XƏBƏR LENTİ

15 Dekabr 2019
14 Dekabr 2019

Digər Xəbərlər

28 Noyabr 2019 - 15:20

İQTİDAR ERKƏN SEÇKİ QƏRARI VERDİ –Azərbaycanda parlament vaxtından əvvəl buraxılır - İLK RƏSMİ AÇIQLAMA

YAP qərara gəldi ki, qanunverici orqan Prezidentin həyata keçirdiyi islahatlardan kənarda qalmasın”.

Bunu partiyanın sədr müavini – icra katibi Əli Əhmədov mətbuat konfransında deyib.

“Siyasi Şuranın bütün üzvləri bu məsələdə yekdillik nümayiş etdirdilər. Beləliklə, parlamentin buraxılması üçün Prezidentə müraciət olunması ilə bağlı deputatlara tövsiyə verdik”, – Ə.Əhmədov əlavə edib.

Əli Əhmədov bildirib ki, bu gün Yeni Azərbaycan Partiyası vətəndaş maraqlarını bütün maraqlardan üstün tutaraq qanunverici orqanın yenilməsini zəruri hesab edir: “Bunun üçün Prezident İlham Əliyevə parlamentin buraxılmasını xahiş edib. Parlamentin buraxılması islahatların bu sahəyə də şamil edilməsini təmin edəcək”.

Onun sözlərinə görə, parlamentə məktub ünvanlanacaq.

Ə.Əhmədov qeyd edib ki, müraciət imzalanıb və yaxın zamanlarda parlamentə daxil olacaq: “Yaxın zamanlarda plenar iclasın gündəliyinə salınacağına inanıram. Qəbul edilən qərara qeyri-adi qiymət verməyə ehtiyac yoxdur. Bu, islahatların genişlənməsinin bir növüdür. İnanıram ki, qərar parlamentdə yeni ənənənin formalaşmasına öz töhfəsini verəcək”/Report.

***

Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurası bu gün keçirilən iclasında parlamentdə təmsil olunan üzvlərinə parlamentin buraxılması ilə bağlı təşəbbüslə çıxış etməyi tövsiyə edib.

Strateq.az xəbər verir ki, Siyasi Şura bu qərarını Prezident İlham Əliyevin islahatlar kursuna və kadr islahatlarına dəstək məqsədi ilə verildiyini açıqlayıb.

Məlumata görə, partiya sabah bununla bağlı Milli Məclisdə məsələ qaldıracaq və gözlənilir ki, çoxluq parlamentin buraxılmasına səs verəcək.

Xatırladaq ki, bu gün saat 14.00-da hakim partiyanın üzvləri olan deputatlarla da toplantı keçiriləcək.

Yeri gəlmişkən, Milli Məclisin Daxili Nizamnaməsinin “Milli Məclisin buraxılması” adlı 23-2-ci maddəsində deyilir:

“Azərbaycan Respublikası Konstitusiyasının 981-ci maddəsinin I hissəsinə əsasən, Milli Məclisin eyni çağırışı 1 il ərzində iki dəfə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə etimadsızlıq göstərdikdə və ya Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin və Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin kollegial fəaliyyəti üçün zəruri olan sayda üzvlüyə namizədləri Azərbaycan Respublikasının Prezidenti tərəfindən iki dəfə təqdim edildikdən sonra, bu Daxili Nizamnamənin 20-ci maddəsinin birinci hissəsində müəyyən edilmiş müddətdə təyin etmədikdə, habelə Azərbaycan Respublikası Konstitusiyasının 94-cü və 95-ci maddələrində, 96-cı maddəsinin II, III, IV və V hissələrində, 97-ci maddəsində göstərilən vəzifələrini aradan qaldırıla bilməyən səbəblər üzündən icra etmədikdə, Azərbaycan Respublikasının Prezidenti Milli Məclisi buraxır”.




Yuxarı Əvvələ Ana Səhifə