edə biləcəyi çox şey var – FİAN-a basqının yüksək səslə və aydın şəkildə çatdırdığı mesaj. Təqaüdçü bir akademikin dediyi kimi, “Sovet İttifaqı haqqında nə söyləsəniz-söyləyin, amma bilik vacib idi. “Qüdrətli ölkə” olmaq iddialarına baxmayaraq, bugünkü Rusiya isə hakimiyyətdəki hər bir generalın qazancını artırmaq üçün özünü fəlsəfə doktoru adlandırmaq istədiyi kiçik koloniyaya bənzəyir”.

Tərcümə: Strateq.az




Yuxarı Əvvələ Ana Səhifə