Sarqis Artsruni
“1in.am”, Ermənistan, 05 dekabr 2019-cu il
Nəhayət, Serj Sarkisyana qarşı ittiham irəli sürüldü.
Xüsusi İstintaq Xidmətinin (XİX) məlumatında deyilir: “Ermənistan Xüsusi İstintaq Xidməti tərəfindən təhqiqatı aparılan cinayət işinin ilkin istintaqı gedişində əldə olunmuş yetərli dəlillərin məcmusu əsasında Ermənistanın sabiq prezidenti Serj Sarkisyana qarşı ER Cinayət Məcəlləsinin 38-179 maddəsinin 3-cü hissəsinin 1-ci bəndi üzrə ittiham irəli sürülüb. O, 09 aprel 2008-ci ildən 09 aprel 2018-ci ilədək ER prezidenti postunu tutaraq, rəsmi vəzifə mövqeyindən istifadə edərək, 25 yanvar 2013-cü ildən həmin ilin 07 fevral tarixinədək olan dövrdə ER-in xüsusilə böyük miqdarda – 489 160 310 dram məbləğində vəsaitinin vəzifəli şəxslər tərəfindən israfçılıq yolu ilə oğurluğunu təşkil etmişdir”.
Serj Sarkisyan hakimiyyətinin oğru, korrupsioner xarakterli olması aşkardır və aydındır ki, kriminal oliqarxiyanın 20 illik hakimiyyəti konkret adamların, respublikanın ikinci və üçüncü prezidentlərinin və onların ətrafının acgözcəsinə varlanmasına xidmət edib. Bu mənada, Serj Sarkisyana qarşı irəli sürülmüş ittiham nəinki obyektivdir, eyni zamanda gözlənilən və öncədən görüləndir.
Lakin bütün problem ondadır ki, cəmiyyət Serj Sarkisyana qarşı daha ciddi ittiham gözləyirdi. Ələlxüsus ona görə ki, hamıya aydın olduğu kimi, üçüncü prezident “1Mart”ın (01 mart 2008-ci ildə ER-də prezident seçkilərindən sonra baş vermiş qanlı hadisə – tərc.) əsas qazanclı çıxanlarından biridir və “1Mart işi”nə görə Sarkisyana qarşı ittiham irəli sürülmədən, bundan on il əvvəl baş vermiş həmin cinayətin üstünün tamamilə açılması mümkün deyildir.
Heç bir halda, Sarkisyana qarşı irəli sürülmüş ittihamın obyektivliyini, qanunauyğunluğunu şübhə altına almaq istəmirəm, lakin o, zəifdir və belə təəssürat yaranır ki, cəmiyyətdə inqilab komandası və onun, guya, gizli danışıqlarının olması haqqında gedən söz-söhbət kəsilsin deyə, üçüncü prezident müttəhim statusu alıb.
Təsadüfi deyil ki, öncəki hakimiyyətə yaxın olan KİV-lər artıq Sarkisyana qarşı ittihamın, guya, yalnız bir adamın – sabiq Kənd təsərrüfatı naziri Serqo Karapetyanın ifadəsi əsasında irəli sürülməsilə bağlı səs-küy qaldırıb. Əgər bu hətta belədirsə, həmin fakt Serj Sarkisyanın cinayətkarlıq səviyyəsini heç də endirmir, sonda problem bu və ya başqa şəxsin ifadəsində deyil, onun mahiyyətindədir.
Digər tərəfdən, Serj Sarkisyan həbs olunmayıb. Bu da təlqin edir ki, mövcud hakimiyyət Ermənistan Respublikaçılar Partiyasına və onun liderinə manevr etmək və siyasi möhtəkirliklə məşğul olmaq imkanı yaradaraq, ona qarşı “məxməri” münasibət göstərməyə davam edir. Sarkisyana qarşı irəli sürülən ittiham tamdəyərli deyil, yarımçıqdır. Bu da onun Zaqrebdəki çıxışının və ya son dövrlərdəki aktivliyinin hakimiyyətdə “narahatlıq” yaratması haqqında illüziya yaradaraq, siyasi manipulyasiyalar, möhtəkirliklər üçün pəncərə açır.
Serj Sarkisyan əvvəlki sistemin cinayət simvollarından biridir və 1 Mart hadisələrinə görə Robert Koçaryanla birlikdə eyni dərəcədə məsuliyyət daşıyır. Hakimiyyət Sarkisyanı manevr etmək imkanlarından, təqib olunan siyasi xadim obrazı əldə etməkdən məhrum etmək üçün onun cinayətkar obrazını tamamlamağa məcburdur.
Tərcümə Strateq.az-ındır